Qarabağ münaqişəsinin nöqtəsi, nidası və... vergülü

24 Oktyabr 2020 09:30 (UTC+04:00)

30 illik mübarizə kulminasiya nöqtəsinə çatıb və artıq iki aya yaxındır ki, açılış başlayıb, Azərbaycan torpaqlarını işğaldan azad edir. Bu 30 ildə siyasi, iqtisadi və hərbi mübarizə meydanında nələr baş verməyib, nələr yaşanmayıb. Bütün parametrlər üzrə o qədər çalarlar var ki, onları ümumiləşdirib vahid platformada birləşdirmək uzun müddət tələb edir. Amma, bütün hallarda tarix üçün əhəmiyyətli və nəsihətverici məqamlar da kifayət qədər çoxdur. Bu məqamlardan biri, ölkə rəhbərlərinin xarakterinə, idarəetmə dəst-xəttinə mənsub olan bir xüsusiyyət barədə qeydimizi bildirmək istərdik.

İlk öncə onu qeyd etmək yerinə düşər ki, “haqq nazilər, amma üzülməz” məsəli Qarabağ münaqişəsinin timsalında bir daha təsdiqini tapıb. Qarabağ aid olduğu xalqa, Azərbaycan dövlətinə qayıdır. Bu qayıdış, demək olar ki, bütün dünyanın üzərində işlədiyi, fikir və rəy bildirdiyi, təklif irəli sürdüyü bir münaqişənin son olaraq həqiqətin təntənəsinə bürünməsi deməkdir. Ermənistanın “öz müqəddəratını təyinetmə”, “azadlığımızın bərpası”, “dənizdən dənizə qədim dövlətimiz” pərdəsi altında həyata keçirdiyi işğalçılıq siyasəti, nəhayət ki, iflasa uğradı.

Bədnam işğalçı ölkənin baş naziri Azərbaycan ərazisində alkoqollu içki qəbul edərək sadistcəsinə “Qarabağ Ermənistandır, nöqtə” deyəndə elə bilirdi “Amerika kəşf edib”. Bu adam, yəni Nikol Paşinyan hər nə idisə, ölkə rəhbəri sayılırdı, parlament respublikası olan Ermənistanın baş naziri idi. Amma siyasi korazehinliyi və xəstə dünyagörüş olan ermənilik ona hadisələri və situasiyanı real baxışlarla dərk etməyə imkan vermirdi. Bu səbəbdən də ciddi surətdə səhv etdi və bu gün dediyi sözlərə görə, necə deyərlər, siyasi aləmdə “it yerinə” qoyulmur. Çünki, sözünün ağası ola bilmədi və xalqına vəd etdiyi xoş güzəranı, Qarabağın Ermənistana birləşdirilməısini həyata keçirə bilmədi. Bu “faciə”nin fundamental səbəbi o idi ki, onun qarşısında sözünün ağası olan Azərbaycan Prezidenti İlham Əliyev dururdu. “Qarabağ Azərbaycandır, nida!” – deyə, Azərbaycan rəhbəri rəqibinə elə sarsıdıcı siyasi zərbə vurdu ki, Nikol Paşinyan hələ də bu zərbənin acısını yaşayır. Ona görə ki, Prezident İlham Əliyev kökü olan təcrübəli siyasətçidir, buna görə dediklərinin mənasına görə məsuliyyətini dərk edir və bir şəxsiyyət kimi sözünün üstündə durmağı bacarır.

Qarabağ münaqişəsində özünü gözə dürtən siyasətçilərdən biri rusiyalı Konstantin Zatulin idi. Onun ermənipərəst çıxışları unudulmayıb. Bəs, indi, Azərbaycan Ordusunun hər gün azad etdiyi şəhər və kəndlərimizin elan edilməsi fonunda bu başabəla və aravuran siyasətçi harada gizlənir?  Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Andrey Krasov bu günlərdə qeyd edib ki, “deputat Konstantin Zatulinin Rusiyanın Dağlıq Qarabağdakı vəziyyətə desant əməliyyatı şəklində mümkün reaksiya variantları barədə şərhi real vəziyyətə uyğun gəlmir”. Bir müddət əvvəl Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr komitəsinin sədri Konstantin Zatulin Rusiyanın Ermənistan xalqını qorumaq üçün desant əməliyyatı apara biləcəyini istisna etməmişdi. Azərbaycan Ordusunun uğurlu əks-əməliyyatlarına görə ermənipərəst siyasətçi kimi işinin fırıq olduğunu anlayan Zatulin dərhal elan edib ki, bu ermənilər bizi lap boğaza yığıblar, qoy gedib özləri başlarına çarə qılsınlar. Deyirlər, “taylı tayın tapar”. Ermənilərin tay-tuşları elə Zatulin kimi ipiqırıqlardır. Ermənilik haqda bu da bir tarixi ibrət dərsidir.

Rusiya lideri Vladimir Putin bu günlərdə keçirilən “Valday klubu”nun iclasındakı çıxışında  hazırda Qarabağın azadlığı uğrunda gedən döyüşlərə işarə ilə deyib: “Bu münaqişə yalnız dövlətlərarası qarşıdurma və ərazilər uğrunda mübarizə kimi başlamayıb, etnik qarşıdurma ilə başlayıb. Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi belə bir vəziyyət əbədi davam edə bilməz”. Bu da bir nöqtədir. Amma Paşinyanın “nöqtə”sindən fərqli olaraq həqiqəti təcəssüm edir.

Mübarizə davam edir. Ordumuzun uğurları genişlənir, hadisələrin gedişatı nizamlanmanın yeni variantlarını ortaya çıxarır və bu variantları yeni “nida”, yeni “vergül” də adlandırmaq olar.
Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə verdiyi müsahibədə tarixi həqiqəti əks etdirən tamamilə yeni, olduqca ədalətli variant irəli sürüb: “Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm amilidir. Lakin o, Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır. Öz müqəddəratını təyinetmənin müxtəlif növləri var, icmaların müxtəlif növləri var. Məsələn, mədəni muxtariyyət ola bilər. Biz Avropanın inkişaf etmiş ölkələrində bu nümunələri görürük ki, insanların öz bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var. Azərbaycanın istənilən yerində olduğu kimi, əlbəttə, Azərbaycanda yaşayan ermənilərin də bu formada təmasları ola bilər. Lakin biz heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verməyəcəyik. Bundan söhbət gedə bilməz. Bir sözlə, referendum olmayacaq, heç vaxt”.

Bizim yaxşı yadımızdadır. 15 il əvvəl Azərbaycan Prezidenti demişdi ki, 100 il bundan sonra belə ermənilərin Azərbaycan ərazisində ikinci dövləti olmayacaq. O vaxt bu sözlərin sonunda “vergül” qoyulması məqbul sayılırdı. İndi də vergül öz yerindədir. Amma “vergül”ün “nida” işarəsi ilə əvəzlənməsi vaxtı çatıb. Tezliklə biz buna şahidlik edəcəyik. Tarix isə sözlərinin ağası olan sərkərdələri öz salnaməsinin ən işıqlı səhifələrində qeyd edib yaşadacaq.

N.NOVRUZ