Vətəni öz anası bilən hərbçilərimiz

1 Oktyabr 2020 19:22 (UTC+04:00)
Bizə əzəldən məlumdur ki, ölkə başçısı cənab İlham Əliyev Azərbaycan xalqına, ələlxüsus şəhid ailələrinə, qazilərə, milli orduda xidmət göstərən  şəxslərə xüsusi diqqət ayırır. Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər. Görüşdə Cənab Prezident çıxış edərək söyləmişdir: “Bildiyimiz kimi şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. Təkcə onu demək kifayətdir ki, 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir.  Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və edilməkdədir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir. Həmçinin ordumuza  diqqət və qayğı hər zaman göz önündədir. Azərbaycan Ordusu düşmənin mövqelərini, canlı qüvvəsini, texnikasını məhv etməsi xalqımızda böyük ruh yüksəkliyi yaratmışdır”. Azərbaycan vətəndaşları bu qələbəni alqışlamaq üçün öz maddi-mənəvi köməyini əsirgəmir. İlham Əliyev cənabları Azərbaycanın müstəqilliyi, azadlığı, insanlarının rifahı və ölkəmizin güclənməsinin daim diqqət mərkəzində olacağını ictimaiyyət qarşısında növbəti dəfə bəyan etdi. 
        Prezidentimizin qeyd etdiyi kimi: “bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bizə təklif edilən münaqişənin yarımçıq həlli bizə lazım deyil. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır.  Qaçqın və köçkünlərimiz öz doğma yurdlarına hökmən qayıdacaqlar”. Və yaralı hərbiçilərimizin  tək arzusu  var tez bir vaxtda sağalıb Azərbaycan uğrunda, Qarabağımız uğrunda savaşmaqdır!  Bu gün bütün Azərbaycan xalqının ürəyi  Qarabağda qələbə sevgisi ilə döyünür!
Hüseynova Zeynəb Müşfiq qızı
Nəsimi rayon gənci, Azərbaycan Dillər Üniversitetinin tələbəsi