İlham Əliyev: “Türkiyə Azərbaycana yalnız siyasi dəstək verir”

30 Oktyabr 2020 15:00 (UTC+04:00)
Dünyanın gündəmini zəbt edən Qarabağ məsələdi öz aktuallığını qoruyub saxlamaqdadır. İkinci Qarabağ müharibəsi başlanan gündən etibarən dünyanın bütün media nümayəndələrinin fikri bu bölgəyə yönəlmişdir. Müxtəlif xarici telekanallara müsahibə verən Prezident İlham Əliyev özünün səlist, sərbəst və dəqiq çıxışları ilə Azərbaycan hökumətinin Qarabağ məsələsində nə qədər qətiyyətli olduğunu bir daha bütün dünyaya göstərmişdir. 25 oktyabr tarixində Prezident İlham Əliyev ABŞ-ın "Fox News" telekanalına müsahibəsi zamanı jurnalistin bir sıra qərəzli suallara tutarlı cavablar verib. Belə ki, amerikalı jurnalistin "Ancaq Türkiyə müharibəyə çağırış edir. Türkiyə deyir ki, hərbi yol lazımdır" sualına cavabında dövlətimizin başçısı deyib: "Xeyr, qətiyyən! Buna dair heç bir dəlil belə yoxdur. Türkiyə yalnız siyasi dəstək verir və bu, kifayətdir. Çünki Türkiyə deyəndə ki, onlar Azərbaycanın yanındadırlar və Azərbaycan tək deyil, ola bilsin ki, bu, münaqişəyə müdaxilə etmək və öz maraqlarını təmin etmək istəyən hər kəsə bir mesajdır". Müsahibə zamanı jurnalist dövlət başçımıza Qarabağda döyüşlərin ölkə daxilində sosial məsələlərdən, iqtisadi tənəzzül, korrupsiya, COVID-19-dan diqqəti yayındırmaq üçün istifadə etmək barədə fərziyyələr irəli sürüb. Lakin Cənab Prezident cavabında belə demişdir: " Sizin dediyiniz kimi, bəzi daxili problemləri ört-basdır etmək üçün müharibəyə başlamağa ehtiyac yoxdur. Bu, qarşı tərəfdə belədir. Hazırda tamamilə iqtisadi və sosial problemlərin içində olan Ermənistanın diqqəti yayındırmağa ehtiyacı var. Aparıcı müxalifət partiyasının liderini həbs edən Ermənistanın baş naziridir. O, iki sabiq prezidenti təqib edir". Prezident İlham Əliyev müsahibəsində atəşkəsin pozulmasına aydınlıq gətirərkən - "Biz, sadəcə, cavab verdik. Çünki biz atəşkəs barədə iki dəfə razılaşmışdıq. Birinci dəfə ermənilər gecə vaxtı, gecə saat 1-də yatan şəhərə ballistik raket atdılar. İkinci dəfə atəşkəs yalnız iki dəqiqə davam etdi və Ermənistan onu pozdu. Azərbaycanın atəşkəsi pozması barədə sübut yoxdur", - deyə vurğulayıb. Jurnalistin Azərbaycan ordusunun tərkibində muzdlu döyüşçülərin iştirak etməsi ilə bağlı sualına " Bizim onlara ehtiyacımız yoxdur. Mən elə bu barədə danışıram. Nizami orduda 100 min əsgər, üstəgəl, bir neçə gün ərzində biz, bəlkə də, bundan üç dəfə çox əsgər cəlb edə bilərik, üstəgəl, müasir avadanlıq. Bizim heç bir muzdluya əsla ehtiyacımız yoxdur. Bu, sadəcə, ölkəmizin nüfuzuna xələl gətirmək və döyüş meydanında əsgərlərimizin mərdliyinin əhəmiyyətini azaltmaq məqsədi daşıyan feyk xəbərdir", - deyə Azərbaycan Prezidenti cavab vermişdir. Onu da qeyd etmək istərdim ki, Prezidentin "Fox News" telekanalına verdiyi sonuncu müsahibəsi hazırda sosial şəbəkələrdə ən çox yayılan məlumatlar arasındadır. Fehruzzadə Xatirə Qurban qızı Nəsimi rayonu