Azərbaycanı canımız, qanımız olaraq görürük - Çavuşoğlu

11 Noyabr 2020 15:54 (UTC+04:00)

Türkiyənin hər bir vətəndaşı “can Azərbaycan” deyir. Biz bir millətik və Azərbaycanı da canımız, qanımız olaraq görürük. Bu hamımızın ürəyindən gələn sözdür. Hər zaman can Azərbaycanın yanında olduğumuzu söylədik. Amma bu, sadəcə, sözlə deyil. Azərbaycanın hər bir platformada bizə dəstək verdiyi kimi, biz də can Azərbaycana dəstəyimizi göstərdik.

Mövqe.az xəbər verir ki, bu sözləri noyabrın 11-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada və Bakıda keçirilən birgə ağacəkmə mərasimində bildirib.

“Qəhrəman Azərbaycan Ordusu işğal edilmiş torpaqları böyük mübarizə ilə bir-birinin ardınca geri aldı. Arada atəşkəslə bağlı razılaşmalar oldu. Azərbaycan diplomatik yolla da torpaqlarını geri qaytarmağa hazır olduğunu göstərdi. Amma işğalçı Ermənistan hər dəfə atəşkəsi pozdu, həm də insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri törədərək, mülki şəxslərə hücum edərək”, - deyən Türkiyənin xarici işlər naziri Müzəffər Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Ordusunun daim yanında olan Azərbaycan xalqına minnətdarlığını bildirib. Qeyd edib ki, Ermənistan atəşkəsi pozmasının qarşılığını layiqincə aldı və sonda təslim olmaq məcburiyyətində qaldı. Halbuki, biz illərdir eyni çağırışı edirdik ki, Ermənistan işğal etdiyi torpaqlardan sülhlə çıxsın. Amma Ermənistan bu yolu seçmədi. Nəticədə Azərbaycan böyük qələbə əldə etdi.

Mövlud Çavuşoğlu diqqətə çatdırıb ki, qalan torpaqlar təqdim edilmiş cədvəl əsasında Azərbaycana geri qaytarılacaq. Ondan sonrakı dönəmdə həmin torpaqlar canlanacaq. “Bundan sonra da biz qardaş Azərbaycanın yanında olacağıq. Azərbaycanla, qəhrəman Azərbaycan Ordusu ilə fəxr edirik, qürur duyuruq. Türkün gücünü bütün dünyaya göstərdi, türkün güvəni özünə qayıtdı. Buna görə də qürur duyur və fəxr edirik”.