Qatar Mincivandan geçəcəkmi-Mütəxəssislər nə düşünür?

14 Noyabr 2020 09:00 (UTC+04:00)

Bilavasitə olaraq bu infrastrukturun yaradılması Naxçıvanla onunla həmsərhədd olan qərb rayonlarımız arasında quru əlaqələrin bərpa olunması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vldadimir Putin tərəfindən imzalanan üç tərəfli bəyanatda tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.

Azərbaycanın Qərb rayonları Tovuz-Qazax zonası sayılır. Bu, Laçından keçən əvvəlki avtomobil yolunu və Mincivandan keçən dəmir yoluna aid edilmirmi?

Tanınmış iqtisadçı ekspert Pərviz Heydərov “Mövqe”yə şərhində bildirdi ki, sözügedən yeni nəqliyyat kommunikasiyalarının inşasının böyük sosial, iqtisadi, siyasi əhəmiyyəti var. Bunun həm də Mincivandan keçən dəmir yolunun yenidən bərpa edilməsinə imkan verəcək. “Bu marşurut üzrə dəmir yolunun bərpası, inşası reallaşacaq. Artıq gələcəkdə bu istiqamətə dəmir yolu xəttinin salınması ilə bağlı qardaş Türkiyə Respublikası  təşəbbüs irəli sürüb. Təsəvvür edirsiz bu nə deməkdir. Baxmayaraq ki, indiyə qədər bütün böyük infrastruktur və digər layihənin təşəbbüskarı həmişə Azərbaycan olub. Amma bu yöndə ilk təşəbbüsü qardaş Türkiyə qaldırdı. Həmin ərazidə Sovet dövründən qalan köhnə infrastruktur, əlaqə imkanları yəqin ki, var və ilk növbədə burada söhbət təhlükəsizliyin, sabitliyin necə təmin olunacağından gedir. Üçtərəfli bəyanatda hər şey aydın yazılıb. Həmin sənəddə Naxçıvanla Azərbaycanın qərb rayonları arasında müvafiq əlaqənin yaradılması haqqında bənddə göstərilir ki, söhbət bilavasitə Naxçıvanla yaxın olan qərb rayonlarından gedir. Xüsusən də Zəngilan və Qubadlı nəzərdə tutulur, Minicivan da Zəngilanın  qəsəbəsidir, işğala qədərki dövrdə Mincivan-Culfa (Naxçıvan) dəmir yolu xətti mövcud olub, güman edirəm ki, quru yolun salınması da bu ərazidə baş verəcək. Hesab edirəm ki, bilavasitə olaraq bu infrastrukturun yaradılması Naxçıvanla onunla həmsərhədd olan qərb rayonlarımız arasında quru əlaqələrin bərpa olunması istiqamətində mühüm əhəmiyyət kəsb edir”.   

P.Heydərov qeyd etdi ki, Laçın dəhlizinə gəlincə isə bəyanatda üç il ərzində Laşın dəhlizinin mövcud yeri başqa yerə dəyişdirdiləcəyi əks olunub. Həmin o başqa yerin hara olacağı sənəddə konkret göstərilmir. Bu üç ilin arasında tərəflər arasında müəyyən olunacaq. Burada yenə də deyirəm burada söhbət ilk növbədə təhlükəsizliyin və sabitliyin necə qorunacağından gedir. Bu həllini tapandan sonra bizim xeyrimizə olan müsbət cəhətlərdən biri də budu ki, Laçın dəhlizinin hazırkı yeri üç il ərzində tamamilə başqa əraziyə transfer olunacaq”.

Bu kommunikasının yaradılmasının bizə çox böyük imkanlar yaradacağını deyən P.Heydərovun fikrincə, Naxçıvanla qərb rayonları arasında quru əlaqənin bərpa olunması Azərbaycanın bilavasitə Türkiyəyə, ordan isə Avropaya çıxışının təmin olunması deməkdir. “Bu bilavasitə bizim Türkiyə ilə olan iqtisadi, ticari əlaqələrimizi bir az da asanlaşdırılmasını, nəqliyyat daşımalarının həyata keçirilməsində maya dəyərinin aşağı düşməsini və sair məsələləri əhatə edəcək.  Bundan əlavə, nəzərə alsaq ki, Azərbaycan “Bakı-Tbilisi-Qars” dəmir yolu və digər bu kimi və böyük enerji daşıyıyıcıları layihələrinin müəllifidir, bunun bizim üçün əhəmiyyəti böyükdür. Biz neçə illərdir “Böyük İpək” yolunun bərpasından danışırıq. Naxçıvanla (Ermənistandan keçməklə) Azərbaycanın qərb rayonları arasında müasir Avropa standartlarına quru yol yaranarsa, kommunikasiya əlaqələri bərpa olunarsa bu həm də “Böyük İpək” yolunun əlavə bir qolunun açılacağı deməkdir. Özü də mən sizə bir söz deyim, Azərbaycan dövlətinin maliyə imkanları, iqtisadi gücü bizə imkan verir ki, əgər tələb olunan təhlükəsizlik və sabitlik tədbirləri yüksək səviyyədə həyata keçirilərsə, Naxçıvan və Azərbaycan arasındakı bütün kommunikasiya əlaqələrinin sıfırdan yüksək Avropa standartlarına uyğun təşkil olunmasını bilavasitə Azərbaycan özü həyata keçirsin”-deyə P.Heydərov bildirdi.

Leyla QARAXANLI