Azərbaycan paytaxtının əsas prospekti bağlanıb
15 May 2012 21:06 (UTC+04:00)
Bakı şəhərində Böyükşor yol qovşağına daxil
olan asma körpünün ("Koroğlu" metro stansiyası yaxınlığında)
inşasının tam yekunlaşdırılması ilə əlaqədar Heydər Əliyev
prospektinin həmin ərazidə 500 metrlik hissəsi 2 gün müddətinə
bağlanılıb. Bu barədə "Azəryolservis" ASC-nin mətbuat
xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, hazırda Böyükşor yol qovşağına daxil olan asma
körpünün inşasının ikinci mərhələsi tamamlanır və bununla əlaqədar
Heydər Əliyev prospektinin 500 metr olan hissəsində nəqliyyatın
hərəkəti məhdudlaşdırılıb: "Yolun bağlanması asma körpünün aşırım
qurğusunun müvəqqəti dayaqlarının sökülməsinin aparılması ilə
əlaqədardır. Dayaqların sökülməsi bir neçə gün davam edəcək və
avtomobil yolu maksimum iki gün bağlı olacaq".
P.Mürsəliyev onu da bildirib ki, Böyükşor yol qovşağına daxil olan
digər yollar əvvəlki qaydada işləyir.