“Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatının əsas məqsədləri qoşunların təmas xəttində yaşayan vətəndaşlarının təhlükəsizliyini təmin etmək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək və Ermənistan silahlı qüvvələrini işğal olunmuş ərazilərdən çıxarmaqdır”.
Mövqe.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin “i24NEWS” telekanalına müsahibəsində deyib.
Aparıcının sualını cavablandıran H.Hacıyev Türkiyənin üçüncü tərəf kimi münaqişəyə cəlb olunmadığını bildirib: “Münaqişəyə heç bir üçüncü tərəf qatılmayıb. Bu cür məlumatlar sadəcə erməni tərəfinin təbliğatının nəticəsidir. Artıq Ermənistan HHQ-yə məxsus “Su-25”in guya “F-16” qırıcısı tərəfindən vurulmasına dair növbəti erməni dezinformasiyasının şahidi olduq. Biz bütün radar sistemlərimizi yoxladıq, Ermənistan ərazisindən “Su-25”in bircə dəfə də olsun, havayı qalxması qeydə alınmayıb. Bəs ölən pilot hanı? Bu, sadəcə Ermənistanın rəsmi şəxsləri tərəfindən başladılan gülünc dezinformasiya kampaniyasıdır. Onlar vəziyyəti şişirtmək üçün belə şeylərdən istifadə edirlər. Müharibə iki tərəf – Ermənistan və Azərbaycan arasında gedir. Ermənistanı işğalçı qüvvədir, Azərbaycan isə özünümüdafiə hüququndan istifadə edir. Azərbaycan Silahlı Qüvvələri Azərbaycanın suveren ərazilərində döyüşür. Türkiyə ilə Azərbaycan arasında yaxşı strateji əlaqələr və yaxın qardaşlıq əlaqələri var. Azərbaycan Türkiyə ilə həmçinin dərin hərbi-texniki əməkdaşlığa malikdir və qoşunlarımız mütəmadi olaraq ortaq təlimlər keçirir”.
O həmçinin vurğulayıb ki, Ermənistan bu cür dezinformasiyalar yaymaq əvəzinə, qoşunlarını Azərbaycan ərazilərindən çıxarsın.
Prezidentin köməkçisi Bakı ilə Təl-Əviv arasındakı hərbi-texniki əməkdaşlıq amilini də şərh edib: “Azərbaycanın İsrail ilə dərin hərbi-texniki əməkdaşlığı var. Azərbaycan-İsrail əməkdaşlığı strateji tərəfdaşlıq xarakteri daşıyır. İsrail ilə hərbi-texniki əməkdaşlığımız silahlarımızın keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyır. Çünki biz işğaldan əziyyət çəkən ölkəyik. Buna görə də yaxşı olardı ki Ermənistan torpaqlarımızın işğalına son qoysun”.