Azərbaycan Rusiya üçün önəmli iqtisadi tərəfdaşdır

26 Oktyabr 2020 13:30 (UTC+04:00)

Rusiya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir. Son illərdə bütün istiqamətlərdə iqtisadi əlaqələrin inkişaf etməsi görünür. Hər il həm ticarət, həm də turizm sahəsinə aid olan iqtisadi göstəricilərdə pozitiv dəyişiklik baş verir.

Hazırda Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2019-cu ilin məlumatına əsasən Rusiya ilə xarici ticarət əməliyyatlarının həcmi 3,02 milyard dollar təşkil edib və ölkəmizlə ümumi ticarət dövriyyəsinin 9,1 faizi Rusiyanın payına düşüb. Bu dövrdə Azərbaycan Rusiyaya 732 milyon dollarlıq, Rusiya Azərbaycana 2,3 milyard dollarlıq mal satıb. İxracımızda Rusiya 3,7 faizlik payla 7-ci, idxalda isə 16,76 faizlik payla ilk sırada gəlir. 2020-ci ilin yanvar-sentyabr dövründə iki ölkə arasında xarici ticarət dövriyyəsi 1,94 milyard dollar olub. Ümumi ticarətin 10,5 faizi Rusiya ilə həyata keçirilib. Rusiyaya ixrac 500 milyon dollar olmaqla cəmi ixracın 4,7 faizini, Rusiyadan idxal 1,44 milyard dollar olmaqla cəmi idxalın 18,4 faizi formalaşdırıb.

Neft və qaz sektoru üzrə ticarət göstəriciləri nəzərə alınmasa Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Ölkəmizdə istehsal edilən qeyri-neft mallarının ən böyük alıcısı Rusiyadır. Rusiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət əlaqələrinin təxminən yarısı Azərbaycanın payına düşür.

Azərbaycan və Rusiya prezidentləri ölkələrarası ticarətin genişlənməsinə xüsusi önəm verir. İki ölkə arasında imzalanan Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planında əks olunan 5 “Yol xəritəsi” iqtisadi əlaqələrimizin genişlənməsinin mühüm istiqamətlərini müəyyən edir. “Yol xəritələri”ndə ticarət əməkdaşlığının daha da dərinləşməsi məsələlərinə xüsusi yer ayrılır. Bununla yanaşı, Azərbaycan və Rusiya arasındakı Sərbəst ticarət haqqında Saziş ticarət əməkdaşlığının daha da genişləndirilməsi üçün əlverişli imkanlar yaradır.

Rusiya ilə ticarətin inkişaf etməsi Azərbaycana böyük iqtisadi dividentlər gətirir. İlk növbədə onu qeyd edək ki, Rusiya ölkəmizə yaxın olan ən böyük bazardır. Bu ölkənin əhalisinin sayının çox olması, eyni zamanda adambaşına düşən gəlirin orta səviyyədə olması Rusiyada pərakəndə ticarət dövriyyəsinin həcmini artırır. Hazırda Rusiya pərakəndə ticarətin həcminə görə Azərbaycanın bütün qonşularından daha böyük bazara sahibdir. Rusiyanın pərakəndə ticarət dövriyyəsində bitkiçilik sahəsinə aid olan idxal məhsullarının payı böyükdür. İqlim şəraiti ilə əlaqədar olaraq əhalinin bir sıra məhsullarla, xüsusən də meyvə və tərəvəzlə təminatı idxal malları hesabına ödənilir. Azərbaycan Rusiyanın meyvə və tərəvəzə olan tələbatının ödənilməsi üçün ən əlverişli istehsalçılardan biridir. Bu vəziyyət Azərbaycandan şimal qonşusuna daha çox kənd təsərrüfatı və qida məhsullarının ixracına əsas verir. 2018-ci ildə Azərbaycan-Rusiya ticarət dövriyyəsi 20 faiz, ötən il 24 faiz artıb.

Son illərdə Azərbaycanın qeyri-neft mallarının satışında artım müşahidə edilir. Qeyri-neft ixracının artmasında Rusiyanın önəmli payı var. Ötən Rusiyaya qeyri-neft mallarımız 12 faiz artıb və cəmi ixracın 35 faizi Rusiyaya olub. Rusiya ilə ticarət əlaqələrinin genişləndirilməsi ölkəmizdən qeyri-neft mallarının satışının artırılması baxımından böyük önəm kəsb edir.

İqtisadi əməkdaşlığımızda kənd təsərrüfatı önəmli yer tutur. Rusiya kənd təsərrüfatı və emal məhsullarımızın əsas alıcısıdır. Ötən il qonşu ölkəyə 600 min tondan çox məhsul ixrac olunub. Bununla yanaşı, Rusiya şirkətləri Azərbaycana kənd təsərrüfatı texnikası ixrac edir. Son illərdə Rusiyadan 900-ə yaxın müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası, 650 min tondan çox mineral gübrələr alınıb.

Azərbaycanla Rusiyanın inkişaf edən əsas iqtisadi əlaqələrindən biri də turizmlə bağlıdır. Son illərdə bu sahədə əlaqələrimiz genişlənir. Azərbaycana gələn turistlərin sayında Rusiya birinci yerdədir. Ötən il Azərbaycana Rusiyadan gələnlərin sayı 1 milyonu ötüb və cəmi turistlərin 29 faizi təşkil edib.

Vətəndaşları xarici turizmə çox pul xərcləyən ölkələrdən biri Rusiyadır. Bu ölkədən gələn turistlərin sayının artması Azərbaycana böyük valyuta axınına imkan verir. Rusiyanın böyük turizm potensialını nəzərə alaraq Azərbaycan Dövlət Turizm Agentliyi turist safərlərinin sayının artırılması üçün seçdiyi 12 prioritet ölkədən biri də Rusiyadır. Artıq Rusiyada Azərbaycanın turizm nümayəndəliyi də fəaliyyət göstərir.

Maraqlı təcrübələrdən biri ondan ibarətdir ki, xarici ticarətin inkişafında turist səfərlərinin də böyük rolu olur. Turistlər vasitəsilə bir sıra məhsulların ixracı həyata keçirilir, eyni zamanda ölkədə istehsal edilən məhsullarla bağlı ilkin təsəvvür formalaşır. Məhz bu məlumatlar sonradan həmin vətəndaşların yaşadığı ölkəyə ixrac edilən məhsulların satışına kömək edir. Bu mənada rusiyalı turistlərin sayının artması Azərbaycandan Rusiyaya məhsul ixracının da artmasına kömək edir.

Turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün iki ölkə arasında növbəti üç il müddətinə əməkdaşlıq proqramının imzalanması nəzərdə tutulur. Görülən bu işlər nəticəsində Azərbaycan ilə Rusiya arasında turistlərin sayının daha da artacağı gözlənilir.

 

Vasif CƏFƏROV