Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir

9 Noyabr 2020 17:03 (UTC+04:00)

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti indiki üçrəngli və ay-ulduzlu bayrağı Azərbaycan Respublikasının Dövlət bayrağı elan edib. Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Elə buna görə də suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda can verən igidlərimiz son mənzilə yola salınanda müqəddəs bayrağa bükülür, dəfndən sonra ən qiymətli əmanət kimi şəhid ailəsinə təqdim olunur. Təsadüfi deyil ki, azadlığın, suverenliyin, müstəqilliyin rəmzi bayrağımız işğaldan azad olmuş yülsəklikləri bəzəyir, əzəmətlə dalğalanır. Bayrağın dövlət üçün əhəmiyyəti, bayrağın yaranma tarixinə ehtiram əmək məcəlləsində də öz əksini tapıb. Belə ki, 2009-cu ilin noyabrında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilib. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunub və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Bu il ölkəmiz Dövlət Bayrağı Gününü tam fərqli keçirir. Ali Baş Komandan İlham Əliyevin komandanlığı, Müzəffər Ordumuzun rəşadəti sayəsində qürurlu, qalib bir xalqın atributuna çevrilib üçrəngli bayrağımız. Dünən Şuşanın işğaldan azad edilmə sevinci bütün ölkəmizi bayrağa bürümüşdü. Dünən Azərbaycan Bayrağı fərqli bir coşğu ilə dalğalanırdı. Bayrağımızın qürurla dalğalanmasını gözləyən bir neçə rayonlarımız, yüksəkliklərimiz qalıb. İnşallah tezliklə erməni işğalına məruz qalmış bütün ərazilərimiz işğaldan azad olunacaq, Azərbaycan Bayrağı ölkəmizin hər bir zirvəsində qürurla dalğalanacaq.

Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq, uğrunda ölən varsa, Vətəndir!

 

Məşhur Məmmədov,

Millət vəkili