Yerli elektron ticarət platformalarının inkişafına ehtiyac var

27 Oktyabr 2020 12:39 (UTC+04:00)

Azərbaycanda son illərdə elektron ticarət əməliyyatlarının həcmində artım müşahidə edilir. Açıqlanan statistik məlumatlara əsasən, pərakəndə ticarətdə insanlar elekton ticarət platformaları üzərindən daha çox qeyri-ərzaq mallarını almağa üstünlük verir.

Bu məsələdə arzuedilməz proses ondan ibarətdir ki, elektron ticarətin inkişafı idxalın artımını dəstəkləyir. Çünki Azərbaycan əhalisi əsasən xarici elektron ticarət platformalarından istifadə edərək məhsul sifarişi verirlər. Buna görə də yerli platformaların inkişafı vacibdir. Elektron ticarətlə bağlı müxtəlif istiqamətlər Azərbaycanda qəbul edilən Strateji Yol Xəritələrində yerli platformaların inkişafı öz əksini tapıb və müxtəlif qurumlar həmin istiqamətlərə cavabdehlik daşıyır.

Bəs, yerli elektron ticarət platformalarının yaradılması iqtisadiyata, xüsusən nağdsız hesablaşmalara nə vəd edir?

Ticarət dövriyyəsinin leqallaşdırılması, nağdsız ödənişlərin inkişafı üçün elektron ticarətin inkişafı vacibdir. Elektron ticarət inkişaf etməsə nağdsız ödənişlərin genişlənməsi, inkişafı çətin olacaq. Ölkəmizdə də pərakəndə ticarət sahəsində elekton ticarətin payının artırılması üçün yerli platformaların yaradılması vacibdir.

Son 10 ildə dünya ticarət dövriyyəsində elektron əməliyyatların payı 40 faizi ötüb. On il əvvəl elektron ticarət dövriyyəsi ilbəil artırdı, sonra aybaay artmağa başladı, indi isə hər gün bu tendensiya elektron ticarət dövriyyəsinin xeyrinə dəyişir. Dünyada artıq bir çox ölkədə keçid prosesləri başa çatıb. Əvvəl inkişaf etmiş ölkələr bu mərhələni keçib, artıq inkişaf etməkdə olan ölkələr də elektron ticarət mərhələsinin yüksələn dövründədirlər. Amma Azərbaycanda bu sahədə çox ciddi boşluqlar və problemlər var.

Yerli elektron ticarət platformalarının yaradılması və burada dövriyyənin artırılması üçün ilk növbədə təhlükəsizlik və etibarlılıq məsələləri öz həllini tapmalıdır. Dünyanın ən böyük elektron ticarət mərkəzləri birinci növbədə təhlükəsizlik parametrlərini ən yüksək səviyyədə həll edirlər, istehlakçının maraqlarına uyğun şəkildə tənzimləyirlər. Azərbaycanda belə təhlükəsizlik mexanizmi yoxdur. Bu mexanizmi əldə etmək üçün elektron ticarət platformalarını formalaşdıran təşkilatlar çox böyük investisiya qoymalıdır. Bu yatırımı edəcək şirkətlər yoxdur. Bunun da əsas səbəbi ondan ibarətdir ki, bu sahədə iqtisadi risklər yüksəkdir.

Yerli elektron ticarət platformalarının sayıtının artması və dövriyyəsinin yüksəlməsi üçün xüsusi komissiya yaradılmalı və bu komissiya dövlət proqramı hazırlanmalıdır. Azərbaycanda elektron ticarət mexanizmini qurmaq üçün kompleks tədbirlər həyata keçirilməlidir. Birincisi elektron ticarətin genişləndirilməsi üçün bu sahə üzrə müəyyən güzəştlər tətbiq edilməlidir. Hazırda separat şəkildə müxtəlif saytlar bu istiqamətdə fəaliyyət göstərirlər. Onların dövriyyəsi kiçikdir və bazarda qalmaları çətin olur. Belə saytlar müvəqqəti fəaliyyət göstərə bilirlər. Onların bağlanma səbəbi texniki imkanlarının zəif olması, təhlükəsizlik parametrlərinə cavab verə bilməmələri və məhsulların çeşidinin zəif olması ilə bağlıdır.

Azərbaycanda elektron ticarətin inkişafı üçün ayrıca dövlət proqramı qəbul edilməlidir, bu proqramın hazırlanması və icrası üçün xüsusi bir komissiya yaradılmalıdır. Komissiyaya aidiyyatı dövlət təşkilatlarının nümayəndələri daxil edilməlidir. Dünyada elektron ticarət təcrübəsi inkişaf edən bütün ölkələri bu mərhələni keçib. Türkiyədə məhz bu təcrübədən istifadə edilib. On beş il əvvəl Türkiyədə elektron ticarət anlayışı yox idi. Türkiyədə belə bir komissiya yaratdılar, həmin komissiyada Türkiyənin bütün nazirliklərindən nümayəndə daxil edildi, elektron ticarətin inkişafı üçün xüsusi bir proqram hazırladılar. Sırf bu sahə ilə məşğul olmaq istəyən iş adamlarına böyük güzəştlər verildi. Hepsiburada.com.tr saytı hazırda alibaba, amazon saytları ilə ayaqlaşa bilir. Həmin elektron ticarət saytının milyonlarla müştərisi var. Bu sayt da daxil olmaqla Türkiyədə olan 200-ə yaxın elektron ticarət platforması sırf həmin proqramın nəticəsində yaradıldı.

Azərbaycanda belə bir mexanizm, proqram olmadığına görə bu sahəyə sərmayə qoymaq, bundan faydalanmaq həvəsi yoxdur.

Burada ikinci mühüm məsələ etibarlılıq mühitidir. Ölkəmizdə azsayda olan elektron ticarət saytlarına inam da yoxdur. İnsanlar buna görə də ABŞ, Çin, Avropa və digər ölkələrə aid olan saytlardan məhsul almağı daha çox üstünlük verirlər.

Bu məsələnin həlli yalnız Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həll edəcəyi məsələ deyil. Nazirlik müxtəlif həvəsləndirici müsabiqələr keçirə bilər. Müxtəlif təkliflər verilə bilər. Bunun faydası olmayacaq. Bunun üçün elektron ticarətin inkişafına əsas yaradan iqtisadi və təhlükəsizlik mühiti formalaşdırılmalıdır.

Yerli platformaların zəifliyindən faydalanan bəzi şəxlər elektron ticarəti sosial şəbəkələrdə inkişaf etdirir. Sosial şəbəkələrin rolu gücləndikcə Azərbaycanda elektron ticarət platformaları mütəşəkkillikdən, peşəkarlıqdan çıxır və sosial şəbəkələrə inteqrasiya olunur. Artıq İnstaqram üzərindən fərdi şəxlər heç bir şirkət açmadan, hüquqi mexanizm işləmədən, vergi və icbari sosial ödənişi etmədən məhsulları təqdim edir və elektron formada da satışı həyata keçirir. Bu, birinci növbədə ölkənin iqtisadiyyatına zərər vurur. Vergi ödənişlərindən yayınma baş verir, kölgə iqtisadiyyatının elementlərinə çevrilir. Bu vəziyyət qaldıqca yerli elektron ticarət sahəsində durğunluq qalacaq.

 

Vasif CƏFƏROV