Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

13 Noyabr 2020 21:19 (UTC+04:00)

Avstraliya Azərbaycan Assosiasiyasının sədri Mikayil Oytadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlanıb.

Mövqe.az-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli Prezident, cənab Ali Baş Komandan İlham Əliyev.

Avstraliya Azərbaycan Assosiasiyası tərəfindən Sizi Qarabağımızın işğaldan azad olunması zəfəri münasibətilə ürəkdən təbrik edirik. Sizin iradəniz və rəhbərliyinizlə qəhrəman Azərbaycan Ordusu Ermənistana gücünü göstərdi. Bu gün dünya azərbaycanlıları böyük sevinc içindədirlər. Avstraliyadakı soydaşlarımız da bu qələbə sevincini yaşayır və qürur hissi ilə bu tarixi zəfəri qeyd edirlər. İnanıram bu qələbə cinayətkar Ermənistana böyük bir dərs oldu.

Biz, Avstraliyada yaşayan azərbaycanlılar bundan sonra dünyada başımızı uca tutmalı və azərbaycanlı olaraq daha fərqli qürurlanmalıyıq. Fəxrlə deyirik ki, bəli, biz azərbaycanlıyıq və çirkin niyyətli erməni lobbilərinin, o cümlədən diasporunun terror əməllərinə qarşı çox möhkəm dayanacağıq. Alnımız açıq, daha da güclü şəkildə diaspor fəaliyətlərimizdə Azərbaycan millətinin və dövlətinin mənafeyinin müdafiəsi və mühafizəsi uğrunda mübarizə aparacağıq. Bu, bizim millətimizə və dövlətçiliyimizə olan milli borcumuzdur.

Allah qəhrəman şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin.

Sizə və millətimizə eşq olsun!".

X X X

Böyük Britaniya parlamentində Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkməndən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlanıb.

Məktubda deyilir:

Hörmətli cənab Prezident.

Sizi və Azərbaycan xalqını işğal altında olan torpaqlarınızın, xüsusilə də noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsində Azərbaycan Silahlı Qüvvələrinin qazandığı Qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. Mən ölkənizə səfərlərim zamanı məcburi köçkünlərlə görüşlər keçirən bir şəxs kimi Şuşanın azad edilməsinin xalqınız üçün nə qədər əhəmiyyətli olduğunu yaxşı bilirəm. Şuşanın işğaldan azad edilməsinin Azərbaycanın noyabrın 9-da qeyd etdiyi Dövlət Bayrağı Gününə təsadüf etməsi həqiqətən də əlamətdar hadisədir.

Mən tam əminəm ki, Sizin rəhbərliyinizlə Şuşa şəhəri Azərbaycan mədəniyyətinin və incəsənətinin beşiyi kimi əvvəlki şöhrətini bərpa edəcək. Biz Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri olaraq tarixi Şuşa şəhərinə səfər etməkdən şərəf hissi duyardıq.

Biz, həmçinin üçtərəfli razılaşmaya əsasən Ermənistan silahlı qüvvələrinin Qarabağdan tam və qeyd-şərtsiz çıxarılması barədə bəyanatı da ürəkdən alqışlayırıq.

Cənab Prezident, müharibənin fəal fazasında təmkin və qətiyyət nümayiş etdirməyiniz hamı tərəfindən yüksək qiymətləndirilir. Biz Azərbaycanın Böyük Britaniya parlamentindəki dostları olaraq Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyimizi bir daha bəyan edirik. Biz azərbaycanlı məcburi köçkünlərinin öz doğma yurdlarına qayıdacağı günü səbirsizliklə gözləyirik".

X X X

Qafqaz mənşəli Dağ Yəhudilərinin Ümumisrail Birliyinin sədri, Dağ yəhudilərinin parlament lobbisinin baş direktoru Pavel Yelizarovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlanıb.

Məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Ümumisrail Dağ Yəhudiləri Birliyi adından şəxsən Sizə və bütün Azərbaycan xalqına Azərbaycan xalqı və bütün azərbaycanlı həmvətənlər üçün böyük Qələbə günü münasibətilə səmimi təbriklərimizi bildirirəm.

Tarixi ədalət zəfər çaldı və Azərbaycan xalqı öz tarixi torpaqlarına sahib çıxdı.

Dağ yəhudiləri və Azərbaycan xalqı müxtəlif dövrlərdə həm sevincli, həm də kədərli günlərdə həmişə bir-birinə qardaş olublar. Biz Azərbaycanın uğurlarına görə çox şadıq".

X X X

Əfqanıstanın Azərbaycandakı sabiq səfiri Məhəmməd Taqi Xəlilidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlanıb.

Məktubda deyilir:

"Zati-aliləri.

Sizi və Azərbaycan xalqını torpaqlarınızın 28 illik işğaldan azad edilməsi ilə nəticələnən qələbə və döyüşlərin dayandırılmasına dair bəyanatın imzalanması münasibətilə səmimi qəlbdən təbrik edirəm. Şübhəsiz ki, bu tarixi qələbə regionda ədalətin bərqərar olması baxımından çox mühüm hadisədir. Əslində, bu şanlı qələbə Sizin qətiyyətli liderliyiniz və peşəkar ordunuz sayəsində qazanılıb.

Ölkənizin ayrılmaz ərazisinin uzun müddət işğal altında qaldığı dövrdə Sizin nümayiş etdirdiyiniz səbir və təmkin təqdirəlayiqdir. Əfqanıstanın milyonlarla əhalisi adından və şəxsən öz adımdan rəşadətli Azərbaycan əsgərlərinə və bu qələbənin əldə olunmasına töhfə verən bütün şəxslərə minnətdarlığımı bildirirəm.

Bu təcavüzün əvvəlindən Sizin yanınızda olan Əfqanıstan xalqı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğaldan azad olunmasını Sizinlə birgə qeyd edir.

Razılaşmanın tam icrası və ölkənizin işğal atlında olan digər ərazilərinin azad edilməsi ilə bağlı xəbərləri səbirsizliklə gözləyirik. Sizə və Azərbaycan xalqına ədalətin bərpası istiqamətində fəaliyyətinizdə səmimi qəlbdən davamlı uğurlar arzu edirəm".