İrəvan meriyası silahlı dəstələr yaradır - Bakıdan reaksiya

4 Noyabr 2020 12:03 (UTC+04:00)

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov İrəvan meriyasının Azərbaycana göndərmək üçün silahlı dəstələr yaratması barədə məlumata münasibət bildirib.

İcra Hakimiyyətinin mətbuat xidmətindən Mövqe.az-a bildiriblər ki, E.Əzizov buna heç də təəccüblənmədiyini söyləyib. Şəhər İcra Hakimiyyətinin başçısı bildirib ki, Ermənistanda vəziyyət o həddə çatıb ki, cəbhəyə uşaq və qadınları göndərirlər. İndi də İrəvan meriyası cəbhə üçün silahlı dəstələr toplayır. Hələ bu harasıdır? Bütün baş verənlər Ermənistanın ağır iqtisadi durumda olduğunu, ön və arxa cəbhələrdə acınacaqlı vəziyyətin yarandığını göstərir. Əgər paytaxt meriyası səfərbərlik məsələləri ilə məşğul olursa, demək ki, Ermənistan cəmiyyətində çarəsizlik və ruh düşkünlüyü hökm sürür.

Eldar Əzizov qeyd edib ki, bu gün Ermənistanda “COVID dezertir” termini də yaranıb. Belə ki, çağırışçılar COVID-19 xəstələri olmaları haqqında saxta arayışlar əldə edərək orduya getməkdən yayınırlar. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Səfərbərlik məsələsi ilə Səfərbərlik Xidməti məşğuldur, hər hansı silahlı dəstələrə ehtiyac yoxdur. Xalq yüksək vətənpərvərlik ruhu və öz Liderinə böyük inam nümayiş etdirir. Ötən illər ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycanda dövlətin səmərəli iqtisadi inkişaf modeli formalaşıb. Bu gün bizim güclü iqtisadiyyatımız və müasir ordumuz var. Bütün bunlar aparılmış düzgün siyasətin və idarəetmənin nəticəsidir.

“Buna görə də, Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı dəstələrin yaradılmasına ehtiyac yoxdur. Bütün dövlət qurumları öz vəzifələrinin öhdəsindən layiqincə gəlirlər. Bu gün Azərbaycanla və onun dünyanın ictimai-siyasi sistemində tutduğu yerlə, sözün əsl mənasında, fəxr edə bilərik. Bu, tarixdə şəxsiyyətin rolunu bir daha nümayiş etdirən böyük tarixi nailiyyətdir”, - deyə icra başçısı vurğulayıb.