"Sevginin ünvanı ürəkdir"

17 Noyabr 2020 08:00 (UTC+04:00)

Dörd dost, dörd ürək, dörd sirdaşdan bir yarpaq...
Zamanının ən çox sevilən yazıçısı və jurnalisti, kitablarını bu gün də sevə-sevə oxuduğum, əzizləyib saxladığım dəyərli yazıçı SALAM QƏDİRZADƏnin xatirə günüdür.
Ehtiramla xatırlayaq.
Salam Qədirzadə: "Başqalarının kədərini, sevincini onlardan da artıq yaşamayan yazıçı sənətkar deyil".
Azərbaycanın görkəmli yazıçı-jurnalisti,  publisisti, Əməkdar incəsənət xadimi, əziz Müəllimim Nurəddin Babayev xatirələrində yazırdı ki, onlar yeniyetmə çağlarında dörd dost olublar: Şıxəli Qurbanov, Bəşir Səfəroğlu, Salam Qədirzadə və Nurəddin Babayev. 
Onların ağıllarına da gəlməzdi ki, illər keçəcək, bu dostların hər birinin Azərbaycan ədəbiyyatında, mədəniyyətində, ictimai-siyasi həyatında öz yeri, öz çəkisi olacaq. Şıxəli Qurbanov dövlət xadimi, yazıçı kimi seviləcək. Bəşir Səfəroğlu Azərbaycan səhnəsinin parlaq ulduzuna çevriləcək. Hətta dostu Salam Qədirzadənin tiplərini yaradacaq. Yazıçının povest və romanları minlərlə oxucunun qəlbinə yol tapacaq, seviləcək. Azərbaycanda Jurnalistika fakültəsinin yaradıcısı Nurəddin Babayev uzun illər həmin fakültədə dərs deyəcək, əsərləri ilə bədii publisistikaya yeni nəfəs gətirəcək.
Salam Qədirzadənin kitabları isə əl-ələ gəzəcək, gənclərin ürək dostu, könül sirdaşına çevriləcək. "Qış gecəsi"ndə  "Sarmaşıqlı aynabənd"də dayanıb hər kəsə sevdalı-"Sevdasız aylar"dan, günlərdən danışacaq, "Nar çiçəyi nağılı"nı söyləyəcək, "46 bənövşə"dən söhbət açacaq, "Bir qız bir oğlanındır", "Sevginin ünvanı ürəkdir", "Hər gün ömürdən gedir" deyəcəkdi...
Salam Dadaş oğlu Qədirzadə 1923-cü ilin aprel ayının 10-da Bakı şəhərində anadan olub. Hələ uşaqlıq illərindən ədəbiyyata böyük həvəsi olan Salam Qədirzadə şeir və hekayələr yazır, ədəbi dərnəklərdə iştirak edir, məktəbdən sonra məhz bu sahədə təhsil almağı planlaşdırırdı. Lakin Böyük Vətən müharibəsi həmin arzuları düz 5 il təxirə saldı.
1941-ci ildə orta məktəbi bitirən kimi 18 yaşlı Salam Qədirzadə  könüllü şəkildə cəbhəyə yola düşür. 1941-1945-ci illərdə o, Şimali Qafqaz, Kuban, Qərbi Ukrayna, Polşa, Bessarabiya, Rumıniya, Çexoslovakiya, eləcə də Almaniyanın faşistlərdən azad edilməsində sıravi döyüşçü kimi iştirak edir, cəbhələrdə göstərdiyi şücaətə görə III dərəcəli Şöhrət ordeni, İgidliyə görə və daha yeddi medalla təltif olunmuş, Baş Ali Komandanlıq tərəfindən fərqləndirilmişdi. Müharibə illəri sonradan yazıçının bir sıra əsərlərində öz əksini tapmışdı. 
1946-cı ildə ordu sıralarından tərxis olunduqdan sonra Salam Qədirzadə Sumqayıt şəhərində 18 saylı fabrik-zavod təhsili məktəbində müdir müavini vəzifəsinə təyin edilir. 
