Döyüş meydanında nə ediriksə özümüz edirik - Prezident

24 Oktyabr 2020 14:21 (UTC+04:00)

Türkiyə və Azərbaycan qardaş ölkələrdir və bizim qardaşlığımız bir çox vəziyyətlərdə sınaqdan keçib. Bu konkret məsələdə Türkiyə Prezidenti Azərbaycana güclü dəstəyini açıq şəkildə ifadə etdi. O dedi ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Beləliklə, bu, çox güclü siyasi dəstəkdir və biz buna görə çox minnətdarıq. Bu, birincisi. İkincisi, demək istəyirəm ki, biz döyüş meydanında nə ediriksə özümüz edirik.

Mövqe.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibəsi zamanı jurnalistin "Cənab Prezident, Siz qorxmursunuz ki, bir müddətdən sonra Türkiyə Prezidenti Ərdoğan Şimali Kipr məsələsinə diqqətini cəmləmək üçün öz dəstəyini və Qafqazdakı siyasətini dayandırar” sualına cavabında deyib.

“Bəli, müasir silahlarla, müasir avadanlıqla, lakin Vətənimizi azad edən Azərbaycan əsgərləri və zabitləridir. Bizim Türkiyə ilə münasibətimizin böyük tarixi və daha da parlaq gələcəyi var. Zənnimcə, Türkiyənin Cənubi Qafqazın hər üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanla sərhədi olan dünyada yeganə ölkə kimi bu prosesə cəlb edilmək üçün legitim hüququ var. Çünki qonşu olaraq, region üçün sabitliyi, təhlükəsizliyi təmin edə bilən və təmin edən, gündəliyi çox aydın ölkə olaraq o, beynəlxalq hüququ müdafiə edir. Beynəlxalq hüquq deyir ki, bizim ərazilərimiz işğal altındadır. Beləliklə, o, nəyi səhv edir? O, sadəcə olaraq, beynəlxalq hüququn təmin olunmasını tələb edir. Ermənistan bunu etmək istəmir. Ermənistan Livandan erməniləri qanunsuz köçürməklə, azərbaycanlılara qarşı hərbi əməliyyatlarla, bizim tarixi və dini irsimizi dağıtmaqla 30 ildən çoxdur ki, torpaqlarımızı işğal altında saxlamaq istəyir. Türkiyənin rolu çox müsbətdir. Ermənistanla müharibə dayanandan və siyasi nizamlama həyata keçiriləndən sonra əminəm ki, Türkiyənin rolu çox mühüm və müsbət olacaq”, - Prezident bildirib.