"The Guardian" qəzetində Gəncə şəhərinə raket zərbəsi barədə məqalə dərc edilib

17 Oktyabr 2020 19:00 (UTC+04:00)

"The Guardian" qəzetində oktyabrın 17-də gecə saatlarında Gəncə şəhərinə endirilən raket zərbəsi barədə məqalə dərc edilib.

Mövqe.az-ın məlumatına görə, məqalədə bildirib ki, Gəncənin atəşə tutulması nəticəsində 12 dinc sakin həlak olub.

Məqalədə müəllif yazır ki, Gəncədəki jurnalistlər atəşdən sonra bir neçə evin dağılmasının şahidi olub, xilasediclər isə hadisə yerindən meyitləri çıxarıblar:

"Zərbə nəticəsində yaxınlıqdakı küçələrdə divarlar dağılıb, binaların damları qopub. İnsanlar şok və gözyaşı içində küçəyə qaçırdı. Şahidlərdən biri deyib ki, xilasedicilərin zərbədən qısa müddət sonra dağıntılar altından uşağı, iki qadını və dörd kişini çıxardıqlarını görüb".

Məqalədə, həmçinin qeyd olunur ki, ermənilərin bu hücumu Gəncənin digər yaşayış rayonuna atılmış raketdən 6 gün sonra baş verib. Həmin hücum zamanı 10 dinc sakin həlak olmuşdu:

"Təxminən eyni saatlarda Gəncədən bir saatlıq məsafədə olan Mingəçevir şəhərində jurnalistlər güclü partlayış səsi eşidib. Mingəçevir raketdən müdafiə sistemi ilə qorunur, çünki burada strateji elektrik stansiyası var".