Beynəlxalq təşkilatlar sözdə yox, əməldə addımlar atmalıdır - Deputat

3 Noyabr 2020 14:00 (UTC+04:00)

Ermənistanın mülki əhalini hədəf alması, törətdiyi terror əməlləri beynəlxalq müstəvidə kəskin tənqid hədəfinə tuş gəlib. Azərbaycanın hərblə yanaşı digər cəbhələrdə də Ermənistanı geridə qoyması, dünyaya haqq səsini çatdırması artıq beynəlxalq təşkilatları da bu əməllərə reaksiya verməyə məcbur edib.

Bunu Trend-ə deputat Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, bunun nəticəsidir ki, artıq BMT-nin İnsan Hüquqları üzrə Aii Komissarı Mişel Baçalet Ermənistanı mülki əhalini hədəf almaqdan çəkinməyə çağırıb:

“Çıxışında Mişel Baçalet humanitar atəşkəs dövründə Ermənistanın bilərəkdən mülki əhaliyə qarşı terrorçuluq əməlləri törətməsinin, kassetli bombalardan istifadəsinin beynəlxalq humanitar hüququn prinsiplərinə zidd olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Ancaq yaxşı olardı ki, BMT rəsmisi yalnız bu çağırışlarla işini yekunlaşdırmayardı. Çünki biz illərdir artıq bu cür münasibətlərin heç bir nəticəyə varmayacağının şahidi olmuşuq. Beynəlxalq təşkilatlar sözdə yox, əməldə addımlar atmalıdır ki, belə islah olunmaz bir düşmənə yerini göstərsin”.

Deputat həmçinin bildirib ki, ötən gün Vyanada törədilən terror hadisəsini bütün dünya mediası gündəm mövzu edib:

“Əlbəttə biz hər bir terror hadisəsini pisləyirik. Ancaq nəzərə alaq ki, həmin hadisədə cəmi bir neçə nəfər ölüb və yaralanıb. Ancaq Ermənistanın bir ay ərzində bizim 100-ə yaxın mülki vətəndaşımıza qarşı törətdiyi terror hücumlarını demək olar ki, əksər dünya mediası heç işıqlandırmadı da. Bu da bir daha onu göstərir ki, dünyaya dərs keçən, özlərini tərəfsiz media olaraq göstərən bu media qurumları da özlərinə lazım olan vaxtlarda tərəf tuta bilirlər. Ona görə biz hər bir cəbhədə vuruşmalıyıq ki, dünyaya öz həqiqətlərimizi öz gücümüzlə çatdıraq”.