O, 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, üçüncü kursdan təhsilini Moskvada, M. Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirib.
Eyni zamanda Mərkəzi radionun yerli verilişləri üzrə məsul redaktoru vəzifəsində çalışmağa başlayır.
1949-cu ildə Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə Salam Qədirzadə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilir. Onun hələ tələbə ikən diplom işi olaraq yazdığı “Gənclik” povestini Rusiyanın məşhur “Detgiz” nəşriyyatı ayrıca kitab şəklində nəşr edir. 
Moskvada oxuyarkən Salam Qədirzadə ailə qurur və 1952-ci ildə təhsilini başa vurduqdan sonra həyat yoldaşı ilə birgə Vətənə qayıdır. 
Gənc yazıçı səkkiz il Azərbaycan Yazıçılar İttifaqının orqanı olan “Azərbaycan” jurnalının məsul katibi vəzifəsində işləyir. 
1960-cı ildə Salam Qədirzadə “Kirpi” satirik jurnalının məsul katibi təyin olunur və 1966-cı ilədək həmin vəzifədə çalışır. 1975-1976-cı illərdə Salam Qədirzadə Yazıçılar İttifaqının Dramaturgiya üzrə məsləhətçisi kimi çalışır. 1976-cı ildə isə “Kirpi” satirik jurnalının baş redaktoru təyin olunur və 1980-cı ilədək həmin vəzifəni icra edir. Bir qədər sonra həmin dövrdə Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyevin iştirakı ilə keçirilən Azərbaycan Yazıçılarının Qurultayında Yazıçılar İttifaqının İdarə heyətinə üzv seçilir.
Salam Qədirzadə 35-dək kitab müəllifidir. "İlk hekayələr" (1951), "Gənclik" (1953), "Sarmaşıqlı aynəbənd" (1955) adlı ilk kitablarında yazıçı gənc nəslin yaradıcılıq əzmini, sevgi və məhəbbət duyğularını, arzu və istəklərini qələmə alıb. 
Onun “Qış gecəsi”, “46 Bənövşə”, “Kəndimizdə bir gözəl var”, “Sevdasız aylar” kimi romanları gənclərin masaüstü kitabına çevrilmişdir. Oxucular tərəfindən səbirsizliklə gözlənilən əsərləri hər zaman ən yüksək tirajlarla nəşr olunurdu. 
Yazdığı "Qış gecəsi", "46 bənövşə", "Nar çiçəyi nağılı", "Sevdasız aylar", "Sən olmasaydın" roman, povest və hekayə kitabları gənclərin mənəvi-əxlaqi keyfiyyətlərindən bəhs edir. 
Salam Qədirzadənin Böyük Vətən müharibəsi cəbhələrində iştirakı sonralar "Burada insan yaşamışdır" (1963) povestinin yaranmasına səbəb olub. Real və canlı müşahidələrdən doğan bu povest kövrəkliyi və səmimiyyəti ilə müharibə mövzusunda yazılmış əsərlər içərisində seçilir.
Salam Qədirzadə dramaturq kimi də tamaşaçıların rəğbətini qazanmışdır. Onun pyesləri təkcə Azərbaycanda deyil, Ukrayna, Moldova və digər ölkələrdə səhnəyə qoyulmuşdur. “Hardasan, ay subaylıq”, “Həmişəxanım”, “Gurultulu məhəbbət”, “Şirinbala bal yığır” kimi komediyaları isə elə indi də gündəmdədir. 
Salam Qədirzadə güclü satira və yumor ustasıdır. Onun satirik əsərləri müasir Azərbaycan ədəbiyyatında yeni bir səhifə açdı, yeni məktəbin bünövrəsini qoydu.
Onun  satirik povest və hekayələri, "Şirinbala bal yağır", "Hardasan, ay subaylıq", "Həmişəxanım" kimi məşhur, səhnədən düşməyən komediyaları, "Bir qız bir oğlanındır", "Sevginin ünvanı ürəkdir", "Hər gün ömürdən gedir" kimi kitabları dövründə böyük tirajla çap edilib və bestsellerə çevrilib.
