Mitinqə azyaşlı uşaqların gətirilməsi ilə bağlı rəsmi açıqlama
18 Avqust 2013 14:31 (UTC+04:00)
"Bu gün Milli Şuranın saat 17:00-da keçiriləcək mitinqində 10
yaşından yuxarı uşaqların iştirakına icazə verilməsi ilə bağlı hər
hansı bir fikrim olmayıb". Bu sözləri "Qafqazinfo"ya açıqlamasında
Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab
Bağırov Mitinq Komitəsinin rəhbəri Asəf Quliyevin dünən mətbuat
konfransında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Rəis müavininin sözlərinə görə, ümumiyyətlə mitinqdə seçki hüququ
olan insanlar iştirak edə bilər: "18 yaşı tamam olan şəxslər
mitinqə qatıla bilər. Çünki mitinq seçki ilə bağlıdır və seçki
hüququna malik olan insanlar ora getməlidir. Yaşı 10-dan yuxarı
olan uşaqların icazəsi ilə bağlı söylənilən fikirlər doğru deyil.
Mən belə fikir səsləndirməmişəm".
Qeyd edək ki, dünən Mitinq Komitəsinin rəhbəri Asəf Quliyev mətbuat
konfransında mitinqlə bağlı BŞPİ-nin İdarəsinin rəis müavini Səhlab
Bağırov, Bakı Şəhər Prokurorluğunun müavini Fazil Həsənəliyevlə
görüşdüyünü bildirib: "Görüş zamanı bizə dedilər ki, biz mitinqin
təhlükəsizliyini müdafiə edəcəyik. Qalan məsələlər isə bizim
səlahiyyətimizdə deyil. Gələcəkdə isə Dərnəgül dairəsində
mitinqlərin keçirilməsinə şərait yaradıla bilər. Camaat rahat
şəkildə meydana buraxılacaq. Bu il razılaşdırılıb ki, 10 yaşından
yuxarı uşaqlar mitinqə girə biləcək. 10 yaşından aşağılar isə
jurnalistlər üçün tikilən binanın parkında olacaq".