Tarixi ədalət bərpa edilir

4 Noyabr 2020 21:05 (UTC+04:00)

İkinci Qarabağ müharibəsi başladığı vaxtdan etibarən bu günə kimi Prezident İlham Əliyev bir çox xarici telekanallara müsahibə verərək Azərbaycanın haqqlı savaşını dünyaya duyurmağa çalışmışdır. Ölkə başçısı  oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına verdiyi müsahibəsində jurnalistin “Sentyabrın 27-də müharibə başladı. Sizin, “kim birinci atəş açdı” sualına cavabınız nədir” sualına cavablandırarkən belə demişdir: “Cavab, Ermənistandır və bizim sübutlarımız var. Çünki mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi. Bu, bizə qarşı ardıcıl surətdə üçüncü hərbi təxribat idi. Birinci, iyul ayında törədildi. O zaman onlar Ermənistan-Azərbaycan sərhədinə hücum etdilər. Bizim mülki şəxslər və hərbi qulluqçular arasında itkilərimiz olmuşdur. İkinci cəhd avqust ayında baş vermişdir. Ermənistan diversiya qrupu göndərmişdir, onun başçısı tərəfimizdən saxlanılmışdır və o, ifadə vermişdir ki, mülki şəxslərə hücum etmək üçün göndərilmişdir. Üçüncü dəfə sentyabrın 27-də onlar təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutdular. Biz cavab verdik və bu, belə başlamışdır”. Cənab Prezident çox tutarlı və dəqiq cavab verərək tarix boyu Azərbaycan xalqının Ermənistan hökuməti tərəfindən saysız-hesabsız işgəncələrə, zülmlərə məruz qaldığını dünyaya çatdırmışdır. Mənfur düşmən öz məkrli siyasətindən əl çəkməyərək tarixi torpaqlarımızı işğal etməklə qalmamış, beynəlxalq hüquq normalarını kobudcasına pozaraq zaman-zaman yerli, dinc əhaliyə qarşı təcavüzkar addımlar atmaqdan belə çəkinməmişlər.

       Müsahibə zamanı jurnalistin “Başa düşdüyümə görə Siz xüsusilə cənubda müəyyən torpaqları azad etmisiniz, lakin, eyni zamanda, Dağlıq Qarabağa yaxın, şimalda da. Bu müharibə nə qədər davam edəcək” sualını isə Cənab Prezident belə cavablandırmışdır: “Bu, Ermənistandan asılıdır. Mən bunu dəfələrlə demişəm. Biz bu gün dayanmağa hazırıq. Yeri gəlmişkən, bizim üç dəfə atəşkəsə razı olmağımız faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəmizi nümayiş etdirir. Lakin Ermənistan üç dəfə atəşkəsi kobud şəkildə pozmuşdur”.

      Azərbaycan heç vaxt torpaqlarının düşmən tapdağı altında olması ilə razılaşa bilməz. Azərbaycan hökuməti 30 ilə yaxın müddətdə Qarabağ münaqişəsinin həllinin beynəlxalq çərçivədə həllinə çalışmışdır. Lakin Ermənistanın heç bir beynəlxalq tələblərə məhəl qoymayaraq təcavüzkar siyasətindən əl çəkməməsi sonda İkinci Qarabağ müharibəsinə gətirib çıxartmışdır. Müharibə Azərbaycan tərəfi üçün haqq savaşıdır. Çünki biz əzəli torpaqlarımızı düşməndən azad edərək tarixi ədaləti bərpa etməyə çalışırıq.

Fehruzzadə Xatirə

Nəsimi rayon təhsil işçisi