Ermənistanda Paşinyanın istefası Qarabağla bağlı mövcud nizamlanma prosesini dəyişə bilər?

13 Noyabr 2020 10:12 (UTC+04:00)

Ermənistan qarışıb. Müxalifət Ermənistanın aldığı ağır məğlubiyyət və bağlanan üçtərəfli bəyanat fonunda Nikol Paşinyan hökumətini devirmək istəyir.
Ölkənin 17 müxalif siyasi partiyası mitinqlərə start verib. Özü də bu qüvvələrin başında əsasən “Qarabağ klanı” dayanlır. Onlar üçün yaranmış vəziyyət Paşinyandan qisas almaq üçün bir fürsətdir. Ona görə də Paşinyanın istefasını və müvəqqəti hökumətin qurulmasını tələb edir. Başlıcası isə onlar üçtərəfli müqavilədəki şərtlərin ermənilər üçün kapitulyasiya olduğunu bildirərək, Paşinyanı satqınlıqda ittiham edirlər. Düzdür, hələlik Paşinyan hökuməti rəqiblərinə müqavimət göstərir. Bu müstəvidə Ermənistan parlamentinin baş nazirin istefası ilə bağlı növbədənkənar iclası baş tutmayıb. Çünki kvorum olmayıb. Görünən odur ki, hakimiyyətdən olan deputatlar prosesin hüquqi əsasda həllinə bu yolla əngəl olmaqda davam edirlər. Buna baxmayaraq, aydın msələdir ki, Paşinyana müxalif qüvvələr ona təzyiqləri daha da artıracaq. Xaricdən də, xüsusən Rusiyadakı bəzi ermənipərəst qüvvələr tərəfindən həmin müxaliflərə ciddi dəstək var. Onlar burada yenidən öz adamlarını oturtmaq istəyirlər. Hər halda qarşıdakı günlərdə Paşinyan hökumətinə daxildən təzyiqlər daha da artacaq. Belə ki, ona müxalif olanlar, xüsusən də “Qarabağ klanı” yaranmış fürsətdən maksimum dərəcədə istifadə edəcək. Qanuni formada Paşinyanın istefasına nail olunmasa, aydın məsələdir ki, Ermənistanda proseslər daha kəskin xarakter alacaq. Bu müstəvidə Ermənistanda, hətta vətəndaş müharibəsi də alovlana bilər. Bilirik ki, Ermənistanda siyasi proseslər hər zaman küçədən, qan tökməklə həll olunub. Onlarda hakimiyyətə gəlmək üçün belə qeyri-adi proseslərdən yararlanmaq adi hal alıb. Paşinyan özü də hakimiyyətə küçədən gəlib. Müxaliflərin tələbilə Paşinyan hakimiyyətdən getməsə, hətta ölkədə hərbi çevrilişin olması ehtimalı da böyükdür. Bir sözlə, cəbhədə aldğı sarsıdıcı zərbələr Paşinyanı olduqca acınacaqlı vəziyyətlə üz-üzə qoyub. Onun bundan sonra hakimiyyətdə qalması olduqca müşküldür. Yalnız bir halda o hakmiyyətdə qala bilər. Daha doğrusu iqtidarda qalma müddətini bir qədər uzadar.  O, da ağası olan Moskvanın diktəsinə tabe olması fonunda baş verəcək. Yəni üzünü Qərbə deyil, şimala yönəltməlidir. Paşinyanln son açıqlamaları da onun məhz bu istiqamətə yönəldiyini göstərir. Bu baş verməsə, Paşinyanın devrilməsi labüd olacaq.
Bu fonda maraqlıdır, hazırkı Ermənistan hökumətinin dəyişilməsi Qarabağ münaqişəsinin nizama salınmasına yenilik gətirə bilərmi?
Axı, Paşinyana qarşı duran qüvvələr onu məhz imzaladığı nizamlanma prosesinə görə ittiham edir və istefaya çağırırlar. Deməli bu fonda onun yerinə gələnlər tutduqları indiki mövqeyə uyğun olaraq, münaqişə ilə bağlı tamam fərqli mövqe sərgiləmək istəyəcəklər. Yəni Ermənistanda hakimiyyət dəyişikliyi fonunda yeni gələnlər imzalanan üçtərəfli bəyannaməyə qarşı çıxacaqlar. Bu birmənalıdır. Qarşı çıxmağına çıxacaqlar, amma onların Qarabağ münaqişəsinin nizamlanma prosesinə hər hansı bir yenilik gətirəcəlkləri heç bir halda mümkün deyil. Buna onların nə gücü, nə də səriştəsi çatmır. Düzdür, Ermənistanda hakimiyyət dəyişməsi fonunda yeni gələnlər bir müddət  hazırkı eyforiyanı davam etdirərək, münaqişə ətrafında mövcud nizamlanma prosesinin  qəbuledilməz olduğunu diktə etməyə çalışacaq. Ancaq onlar da bilir ki, buna nail olmaları qeyri-mümkündür. Çünki birincisi, şimaldan əsən külək və onları hakimiyyətə gətirənlər ermənilərə bunu etməyə imkan verməyəcək. Çünki hazrıda yaranan mövcud vəziyyət Rusiyanın da istəyinə cavab verir. Çünki razılaşmanın pozuması əslində Rusiyanın prosesdəki roluna və Putinin şəxsinə meydan oxumaqdır. Anlaşmanın baş tutmaması Putinin və Rusiyanın beynəlxalq münasibətlərdəki və Qafqazdakı nüfuzuna mənfi mənada təsir edəcək. Həmçinin, Putinin Rusiya daxilində nüfuzunu sarsıdacaq. Digər tərəfdən, Ermənistanda hakimiyyət dəyişsə və anlaşma baş tutmasa Rusiya ilə Türkiyə arasında Qafqazlarda ciddi ziddiyyətlər yaranacaq.
Başlıcası isə razılaşmanın olmaması ermənilərin indi Dağlıq Qarabağda əllərində qalan kiçik ərazilərin də itirilməsilə nəticələnəcək. Belə ki, İrəvanın nizamlanma prosesindən imtinası Azərbaycan Ordusuna hücuma keçərək qısa zaman kəsiyində işğalçı pozucu qüvvələri indi qaldıqları son mənzildən də çıxarmağa hüquqi əsas verəcək. Buna Azərbaycan Ordusunun tam olaraq gücü və potensialı çatır. Rusiya da bu zaman  prosesə göz yumacaq. Bunu hakimiyyətə kimin gəlməsindəna sılı olmayaraq ermənilər də gözəl bilir. Yəni İrəvanda yeni gələcək qüvvələrin nizamlanma prosesindən imtinası Ermənistan və elə onların özü üçün daha dəhşətli olacaq. Həmin addım Ermənistanı tam olaraq məhv edəcək. Bu mənada Ermənistanda hakimiyyət dəyişikliyi olarsa, gələn yeni qüvvələr nə qədər istəsələr, bağırsalar da, konfliktin nizamlanma prosesinə hər hansı bir yenilik gətirə bilməyəcəklər.
Rüfət NADİROĞLU