Qarabağ sən azadsan,sən bizimləsən!

12 Noyabr 2020 15:15 (UTC+04:00)

Bu günlərdə hər kəs Qarabağlıldır. Qarabağ sən elə əziz, elə doğma diyarsan ki, qayıdışına bütün cahan sevinir. Nəhayət 30 illik həsrət sona çatdı. Artıq bizə evimiz qədər yaxın, vətənimiz qədər uzaqsan.

10 Noyabr! Azərbaycan tarixinin ən şərəfli səhifəsi , kiçikdən-böyüyə hər kəsin sevindiyi, qürurlandığı gün! Bu gün 30 illik həsrətlə bərabər, ayrılıqlar sona çatdı.. Xarı bülbülün yenidən çiçək açdığıı, istisuyun yenidən qaynadığı, dağlarımızın başından dumanın geri çəkildiyi gün yetişdi! O dağlar ki, 30 ildir, günəşə həsrət idi.. Məhz buna görə də 10 Noyabr günəşin yenidən Azərbaycan xalqının üzərinə doğduğu gündü !

Təbii ki, bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır.

Bəyanatın imzalanmasının səbəblərindən biri  Şuşanın, daha sonra bayraq günü 72 yaşayış məntəqəsinin, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad edilməsidir. 

Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın.

Son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi.

Bundan əlavə daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Azərbaycan xalqı yumruq kimi birləşib. Bu birlik əbədi olacaq. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir.

Bu günlərdə bütün bölgələrdə hər bir vətəndaş böyük həyəcan hissi ilə hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlarımıza sevinib.

Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi!

Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir.

Ermənistan monodövlətdir, orada ermənilərdən başqa heç kim yaşamır. Çünki heç kim orada yaşaya bilmir.

30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Xocalı qurbanlarının da, şəhidlərimizin də qisasını aldıq. Əminəm ki, onların ruhu bu gün şaddır!

Artıq bundan sonra işğal tarixlərini deyil,zəfər günlərimizi qeyd edəcəyik!

Azərbaycan! Sənə məhz qələbələr,sevinclər yaraşır! Bayrağın daima yüksəklərdə adın qəlblərdə var olacaq!

 

Verdiyeva Şəbnəm

Nəsimi rayon gənci, Azərbaycan Dillər Üniversitetinin tələbəsi