Biz Böyük Qələbənin astanasındayıq

29 Oktyabr 2020 19:55 (UTC+04:00)

Bir həqiqət var ki, güclü və qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi sarsılmaz və əbədidir. Bunu biz Şanlı Ordumuzum timsalında fəxrlə deyə bilərik. Artıq bir aydan artıqdır ki, Azərbaycanın haqq mübarizəsi uğurla davam edir. Müqəddəs torpaqlarımızı, Qarabağımızı düşmən tapdağından azad etmək uğrunda gedən bu mübarizə hər gün bizi Böyük Qələbəyə yaxınlaşdırır. Cəbhədən gələn hər bir xoş xəbər bizlərdə ruh yüksəkliyi, döyüş əzmi yaradır.

          Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 26 oktyabr 2020-ci il tarixində ABŞ-ın "Fox News" televiziya kanalına verdiyi müsahibəsində həmişə olduğu kimi bir daha Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırdı. Sentyabrın 27-dən döyüşlərə başlayan Ermənistanın məqsədinin danışıqlar prosesini pozmaq olduğunu bildirən möhtərəm Prezidentimiz qeyd etdi ki, düşmənə cəbhədə layiqli cavab verilir və nəticədə işğal olunmuş torpaqlarımızın mühüm hissəsi azad edilib. Ermənistan isə hələ də Ordumuzun uğurlu hərbi əməliyyatlarını qəbul etməyərək günahsız dinc əhalini hədəf alır. Ötən bir ay ərzində mülki əhali arasında olan itkilər bir daha Ermənistanın beynəlxalq normalara riayət etmədiyinin əyani sübutudur. Bizim mövqeyimiz beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə əsaslanır və bu mövqe dəyişməz olaraq qalır.

            Cənab Prezident müsahibəsində humanitar atəşkəslə bağlı sualları da cavablandırdı. Bildirdi ki, humanitar atəşkəsin elan olunmasının ardından ballistik raketlərlə münaqişə zonasından kənarda yerləşən iri şəhərlərə atılan raket hücumları Ermənistanın xislətinin göstəricisidir. Azərbaycan öz doğma torpaqlarının geri qaytarılmasını istəyir. Bizim tərəfimizdən heç bir halda erməni mülki əhalisinə qarşı hücum təşkil olunmur.

           Ali Baş Komandan Ermənistan tərəfinin Azərbaycan Ordusunun tərkibində muzdlu döyüşçülərin olması barədə iddiasına cavab olaraq qeyd etdi ki, tamamilə yalan və dezinformasiya xəbərlər yayan Ermənistan bununla bağlı heç bir sübut göstərə bilmir, çünki bu deyilənlər əsassızdır. Məqsəd Azərbaycanın mövcud nüfuzuna xələl gətirməkdən ibarətdir, lakin düşmən bu məqsədinə heç vaxt çata bilməyəcəkdir.

          Haqq mübarizəmizin davam etdiyi bu dövrdə daim Azərbaycanın yanında olduğunu bildirən qardaş Türkiyənin siyasi dəstəyi danılmazdır. Azərbaycanın Türkiyə ilə tərəfdaşlığı siyasi anlamda qürurvericidir. Bu dostluq daimi və əbədidir.

          Möhtərəm Prezident müsahibə zamanı ABŞ-ın vasitəçiliyini tam dəstəklədiyini vurğuladı. Bildirdi ki, Azərbaycan və Amerika Birləşmiş Ştatlarının güclü tərəfdaşlıq münasibətləri var. Müstəqilliyimizin ilk illərindən ABŞ daim Azərbaycanı dəstəkləmişdir. Bu məsələdə sülhün olması ABŞ-ın maraq dairəsindədir.

           Həm ön cəbhədə, həm də ideoloji mübarizədə əldə etdiyimiz uğurlar deməyə əsas verir ki, artıq biz Böyük Qələbənin astanasındayıq. Hər bir azərbaycanlı müqəddəs üçrəngli bayrağımızın tezliklə bütün işğal altında olan tarixi torpaqlarımızda dalğalanacağı günü səbirsizliklə gözləyir. Qələbə bizimlədir! Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Eşq olsun Şanlı Azərbaycan Ordusuna! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Xəlilli Sona
Nəsimi RİH könüllüsü