Çinin Şensi vilayətində turizm məkanında baş verən yanğında 13 nəfər ölüb

2 Oktyabr 2020 10:15 (UTC+04:00)
Çinin Şensi vilayətində turizm məkanında baş verən yanğında 13 nəfər ölüb. AZƏRTAC xəbər verir ki, bu barədə vilayət hökuməti məlumat yayıb. Bildirilir ki, Tayyuan şəhərinin Taytayşan buz heykəllər salonunda baş verən yanğın nəticəsində 15 nəfər də yaralanıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər. Hazırda hadisə yerində axtarış işləri aparılır. Qeyd edək ki, Çin Xalq Respublikasının yaranması günü və ənənəvi bayramlardan olan Ay festivalı münasibətilə ölkədə 8 günlük tətil başlayıb. Çinlilər bundan istifadə edərək turizm məkanlarına axın edir. Çinin əsas onlayn səyahət platforması olan "Trip.com" tətil günlərində ölkə daxilində 600 milyondan çox turist səfərinin qeydə alınacağını proqnozlaşdırıb.