Salam Qədirzadə yaradıcılıq baxımından çox dolğun, təqvimi hesabla isə qısa bir həyat yaşadı. O, 1987-ci ilin noyabrın 15-də 64 yaşında dünyasını dəyişdi. Yazıçı son kitabını “Hər gün ömürdən gedir” adlandırdı. Amma nə yazıq ki, bu kitabını görmək ona qismət olmadı...
Qızı Leyla Qədirzadə:
 - Canım atam, 33 il sənsiz keçdi... Bu 33 ildə nələr oldu, nələri görmək qismət olmadı sənə... Nələri səninlə bölüşmək mənə nəsib olmadı...
Salam Qədirzadə "Qəhrəman olmaq üçün bir an kifayətdir. Ləyaqətli insan olmaq üçün bəzən bir ömür boyu çalışmaq lazımdır" - demişdi. O da öz dediyi kimi ləyaqətlə yaşadı. Əsil İnsan kimi yaşadı, sevdi, sevildi. Ən önəmlisi odur ki, onu zamanında da sevdilər, indi də çox sevirlər...
Nurlanə Əliyeva
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Fransa deputatlarının ölkəmizə səfəri fransızların gözündəki “pərdəni” qaldıra biləcəkmi?
E “Bəlkə də fransız deputatlar Azərbaycanda erməni kilsəsinin hansı şəkildə saxlandığını, qorunduğunu təqdir edəcəklər və bu haqda fikirlər bildirəcəklər, ancaq onlar Fransanı Ermənistanın “böyük bacısı” rolundan uzaqlaşdıra bilməyəcəklər”
E “Fransadan bir neçə deputatın Azərbaycana gəlib Bakıdakı erməni kilsəsində olmasını müəyyən qədər Fransa Azərbaycan münasibətlərinin yenidən yaxşılaşdırılmasına doğru Fransa tərəfindən atılan addım kimi dəyərləndirmək olar” 
Fransa Milli Assambleyasının üzvləri, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupu sədrinin üç müavini və bir katibindən ibarət nümayəndə heyəti Bakıda yerləşən Müqəddəs Qriqori kilsəsində (Erməni kilsəsi) olublar. Bundan əvvəl qonaqlar ermənilər tərəfindən bombalanan Gəncəyə gedib, hadisələrin mahiyyətini yerində öyrəniblər. Daha sonra onlar UFAZ-ı ziyarət ediblər.
Müashibimiz Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəsləfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərlidir. 
- Faiq müəllim, Ermənistanı daha çox müdafiə edən bir ölkədən nümayəndə heyətinin Azərbaycanda genişmiqyaslı səfərdə olması nəyə xidmət edə bilər?
- Fransa Milli Assambleyasının üzvləri, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədrinin üç müavini və bir katibindən ibarət nümayəndə heyəti Bakıda yerləşən Müqəddəs Qriqori kilsəsində (Erməni kilsəsi) olması təsadüfi deyil. Bunu müəyyən qədər Azərbaycan Fransa münasibətlərinin istiləşməsi kimi də izah etmək olar. Görünən odur ki, Fransa 44 günlük müharibə dövründə Ermənistanın yanında yer almasını müəyyən qədər sığortalamaq istəyir. Hər halda belə düşünürəm. İlk ağlımıza gələn o ola bilər ki, 44 günlük müharibə dövründə yalnız və yalnız Ermənistanı dəstəklədi. Fransa höküməti, Fransa parlamenti, bu ölkəyə aid olan digər qurumlar bununla bağlı mövqe göstərdilər. Düzdür, Fransada olan bəzi şəxslər ya Azərbaycanı dəstəklədilər, ya da bitərəf qaldılar. Artıq müharibə Azərbaycanın qələbəsi ilə bitib. Bundan sonra Fransadan bir neçə deputatın Azərbaycana gəlib Bakıdakı erməni kilsəsində olmasını müəyyən qədər Fransa-Azərbaycan münasibətlərinin yenidən yaxşılaşdırılmasına doğru Fransa tərəfindən atılan addım kimi dəyərləndirmək olar. 
