Albaniyanın sabiq dövlət başçısı Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

11 Noyabr 2020 22:10 (UTC+04:00)

Albaniyanın sabiq Prezidenti və Baş naziri Sali Berişadan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlanıb.

Mövqe.az-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə Şuşa şəhərinin və ölkənizin işğal altında olan digər ərazilərinin azad edilməsi ilə bağlı ordunuzun və dövlətinizin əldə etdiyi nailiyyətlər münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizi, həmçinin imzaladığınız bəyanat münasibətilə təbrik edirəm.

Ölkənizin dostu və Albaniyanın sabiq Baş naziri olaraq, müasir dövrümüzün ən böyük layihələrindən biri olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi vasitəsilə Sizinlə sıx əməkdaşlıq edən biri kimi, mən Sizin rəhbərliyinizlə Ordunuzun ölkənizin işğal olunmuş ərazilərini azad etmək istiqamətindəki uğurlu nailiyyətlərini böyük maraqla izləmişəm. Mən qəti əminəm ki, qalan əraziləriniz də Sizin rəhbərliyinizlə işğalçılardan azad ediləcək və Azərbaycan regionda sülhün, sabitliyin və tərəqqinin əsas dayağı olacaqdır".