Bizimkidir bu torpaq, bu qələbə, bu zəfər...

11 Noyabr 2020 10:41 (UTC+04:00)


Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir arasında üçtərəfli bəyanat imzalanıb.
Ona əsasən 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırılır. Bundan sonra Azərbaycan və Ermənistan hazırda tutduqları mövqelərdə qalacaqlar. Eyni zamanda, bəyanatda  15 noyabr tarixinədək Kəlbəcərin, noyabrın 20-dək  Ağdamın və nəhayət dekabrın 1-dək Laçın rayonunun Azərbaycana qaytarılması öz əksini tapıb. 
Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiyanın 1960 nəfərlik silahlı hərbi qulluqçusu, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdiriləcək. Rusiya sülhməramlıların qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılacaq.
Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdacaqlar. Habelə, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.
Bir sözlə, imzalanan həmin bəyanat Ermənistanın hərbi-siyasi hakimiyyətinin məğlub olduğunun göstəricisidir. Sentyabrın 27-dən hərbi əməliyaytlar başlanan andan Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbələr endirərək, çoxsaylı kənd, şəhər və qəsəbələri azad edib. Bu müddət ərzində Ermənistan ordusu canlı qüvvə, hərbi texnika sarıdan çoxsaylı itkilərlə üzləşib. Demək olar ki, artıq Ermənistanın hərbi arsenalı tam tükənib.
Belədə, düşmən hərbi cəbhədə ağır məğlubiyyətlə üz-üzə qaldı. Bunun nəticəsi olaraq da İrəvan sözügedən bəyanatı imzalamalı oldu.  
Ermənistanın hərbi-siyasi hakimiyyətini məğlubiyyətə  vadar edən səbəb nə oldu?
Politoloq Natiq Miri bildirdi ki, Ermənistanı məğlubiyyətə vadar edən Azərbaycanın şanlı Ordusudur: “Azərbaycan Ordusunun işğalçı ordu üzərində əldə etdiyi üstünlük düşməni məğlubiyyətlə üz-üzə qoydu. Həm əsgəri, həm fiziki, həm də avadanlıq, silah-sursat nöqteyi nəzərdən Ordumuz düşmən ordusundan qat-qat güclüdür. Həmçinin ruh birliyi baxımından da Azərbaycan Ordusu ermənidən üstündür. Digər tərəfdən, Azərbaycanda hər kəs bir ürək olaraq bu prosesə köklənib. Ona görə bu birliyin qarşısında tək Ermənistan deyil, heç bir güc dayana bilməzdi. Meydanda təkbətək qaldıq deyə, Azərbaycan son olaraq öz üstünlüyündən faydalanaraq düşmənə ağır zərbə vurdu.  Ermənistanda isə Azərbaycanda olan birlik mövcud deyil. Ermənistan ordusunda da ciddi və böyük problemlər var. Proses də göstərdi ki, düşmən ordusu sınıq-sallaq bir ordudur. Onlar bir mərkəzdən idarə olunmur. Ona görə də məğlubiyyət qaçılmaz idi və bu da özünü bu sahədə göstərdi”.  
Politoloq Elşən Mirzəoğlu qeyd etdi ki, Ermənistanın bu müharibədə məğlubiyyəti labüd idi: “Ermənistan və Azərbaycan dövlətləri heç bir vəclə parametrlərinə görə, bir-birilə müqayisə edilə bilməz. Azərbaycan iqtisadi gücünə, maliyyə resurslarına, təbii sərvətlərinn miqyasına, əhali göstəricisinə görə Ermənistanla müqayisə edilməyəcək dərəcədə güclü dövlətdir. Azərbaycanın Ordusunun illik hərbi məsrəfi Ermənkistanın illik dövlət büdcəsilə müaayisədə təxminən 2 dəfə çoxdur.  Dermənistanın dövlət büdcəsi cəmi 2,4 milyard dollar olub.  Nəticə etibarı ilə Ermənistandan fərqli olaraq Azərbaycanda müharibə ərəfəsində siyasi böhran mövcud olmayıb. Əksinə, Prezidentin çağırışı ilə Azərbaycanda siyasi baxış və məfkurəsindən asılı olmayaraq hamı dövlət başçısının ətrafında birləşdi. Azərbaycan Prezidentinin təklif etdiyi Vətən Müharibəsi modelinin prinsipləri tətbiq olundu. Azərbaycanda milli birlik və vəhdətin təmin olunması istiqamətində xüyli əvvəldən məqsədyönlü şəkildə iş aparılıb.  Ermənistanda isə bu iş sıfır dərəcəsində idi. Müharibədən xeyli əvvəl Azərbaycan Prezidentinin rəhbərliyi altında diplomatiyamız hücum taktikası prinsiplərindən çıxış edərək, həm diplomatik, həm də informasiya sahəsində xeyli işlər görüb. Nəticə etibarı ilə torpaqlarımızın beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycana məxsus olması fikri dünya ictimaiyyətinə çatdırıldı. Qarabağ xanı İbrahimxəlil xanla Rusiya arasında 1805-ci ildə imzalanan Kürəkçay müqaviləsinin şərtlərinə görə, həmin ərazi imperiyanın himayəsinə keçib. Bu müqavilənin mətnində isə ermənilərlə bağlı heç nə olmayıb. Belədə, Azərbaycan sübut etdi ki, ermənilər burada aborigen deyil, gəlmə xalqdır.  Düşmən üzərində son sözü Azərbaycan Ordusu və hərbi əməliyyatlara uzaqgörənliklə rəhbərlik edən Prezident İlham Əliyev dedi.
Ali Baş Komandan və Ordumuz üzərlərinə düşən bu ağır və məsuliyyətli işin öhdəsindən böyük ustalıqla gəldi. Bir sözlə, düşməni məğlubiyyətə vadar edən başlıca səbəb Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu siyasətidir.  Qardaş Türkiyənin ölkəmizə olan dəstəyi, Pakistanın dəstəyi, MDB məkanının bəzi ölkələri və türkdilli dövlətlərin sayğılı münasibəti də bu qələbədə mühüm amil oldu”.
Rüfət NADİROĞLU