Kriptovalyutalar yenidən dəyər qazanır

29 Oktyabr 2020 12:52 (UTC+04:00)

Dünyada kriptovalyutalara sərmayə qoyuluşu artdıqca onlardan istifadə imkanlarının yaxşılaşdırılması, infrastrukturun inkişaf etdirilməsi aktuallığını artırır. Bir neçə il öncəyə qədər kriptovalyuta dedikdə yalnız “Bitcoin” başa düşülürdü. Hazırda da əsas və ən bahalı kriptovalyuta “Bitcoin”dir. Amma zaman keçdikcə bazarda başqa kriptovalyutalar da tanınmağa başlanılır.

Dünyanın bütün regionlarında və ölkələrində kriptovalyutalardan istifadə səviyyəsi geniş yayılmayıb. Kriptovalyutaların daha böyük həcmdə dövriyyədə olduğu ölkə ABŞ-dır. Onunla yanaşı Kanada, Böyük Britaniya, Avstriyada da valyutanın bu formasına maraq yüksəkdir. Keçmiş sovet respublikalarından isə Rusiyada, Gürcüstanda, Ukraynada kriptovalyutalardan istifadə səviyyəsi digərlərinə nisbətən yüksəkdir.

Kriptovalyutadan istifadə səviyyəsi yüksələn ölkələrdə infrastruktur da inkişaf etdirilir. Artıq bəzi ölkələrdə sürətlə kripto bankomatların quraşdırılması həyata keçirilir. Bu bankomatların əksəriyyəti birtərəfli, bəziləri isə ikitərəfli əməliyyat aparmağa imkan verir.

CoinATMradar.com-un məlumatına əsasən dünyada 8 min ədəddən çox kripto bankomat mövcuddur. Statistikaya əsasən hər gün orta hesabla 10 bankomat quraşdırılır. Ümumilikdə kripto bankomatların 65%-də kriptovalyutaları yalnız almaq, 35%-də isə ikitərəfli əməliyyat - həm almaq, həm də satmaq mümkündür. Bankomatlarda əməliyyatlar üzrə orta faiz dərəcəsi alış zamanı 9-12%, satışda isə 5-8% təşkil edir. Bankomatların 99,9%-i “Bitcoin”i, 68,4%-i “Litecoin”i, 59,4%-i “Ethereum”u, 39,7%-i “Bitcoin Cash”ı, 21,9%-i “Dash”ı, 3,5% “Monero”nu dəstəkləyir.

Kriptovalyutalarla dövriyyə həcminin böyüklüyünə uyğun olaraq infrastruktur şəbəkəsi də genişləndirilir. Son məlumatlara əsasən bankomatların 74,7%-i Amerika, 21,3%-i Avropa qitəsinin payına düşür. Ölkələr üzrə götürdükdə ABŞ-da 4026, Kanada 716, Böyük Britaniya 286, Avstriyada 195, İspaniyada 84, İsveçrədə 75, Çexiyada 70, Rusiyada 62, Kolumbiyada 57, İtaliyada 59, Yunanıstanda 59, Polşada 52, Slovakiyada 40, Almaniyada 38, Rumıniyada 38, Niderlandda 28, Avstraliyada 27, Macarıstanda 21, Gürcüstanda 14, Ukraynada 16 bankomat quraşdırılıb. Bankomatların quraşdırılma sürəti göstərir ki, qarşıdakı bir ildə dünyada bu cür qurğuların sayı ən azı iki dəfə artacaq.

Dünyanın bir çox ölkəsinin özünə aid olan kriptovalyutası var. Hazırda dünya üzrə 2826 kriptovalyuta alınıb-satılır. Onların içində ən dəyərlisi “Bitcoin”dir. Onun dəyəri 2017-ci ildə ən yüksək səviyyəyə - 20 089 dollara çatdıqdan sonra 2018-ci ildə 3 500 dollara qədər ciddi eniş yaşadı. Bununla belə 2020-ci ilin əvvəlindən indiyə qədər bitcoin 4 dəfəyə yaxın dəyər qazanaraq hazırda 13 200 dollar səviyyəsində ticarət olunur.

Azərbaycanda kriptovalyutalarla bağlı hər hansı yenilik yoxdur. Bununla belə ölkəmizdə beynəlxalq ticarətə çıxarılan kriptovalyutalardan alan, ona sərmayə edən şəxslər var. Bu fakt ölkəmizdə də kripto bankomatların quraşdırılmasını zəruri edir.

Qanunvericilik kriptovalyutalardan istifadəyə məhdudiyyət gətirmir. Daha doğrusu bununla bağlı hüquqi tənzimləmə olmadığına görə bu sahədə sərbəstlik var.

Ölkəmizdə kriptovalyuta pul vasitəsi hesab olunmur və statusu qeyri-müəyyəndir.

Ancaq bankomatların olmaması kriptovalyutalarla ödənişlərin həyata keçirilməsini texniki cəhətdən də mümkünsüz edir.

Buna görə də kriptovalyutalardan istifadə imkanlarına gələcək müstəvidə baxmaq olar. Hazırda kriptovalyutaların ölkəmizdə istifadəsi nəzəri cəhətdən mümkündür. Reallıqda isə onun ölkəmizdə tətbiqi həddən artıq tezdir. Bunun da əsas səbəbi kriptovalyutanın dünyada kütləvi şəkildə istifadə olunmamasıdır. Hətta iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə kriptovalyutaların xüsusi çəkisi böyük deyil. Bu da ondan irəli gəlir ki, kriptovalyutalara virtual valyuta olaraq daha çox gələcəyin valyutası kimi baxırlar.

Azərbaycan Mərkəzi Bankı da kriptovalyutalardan istifadə, onunla bağlı infstrukturun yaradılması məsələlərini öyrənmə mərhələsindədir. Mərkəzi Bankın rəsmilərinin açıqlamasından aydın olur ki, hazırda bir çox mərkəzi banklar kriptovalyutalarla bağlı izləyici mövqedədir və kriptovalyuta sektorunun inkişafından asılı olaraq Mərkəzi Bank adekvat addımlar atacaq.

Kriptovalyutalarla bağlı əsas problem onun emissiya edən mərkəzin olmamasıdır, yəni onlar tənzimlənmir. Burada da çirkli pulların yuyulması kontekstində risklər var. Amma buna baxmayaraq, qlobal səviyyədə bu tendensiya gedir. Azərbaycan Mərkəzi Bankı da bu sektorda olan trendləri yaxından izləyir. Kriptovalyutalardan istifadə Mərkəzi Bankın diqqət mərkəzində olan prosesdir, amma hələlik bu istiqamətdə konkret addımın atılması gözlənilmir.

 

Vasif CƏFƏROV