Qarabağ Azərbaycandır!
28 Sentyabr 2020 23:34 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənabları istər beynəlxalq tribunalarda, istərsə də digər önəmli iclaslardakı çıxışlarında dəfələrlə “Qarabağ Azərbaycandır! ” şüarı altında nitq söyləmişdir. Bu iddia heç də əsassız bir iddia deyil. Çünki Qarabağ Azərbaycanın tarixi bölgəsi olmaqla yanaşı ayrılmaz tərkib hissəsidir və bütün dünya tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanınmışdır. Lakin mənfur qonşularımız heç də öz təcavüzkar siyasətindən əl çəkmək niyyətində deyil. Ermənilər müntəzəm olaraq Azərbaycanın dövlət sərhəddində yerləşən ərazilərinə və mülki əhaliyə qarşı cinayətlər törətməkdə davam edirlər. Məlum olduğu kimi, 2020-ci il sentyabrın 27-si saat 06:00 da erməni silahlı qüvvələri tərəfindən atəşkəs pozularaq mövqelərimiz hücuma məruz qalmışdır. Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Ordumuzun şəxsi heyəti və tank bölmələri tərəfindən raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edilir və onların hərəkət trayektoriyasına nəzarət aparılır.
27 sentyabr tarixində cəbhə boyunca baş verən hadisələrə görə bilavasitə Ermənistan hökuməti məsuliyyət daşıyır. Düşmənin mülki əhalini hədəfə almasına baxmayaraq milli ordumuz dinc sakinləri atəşə tutmur.
Ermənistanın əsas məqsədi ilk növbədə Azərbaycan torpaqlarının işğalıdır və onlar bunu gizlətmirlər. Erməni hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə, yeni ərazilər uğrunda yeni işğal siyasəti həyata keçirməyə çalışırlar. 27 sentyabr hadisələri Ermənistanın bu siyasətinin təzahürüdür. Ermənistan hökumətinin bu addımı danışıqlar prosesinin pozulması, status-kvonun təsdiqi, yeni təxribatların yaradılması və Ermənistanda yaradılmış sosial fəlakətin gizlədilməsinə xidmət edir.
Ermənistanın bizə qarşı təxribatlarından biri də bu yaxınlarda Azərbaycanın qədim şəhəri olan Şuşada qondarma kriminal xunta rejiminin başçısının “andiçmə” mərasimi keçirilməsi olmuşdur. Bu, Azərbaycana qarşı açıq-aşkar təxribat və təhqirdir.
Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır və Cenevrə Konvensiyasına zidd addım ataraq bu yaxınlarda Livan ermənilərindən ibarət bir neçə ailəni Dağlıq Qarabağa, o cümlədən Azərbaycanın qədim şəhəri olan Şuşaya yerləşdirilmişlər.
Erməni hökuməti bizə qarşı törətdikləri bütün təxribatların layiqli cavabını alacaq və Azərbaycan öz əzəli torpağı olan Qarabağı işğaldan azad edəcək!
Fehruzzadə Xatirə Qurban qızı
Nəsimi rayon təhsil işçisi