Azərbaycan türk respublikaları üçün etibarlı tranzit ölkəyə çevrilir

26 Oktyabr 2020 14:31 (UTC+04:00)

Son illərdə həyata keçirilən mühüm regional layihələr hesabına güclü tranzit ölkəyə çevrilən Azərbaycan türk ölkələrinin də dünya bazarlarına çıxışını təmin edən etibarlı tərəfdaş imicini qazanıb. Ölkəmizin əlverişli coğrafi mövqeyi var və dövlətin buna uyğun yürütdüyü düzgün siyasət Azərbaycanın mühüm tranzit məkanına çevrilməsinə səbəb olub.

Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. 2017-ci ilin oktyabr ayında istifadəyə verilən Bakı-Tbilisi–Qars dəmir yolu tarixi İpək Yolunun bərpasına ölkəmizin müştərək töhfəsidir. Dəmir yol xəttinin başlanğıcı Bakı Beynəlxalq Dəniz Limanından götürür. Bu liman 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malikdir. Ehtiyac olduğu təqdirdə limanın yükaşırma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteynerə kimi artırıla bilər. Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. 2019-cu ildə türkdilli ölkələrdən 10 milyon ton yük Azərbaycan vasitəsilə daşınıb.

Bu imkanlar göstərir ki, Azərbaycan türk dünyasının iqtisadi inkişafı, dünya bazarlarına çıxış imkanlarının yaxşılaşması, xarici ticarətlərinin inkişafı üçün əlverişli ölkədir. Ölkəmiz şərqdən qərbə, cənubdan şimala doğru uzanan mühüm tranzit xəttinin qovuşduğu bir məkanda yerləşir. Çinin şimal hissəsindən, Pakistan və Əfqanıstandan, Orta Asiyadan Avropaya və əks istiqamətdə daşınan yüklərin tranzit yolu ölkəmizdən keçir. Azərbaycan dövləti əlverişli tranzit imkanlarını nəzərə alaraq son illərdə nəqliyyat sisteminin, xüsusilə dəmiryol və dəniz nəqliyyatının inkişafına diqqəti artırıb. Artıq Azərbaycanda şərqdən qərbə uzanan, müasir tələblərə cavab verən dəmiryol xətti, eyni zamanda Orta Asiya tərəfdən gələn yükləri qəbul edə bilən Alət yük limanı fəaliyyət göstərir.

Orta Asiya respublikalarının tranzit və logistika mərkəzlərinin təşkilində Aktau, Türkmənbaşı, Ələt, Samsun və Mersin limanlarının müasir infrastrukturundan istifadə olunur. Gündəlikdə duran əsas məsələlərdən biri Türk Şurası ölkələrinin ərazisində xarici ticarət yüklərinin daşınması zamanı qarşılıqlı razılaşdırılmış güzəştlərin və preferensiyaların tətbiqi məsələsinə də birgə baxılmasıdır. Belə bir razılaşma olarsa, türk respublikalarının ərazisindən yük daşınması bir qədər də əlverişli olacaq.

Türk respublikaları inkişaf etməkdə olan ölkələr olduğundan növbəti illərdə bu ölkələrin xarici ticarətinin artacağı yəqindir. 2019-cu ilin məlumatına əsasən türk respublikalarının cəmi xarici ticarət dövriyyəsi 750 milyard dollar səviyyəsində olub. 2025-ci ilə qədər dövriyyənin həcminin 1 trilyon dolları ötəcəyi güman edilir. Xarici ticarətin artması fonunda bu ölkələr üçün yüklərin etibarlı daşınması daha əhəmiyyətli məsələyə çevriləcək. Bu baxımdan Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti bir qədər də yüksələcək. Ölkəmizdə sabitliyin olması, ölkəmizin hər zaman öz öhdəliklərinə sadiq qalması Azərbaycanın etribarlı tranzit məkanına çevrilməsini şərtləndirən əsas amillər olacaq. Türk respublikaları da bu cəhətləri nəzərə alaraq Azərbaycana böyük ümidlə yanaşır.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev son zirvə toplantısında çıxışında regionun tranzit imkanlarından faydalanmağın əhəmiyyətli olduğunu bildirib. Bağdad Amreyev deyib ki, növbəti mərhələ iqtisadi əməkdaşlığın ən mühüm sahələrində yeni prinsip və yanaşmaların tətbiqini tələb edə bilər: “Azad ticarətin stimullaşdırılması strategiyası çərçivəsində, yaxud üzv dövlətlər arasında ticarətin inkişafı üçün imtiyazlı ticarət sazişlərin əldə edilməsi gündəliyə çıxarıla bilər. İqtisadi əməkdaşlığın gücləndirilməsi üçün ticarətin stimullaşdırılması və qarşılıqlı investisiyalar, həmçinin kiçik və orta biznes müəssisələrinə dəstək üçün optimal maliyyə alətləri lazımdır.

Transxəzər marşrutunu Şərqlə Qərb arasında səmərəli ticarət-nəqliyyat dəhlizinə çevirmək üçün biz gündəliyə nəqliyyat və gömrük sahələrində optimal və əlverişli şərtlərin formalaşdırılması məsələsini daxil edirik. Həmin dəhliz boyunca logistik xərcləri azaltmaqla nəqliyyat və gömrük əməliyyatlarının operativliyini artırmaq olduqca vacibdir. Bunun üçün biz birgə Xəzər gəmiçilik şirkətinin yaradılmasını müzakirə etməyi planlaşdırırıq. Həmin strategiyada bir çox müxtəlif sahələr var, o cümlədən diaspor, turizm, kənd təsərrüfatı, gənclər məsələləri.

Yaxın 10 ildə biz qlobal arenada mühüm yer tutan türk dünyasını daha nüfuzlu, güclü və vahid birliyə çevirmək üçün böyük həvəs və səylə işləməyə hazırıq”.

 

Vasif CƏFƏROV