Nazirlər Kabineti yeni qaydaları açıqladı

3 Noyabr 2020 20:28 (UTC+04:00)

Nazirlər Kabineti 431 nömrəli Qərarını izah edib.

Nazirlər Kabinetindən Mövqe.az-a verilən məlumata görə, “Aqrar sığorta Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 809 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə qəbul olunub.

Qərarla təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”na əsasən, kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortası üzrə buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıq, kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar, akvakultura məhsulu kimi balıqlar, o cümlədən mayalanmış kürülər, sürfələr və körpə balıqlar aqrar sığorta predmeti hesab olunur.

Qaydaların tətbiqi ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının bu sahədə üzləşdikləri risklərin azaldılması, onlara dəymiş zərərin və itkilərinin aradan qaldırılması, aqrar sektorun investisiya cəlbediciliyinin yüksəldilməsi, kənd təsərrüfatı sahəsində sabit biznes mühitinin yaradılması, aqrar sahədə sığortanın inkişaf etdirilməsi, o cümlədən bu sahə üzrə dövlət dəstəyi mexanizminin praktiki cəhətdən tənzimlənməsi təmin ediləcək.