Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı

14 Noyabr 2020 19:33 (UTC+04:00)

Ermənistan  həm cəbhədə, həm diplomatiya, həm də informasiya sahəsində məğlubdur. İşğalçı ölkənin rəhbərləri  kütləvi informasiya  vasitələrinə verdikləri müsahibələrdə özlərini gülünc vəziyyətə salır,  ermənilər haqqında məzlum, əzilən  daim təzyiq altında olan, yazıq xalq təəssüratı yaratmağa cəhd edirlər. Buna isə artıq inanan yoxdur. Çünki  Nikol Paşinyan həm beynəlxalq, həm də digər tədbirlərdə ziddiyyətli fikirlər səsləndirir, dediklərini bir saat sonra danır, sərsəm bəyanatlar  verir. Ona görə də artıq həm yerli, həm də beynəlxalq ictmaiyyət onu qeyri- ciddi adam kimi qəbul edir. Paşinyan və onun komandası tarixi faktları nə qədər  saxtalaşdırsalar da,  onların cəfəngiyyatlarına heç kim inanmır.

     Ermənistanın məğlubiyyəti şübhəsiz ki, Azərbaycanın qələbəsidir. Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan beynəlxalq müstəvidə də öz nüfuzunu itirdi. Belə ki, hələ münaqişənin ilk günlərindən Azərbaycan tərəfinin ona təklif etdiyi şərtləri məhz döyüş meydanındakı məğlubiyyətindən sonra qəbul etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu 44 gün ərzində verdiyi 30 –dan çox müsahibənin hər birində bəyan edi ki, Ermənistan, qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü halda, hərbi əməliyyatlar dayandırılacaq.
      Noyabrın 10-da Azərbaycan Respublikasinin Prezidenti,Ali Baş komandan İLHAM ƏLİYEV Azərbaycan xalqına şad xəbər verdi. Belə ki, Azərbaycan Respublikasının Prezidenti,  Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı imzaladı. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur; Bu bəyanat Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanıb və Ermənistanın kapitulyasiya aktıdır.

      44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı stratejiyüksəkliklər azad olundu . Bu bizim qələbəmizdir. Torpaqlarımız  azad oldu. Üçrəngli Bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarda qaldırıldı. Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad etdik. Biz həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik.  Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!
Qarabağ bizimdir.Qələbə bizimdir. Qarabağ Azərbaycandır! 

 

Nəsimi rayon

Abasov Orxan