İnsan hüquqları məsələsində də ikili standartlar mövcuddur

4 Noyabr 2020 11:33 (UTC+04:00)

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları erməni lobbisinin Ermənistanın Azərbaycana hərbi təcavüzünü obyektiv işıqlandıran beynəlxalq media qurumlarına və jurnalistlərə təzyiq göstərməsi ilə bağlı Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinə, Beynəlxalq Mətbuat İnstitutuna, Jurnalistləri Müdafiə Komitəsinə, Sərhədsiz Reportyorlar Təşkilatına, Beynəlxalq Jurnalistlər Federasiyasına, Avropa Jurnalistlər Federasiyasına, Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutuna, Beynəlxalq Media Dəstəyi Təşkilatına və "Article 19" Təşkilatına müraciət ünvanlayıblar.
Müraciətdə deyilir ki, 27 sentyabr-31 oktyabr 2020-ci il tarixlərində Azərbaycanın döyüş zonasından uzaqda yerləşən şəhər və rayonlarına Ermənistanın etdiyi ballistik və qadağan olunmuş kasetli raket hücumları nəticəsində 91 mülki vətəndaş öldürülüb, 404 şəxs isə yaralanıb. Ermənistanın törətdiyi belə hərbi cinayətləri dünya mətbuatı geniş işıqlandırılıb.
Maraqlıdır ki, dünyanın bir sıra məntəqələrində dinc əhaliyə, media nümayəndələrinə qarşı edilən vəhşiliklər dərhal söz, mətbuat azadlığı, insan hüquqları ilə məşğul olan müxtəlif beynəlxalq qurumlar tərəfindən pislənilir. Bu qurumlar dərhal öz etiraz səslərini qaldırırlar. Ancaq Azərbaycana gəldikdə, burada ermənilər tərəfindən dinc sakinlərə qarşı vəhşiliklər törədilsə də, sözügedən qurumlar əsasən səssiz qalırlar. Onlar məsələn, ermənilərin Gəncə və Bərdə şəhərlərində mülki əhaliyə qarşı cinayətinə hələ də obyektiv münasibət bildirməyiblər.  
Nə üçün dünyanın hər hansı başqa bir yerində belə hallar olanda beynəlxalq təşkilatlar heç bir müraciət gözləmədən mövqelərini bildirirlər. Lakin ermənilərin, hətta Avropada  azad mətbuatı boğmaq istəklərinə, insan hüquqlarını kobudcasına pozmalarına səssiz qalırlar?
Milli Məclisin deputatı Hikmət Babaoğlu söz, mətbuat azadlığı və insan haqları ilə məşğul olan həmin qurumların erməni vəhşiliklərinə münasibətdə susqun qalmalarını bəzi dövlətlər kimi onların da yürütdüyü ikili standart yanaşma ilə əlaqələndirdi: “Dünya siyasətində ikli standartlar mövcud olduğu kimi, informasiya mübadiləsi, insan hüquqları kimi məsələlərdə də ikili standartlar mövcuddur.  Dünya siyasətini tənzimləyən ölkələr siyasətdə olduğu kimi digər sahələrdə də bütün məsələlərə əks sivilizasiyadan olan və özlərindən hesab etmədikləri coğrafiyalara münasibətdə də belə ikili standartları tətbiq edirlər.  Bu hal təəssüf ki, söz, mətbuat azdlığı, insan hüquqları ilə məşğul olan beynəlxalq qurumların fəaliyyətində də özünü göstərir. Hazırda erməni barbarları Azəraycan xalqına qarşı cinayət törədir, mülki obyektləri, dinc əhalini hədəfə alır, onlara qarşı terror törədirlər.  Amma çox təəssüf ki, dünyanın bir sıra insan haqları təşkilatları bu məsələyə münasibət bildirmir. Halbuki, bənzər hadisələr başqa coğrafiyada olsaydı onlar dərhal həmin hadisəni işıqlandırar, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırardılar. Tam əksinə, bütün dünyada Azərbaycan həqiqətləri barədə obyektiv informasiya yayan ayrı-ayrı telekanalları, informasiya resursları və onların müxbirlərni terrorla hədələyirlər. Bu erməni terrorunun əsl simasıdır. Ona görə ölkəmizin qeyri-hökumət təşkilatlarının Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılması işi təqdir olunmalıdır. Əslində beynəlxalq ictimai rəyi formalaşdıran qlobal institutlardan biri də məhz qeyri-hökumət təşkilatlarıdır.  Düşünürəm ki, nəhayət dünya informasiya terrorizminə, erməni terrorizminə son qoymaq üçün  qətiyyətli addımlar atmalıdır. Bu cür təhdidlər yaradan erməni qurumlarına qarşı amansız olmalıdırlar. Əks təqdirdə, bu hal dünyada terrorizmin, xüsusən də erməni terrorunun daha çox yayılmasına səbəb olacaq. Belədə isə cəzasızlıqdan doğan daha böyük aqresivlik müşahidə ediləcək”.
Rüfət NADİROĞLU