İkili mühasibatlığa qarşı mübarizə tədbirləri gücləndiriləcək

27 Oktyabr 2020 13:50 (UTC+04:00)

Azərbaycanda kölgə iqtisadiyyatının həcminin azaldılması iqtiqamətində atılan addımlar son vaxtlar bir qədər də gücləndirilib. Ciddi səylər nəticəsində kölgə istisadiyyatının qeydiyyata alınan dövriyyəsinin həcmində artım sürəti yüksəlib, dövlət büdcəsinin vergi və gömrük daxilolmalarında nəzərəçarpacaq artımlar baş verib. Bu tədbirlərin həyata keçirilməsində əsas məqsəd iqtisadiyyatın neft sektorundan asılılığının azaldılması, eyni zamanda dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artırılmasıdır.

Bu gün də hələ bir çox şirkət vergiləri tam ödəmir. Onların qara mühasibatlığı var. Bəzi şirkətlərdə işləyənlər orada qeydiyyata alınmır. Düzdür, son müddət ərzində on minlərlə iş yeri rəsmiləşdirildi və beləliklə, qara bölgədən ağ bölgəyə transfer olundu. Amma bu, kütləvi xarakter daşımalıdır. Bir çox özəl şirkət vergiləri hələ də tam həcmdə ödəmir və ikili mühasibat saxlayır. Vergi orqanları, digər hüquq-mühafizə orqanları bu tipli dırnaqarası sahibkarlara qarşı çox ciddi tədbirlər görməlidirlər.

Bu məsələdə hökumət sahibkarlara güzəşt etməyəcək, qarşıdakı dövlərdə ikili mühasibatlığa qarşı mübarizə tədbirləri daha da sərtləşəcək. Qeyd edilən tədbirlərin iqtisadiyyata, əhalinin sosial müdafiəsinə faydası birmənalı olaraq müsbət olacaq.

Ümumiyyətlə, dövlət büdcənin qeyri-neft gəlirlərinin artırılması orta müddətli dövrdə gəlir siyasətinin asas istiqamətlərindən biridir. Bu əsasda, kölgə iqtisadiyyatının, qeyri-rəsmi məşğulluğun səviyyəsinin azaldılması və şəfaflığın artırılması istiqamətində tədbirlər davam etdiriləcək, vergitutma bazası genişləndiriləcək, vergi inzibatçılığı təkmilləşdiriləcək. Bununla əlaqədar olaraq bir tərəfdən vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimada aslanan münasibətlər inkişaf etdiriləcək, könüllü əməletmetmə səviyyəsinin yüksəldilməsi üçün təşviq meexanizmlərinin tətbiqi genişləndiriləcəkdir. Eyni zamanda, idxal əməliyyatları ilə bağlı vergi və gömrük ödənişlərinin dövlət büdcəsinə daxilolmaları üzrə vahid nəzarət mexanizminin (inzibatçılığın) tətbiqi genişləndiriləcək ki, bu da vergi və gömrük daxilolmalarının artımına müsbət təsir göstərəcək.

Azərbaycanda gizli iqtisadiyyatın əsas təzahür formaları arasında gəlirlərin bir hissənin gizlədilməsi, işçilərin qeydiyyata alınmaması üçün əmək müqaviləsinin bağlanmaması kimi nümunələr geniş yayılıb. Gizli iqtisadiyyatın bu formaları dövlət büdcəsinin mədaxilinin artırılmasına çətinlik yaratdığı kimi, xərclərinin də artımına səbəb olur. Bu halda insanların əməkhaqqı və digər gəlirlərinin göstərilməməsi həmin insanların sonradan pensiyaya çıxdığı zaman daha aşağı pensiya alması ilə nəticələnir. Pensiyaçıların gəlirlərinin az olması dövlətin sosial siyasətinə uyğun olmadığına görə dövlət məcbur qalıb büdcə vəsaiti hesabına pensiyaların artımına gedir. Halbuki, 2006-cı ildən sonra tətbiq edilən pensiya sistemi pensiya çıxanların daha yüsək səviyyədə pensiya almasına təminat verir. Bunun üçün sadəcə olaraq vaxtında gəlirlərin tam qeydiyyata alınması lazımdır. Bu oplmadıqda “pensiya fonduna” icbari sosial sığorta ödənişləri az olur və bu da sonra pensiyaların məbləğinə mənfi təsir edir.

Həyata keçirilən tədbirlər hesabına bağlanan əmək müqavilələrinin sayında ciddi artım var. 2019-cu il yanvarın 1-də qeyri-dövlət qeyri-neft sektorunda bağlanan əmək müqavilələrinin sayı 539 min 972 olub. 2020-ci ilin iyulun 1-də isə bu rəqəm 751 min 705-ə yüksəlib. Başqa sözlə desək, qeyri-dövlət qeyri-neft sektorunda 18 ay ərzində əmək müqavilələrinin sayında 210 min artım olub.

Hökumətin əmək müqavilələrinin bağlanmasında və əməkhaqqı gəlirlərinin dəqiq göstərilməsində əsas hədəflərindən biri də Dövlət Sosial Müdafiə Fonduna yığılan sosial sığorta haqlarını artırmaqdır. 2019-cu ildə Fondun gəlirləri 3,678 milyard manat təşkil edib. Bunun 2,33 milyard manatı, yəni 63,3 faizi məcburi dövlət sosial sığorta üzrə daxilolmalardır. Vəsaitin qalan hissəsi (1,348 milyard manatı) dövlət büdcəsindən transfertdir. Dövlət büdcəsindən ayırmalar əslində dotasiyadır və dövlət büdcəsi üçün ağır yükdür. Əmək müqavilələrinin sayını artırmaqla hökümət fondun gəlirlərini artırmağı və bu yükü azaltmağı hədəfləyir.

 

Vasif CƏFƏROV