Azərbaycan ordusunun tarixi qələbəsi!

14 Noyabr 2020 20:42 (UTC+04:00)

Qarabağ uzun illər mənfur, acgöz Ermənistan hökumətinin xəyalları olmuşdur. Belə ki, düşmən ölkə məkrli siyasətlərindən əl çəkməyərək Qarabağa ərazi iddiası etməyə başlamış və 1991-ci ilin sonu-1992-ci ilin əvvəlində münaqişənin hərbi mərhələsi başlandı. Sovet İttifaqının parçalanması və Azərbaycanda daxili çəkişmələr nəticəsində yaranmış siyasi qeyri-sabitlikdən istifadə edərək, Ermənistan xarici hərbi yardımla Dağlıq Qarabağda hərbi əməliyyatlara başladı.

1992-ci ilin fevral ayında Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı misli görünməmiş qırğın törədilmişdir. Xocalı soyqırımı kimi tanınmış bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi yaxud əsir düşməsi ilə nəticələnmiş, şəhər yerlə-yeksan edilmişdir. 1992-ci ilin may ayında Şuşa şəhəri və Ermənistanla Dağlıq Qarabağ arasında yerləşən Laçın rayonu işğal edilmişdir. 1993-cü ildə isə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı daha altı rayonunu – Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdilər. Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Respublikası ərazisinin təxminən beşdə biri işğal olunmuş, ölkə daxilində təxminən hər 8 nəfərdən biri köçkün və ya qaçqına çevrilmişdi. 12 may 1994-cü il tarixində atəşkəs imzalanmışdır, lakin Ermənistan atəşkəs rejiminə riayət etməyərək uzun illər pozmaqda davam etmiş. 2003-cü ilin yayından etibarən erməni tərəfinin atəşkəsi pozma halları kəskin şəkildə artmışdır. 2020-ci ilin 27 sentyabr tarixindən ermənilərin atəşkəsi növbəti dəfə pozması nəticəsində Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə əks-hücuma keçərək əzəli torpaqların işğaldan azad olunması yolunda hərbi əməliyyatlara başlamışdır. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Müharibənin nəticəsində bütün dünya Prezident İlham Əliyevin tarixi torpaqlarımızın azad olunması yolundakı qətiyyətinin, Azərbaycan ordusunun şücaətinin, mərdliyinin və rəşadətinin şahidi oldu. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi.  30 illik sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu, Azərbaycan Silahlı Qüvvələri keçmiş DQMV-nə, o cümlədən Şuşa şəhərinə ümumiyyətlə yaxın buraxılmırdı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi. Azərbaycan Prezidenti yeni reallıq yaratdı, hazırda Şuşa şəhəri daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarətindədir. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. Ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən,qan tökülmədən geri qaytarılır. Şuşa şəhərinin, Kəlbəcər, Ağdam, Laçın rayonlarının, Hadrut qəsəbəsinin geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir.

44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi, Ermənistanın isə biabırcasına məğlubiyyəti ilə başa çatdı. Hazırda Ermənistan 1992-1993-cü illərdəki Azərbaycanı xatırladır, idarəçilikdə naşı, səriştəsiz, qeyri-peşəkar şəxslərin təmsil olunması ölkəni bir-birinin ardınca böhranlara və fəlakətə sürükləyir. Ermənistan hazırda vətəndaş müharibəsi ərəfəsindədir. Ermənistan iqtisadiyyatı tam çöküb, ölkənin xarici borcu artıb, əhalinin sosial təminatı sahəsində fəlakətli durum yaranıb.

          Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu böyük ruh yüksəkliyi, əzmkarlıq və yüksək peşəkarlıq göstərərək Vətən müharibəsində parlaq qələbə qazandı,  Azərbaycanın ərazi bütövlüyünü təmin edərək  tarixi ədaləti bərpa etdi. Eşq olsun Azərbaycan ordusuna!

Fehruzzadə Xatirə

Nəsimi rayon Təhsil işçisi