İlham Əliyev: “Biz öz torpaqlarımız uğrunda vuruşuruq”

1 Oktyabr 2020 23:59 (UTC+04:00)

27.09.2020 tarixində Ermənistan silahlı qüvvələri  beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq,  Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini  müxtəlif çaplı artilleriya qurğuları ilə intensiv atəşə tutmuşdur. Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması, mülki əhalinin yaşadığı kəndləri və infrastrukturları hədəf kimi seçərək ağır silahlarla bombalamışdır.. Hazırda cəbhə bölgəsində  döyüşlər davam edir. Şanlı Azərbaycan ordusu 30 ilə yaxın erməni tapdağı altında qalan torpaqlarımız uğrunda mübarizə aparır. Bu şiddətli döyüşlər nəticəsində isə  mülki əhali və hərbi qulluqçularımız arasında yaralanan və həlak olanlar var. 
Hazırda yaşadığımız, tarix qarşısında imtahan verdiyimiz bu çətin günlərdə dövlətimizin və ölkə rəhbərimizin hər bir vətəndaşına himayəsini və qayğısını aydın şəkildə görürük. Prezident İlham Əliyev hər zaman xalqının  yanındadır.  Bunun bariz nümunəsi olaraq  sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşünü qeyd edə bilərik.
Prezident görüş zamanı bildirmişdir: “Mən bir daha demək istəyirəm ki, Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür.”  
Prezident İlham Əliyev yaralılara Allhadan şəfa, şəhid olanlara Allahdan rəhmət diləmişdir.  Həmçinin biz də  şəhid olmuş hərbçilərimizin valideynləri qarşısında baş əyir, onlara Azərbaycan xalqı adından təşəkkürümüzü bildiririk. Hər bir Azərbaycan vətandaşı, Azərbaycan xalqı Sizinlə qürur duyur. Biz inanırıq, zəfər bizim olacaq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Nəsimi RİH könüllüsü
Fidan Nəbiyeva