Əsgər atası

9 Oktyabr 2020 11:26 (UTC+04:00)
Başını dik saxla, əsgər atası,
Oğlun qəhrəmanlıq tarixi yazır!
Deyəsən, düşmənin çatıb xatası,
Özü öz qəbrini dərindən qazır!
Başını dik saxla, əsgər atası!
***
Xalqımın çox zəngin bir keçmişi var,
Danmaz nə Meteni, nə Atillanı!
Bilsin millətimə əl qaldıranlar,
Yerdə qalmayacaq bir şəhid qanı!
Başını dik saxla, əsgər atası!
***
Səma tək müqəddəs, təmiz Quranım!
Başımız üstündə Allahımız var!
Alparslan kimi qılınc vuranım!
Sultan Məhəmməd tək Fatehimiz var!
Başını dik saxla, əsgər atası!
***
Haqqa söykənibdir əməllərimiz,
Bütün xainlərin əli kəsilir.
Təşviş içindədir düşmənlərimiz,
Üstünə müzəffər ordumuz gəlir!
Başını dik saxla, əsgər atası!
***
Xəyallar içində narahat olma,
Ruhun köklənməsin bəd xəbərlərə.
Sıxıntı keçirib nigaran qalma,
Özünü hazırla şad xəbərlərə!
Başını dik saxla, əsgər atası!
***
Polad kimi möhkəm, dönməz, sərt oğul,
Düşmənin bağrını yaxıb dönəcək!
Əcdadları kimi igid, mərd oğul,
Şuşaya bayrağı taxıb dönəcək!
Başını dik saxla, əsgər atası!
Munis Bayram
Bakı,
08.10.2020