Məhv olmuş qondarma rejimin tör-töküntüləri çirkin niyyətlərindən əl çəkmək istəmirlər

14 Noyabr 2020 08:30 (UTC+04:00)

Ermənilər Dağlıq Qarabağda onlara status verilməməsinə görə addımbaşı proseslərə kölgə salmaq üçün kütləvi informasiyalar vasitəsilə təxribatlar törədirlər. Azərbaycan işğal altındakı torpaqlarını düşmən işğalından, eyni zamanda tarixi torpaqlarımızda yaradılan xunta rejimindən, terrorçu dəstələrdən azad edib. Artıq Ermənistan hökümətinin də kapituliyası aktını imzaladığı və üzərinə götürdüyü öhdəliklər rəsmən təsdqilənib.

Üçtərəfli bəyanatın mətnindən aydın olur ki, artıq Qarabağda qondarma respublika olmayacaq. Belə olan halda “dqr” adlı qurumun guya İrəvanda fəaliyyətini davam etdirməsi haqda ermənilərin yaydığı məlumatlar sülhün yaranması prosesinə mane ola bilərmi?

Qarabağ Azadlıq Təşkilatının (QAT ) sədri Akif Nağı bizimlə söhbətində bildirdi ki, bu olduqca aktual bir sualdır və hər kəsi ciddi şəkildə düşündürür:”Hər kəsdə belə bir sual var ki, ermənilər bu məsələdən sonra özlərini necə aparacaqlar? Bilirik ki, Dağlıq Qarabağ Azərbaycanın nəzarətinə qaytarılıb, burada yaşayan ermənilərə heç bir status verilmir. Qondarma rejimin separatçı rəhbərliyi İrəvandadır. Suallar yaranır ki, Ermənistanın rəsmi dairələri, mətbuatı bundan sonra da qondarma rejiminin adından danışmağa davam edəcəkmi? Qondarma rejimin “rəhbər”i Araik Hartinyunyan da “fəallaşıb” və əhalini Dağlıq Qarabağda yaşamağa çağırır, özü də təkrar geri qayıtmaq niyyətində olduğunu açıqlayır. O artıq deyir ki, İrəvanda yox, qayıdıb Xankəndidə “fəaliyyət” göstərmək istəyir. Amma bu məsələdə Azərbaycan Türkiyə ilə birgə bu məsələdə ortaya aydın mövqe qoymalıdır ki, erməni separatçılarının Azərbaycan ərazisində bundan sonra hansısa bir fəaliyyət cəhdlərinə yol vermək olmaz. Azərbaycan birmənalı şəkildə məsələ qoymalıdır ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni əhalisi var, ermənilər də olsa-olsa erməni icmasının adından danışa bilərlər, başqa heç bir formatda onların nəyəsə müdaxilə etmək imkanları yoxdur. Azərbaycan heç bir halda başqa format qəbul etməməlidir. Ermənilər onsuz da danışırlar, indi beynəlxalq aləmdə də saxta təbliğatlarını davam etdirəcəklər. Paşinyan da iddia edir ki, məqsədləri qondarma “DQR”-in “müstəqilliyi”ni beynəlxalq aləmdə tanıtmaqdır və işlərini bu istiqamətdə quracaqlar. Bu isə heç vaxt baş verməyəcək. İndiyə qədər bu olmayıb, indidən sonra da heç olmayacaq. Lakin, ermənilər öz genetik xasiyyətlərindən çətin ki, əl çəksinlər. Qondarma “DQR” bütün dünyaya car çəkəcək ki, Azərbaycan ordusu gəlib guya bunların “dövlət müstəqilliyini” boğub. Ona görə bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi sərt olmalı, bu istiqamətdə Azərbaycan diplomatiyası, diaspor təşkilatlarımız  işləməlidir ki, heç kəs qondarma rejimin adından danışanları yaxına buraxmasınlar. Qondarma rejimin “rəhbər”inin istəyi yenidən Dağlıq Qarabağı müharibə ocağına çevirməyə cəhd etmək və sülh prosesinə zərbə vurmaqdır. Amma biz heç cür buna imkan verməyəcəyik. Üçtərəfli bəyanatda hər şey ifadə olunub və torpaqlarımız işğaldan azad olunub, erməni silahlı birləşmələri ərazilərimizdən çıxarılır”.

A.Nağının sözlərinə görə, qrafik üzrə bütün torpaqlarımız qaytarıldıqdan sonra orada yaşayan ermənilər Azərbaycan hakimiyyətinin bütün ərazilərində tanınmasını qəbul etməlidirlər. “Bu gün ermənilər Dağlıq Qarabağda onlara status verilməməsinə görə addımbaşı proseslərə kölgə salmaq üçün kütləvi informasiyalar vasitəsilə təxribatlar törədirlər və bizim diplomatiyamızın qarşısında duran vəzifələrdən biri də bu təxribatın qarşını almaq, beynəlxalq aləmi real vəziyyətlə tanış etməkdir. Bu vacibdir, çünki qondarma rejimin “rəhbər”liyi və “tərəfdarları” öz çirkin niyyətlərini gerçəkləşdirmək üçün hər cür informasiya təxribatına əl atırlar. Buna yol vermək olmaz”-deyə, A.Nağı əlavə etdi. 

Aytəkin KƏRİMLİ