- Onlar bundan əvvəl ermənilər tərəfindən bombalanan Gəncədə olub, hadisələrin mahiyyətini yerində öyrəniblər. Daha sonra onlar UFAZ-ı ziyarət ediblər...
- Bilirsiz, həmin nümayəndələrin Gəncədə olduqdan sonra Bakıdakı erməni kilsəsini ziyarət etməsinə birmənalı yanaşmaq da olmur. Onlar Ermənistanın qədim şəhərimiz Gəncəni bombardıman etməsi nəticəsində baş verən faciələri, fəsadları gözləri ilə görüblər. Amma onlar Ermənistanın törətdiyi bu faciələrlə, dinc əhalimizi hədəfə götürməsi, insalarımızın qətlə yetirilməsi ilə bağlı heç bir açıqlama verməyiblər. Hesab edirəm ki, biz fransızlara və Fransa hökümətinə etibar etməməliyik. Çünki Fransanın etibarlı bir dövlət olmadığı, Azərbaycan üçün etibarlı tərəfdaş olaraq görünmədiyi ortadadır. Fransanın bu keyfiyyətləri əvvəllər də ortaya çıxıb. 44 günlük İkinci Qarabağ Müharibəsi dövründə də Fransanın kimliyi, mahiyyəti bir daha görsəndi. Fransa hər halda, Azərbaycan üçün etibarlı bir tərəfdaş olmayıb və olmayacaq da. Əlbəttə, müəyyən siyasi-iqtisadi, mədəni və sair sahələrdə Azərbaycan Fransa ilə əməkdaşlıq edə bilər, ancaq bir şeyi yaddaşımızda saxlamalıyıq və bunu siyasətimizdə, iqtiadiyyatımızda da əsas götürməliyik ki, Fransa Azərbaycanın deyil, Ermənistanın ən yüsək səviyyədə tərəfdaşlarından biridir. Fransa ilə müəyyən münasibətlər ola bilər. Amma İkinci Qarabağ savaşından sonra bu ölkə ilə münasibətlərdə daha həssas olmalıyıq, bir çox məsələlərdə ölçülü-biçili hərəkət etməliyik.      
- Ümumiyyətlə, Azərbaycanda erməni kilsəsinin hansı səviyyədə qorunduğunu gözləri ilə görən Fransa nümayəndələrinin bu barədə öz ölkələrinə verdiyi informasiyalar  Ermənistanın dünyada bir nömrəli müdafiəçisi, belə deyək, bu ölkənin “böyük bacısı” rolunda çıxış edən Fransanın düşən ölkəyə münasibətində hansısa bir dəyişikliyə səbəb ola bilərmi?
- Məncə, bu Fransanın Ermənistana münasibətində heç bir dəyişikliyə səbəb olmayacaq. Fransalılar Bakının mərkəzində erməni kilsəsinin vəziyyətini öz gözləri ilə gördülər. Onlar buna qədər də erməni kilsəsinin vəziyyəti haqda məlumatları vardı. Fransanın ölkəmizdəki səfirinin bu barədə öz ölkəsini məlumatlandırdığını istisna etmirik. Yeri gəlmişkən, Fransa səfirliyinin rəhbəri və  nümayəndələri dəfələrlə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun keçirdiyi tədbirlərdə iştirak ediblər. Bu görüşlərdə Fransanın Azərbaycana münasibətinin səmimi olmadığını hiss edirdik. Onlar bu və digər, eləcə də tarixi məsələlərə, o cümlədən də Azərbaycan və Ermənistan arasındakı 100 illik münasibətlərə Fransa doğurudan da Ermənistanın “böyük bacısı” olduğunu ortaya qoyub. Hətta onlar öz fikirlərini gozlətməyə çalışsalar da buna nail ola bilmirdilər. 
- Yəqin ki, Fransanın elm adamları Ermənistanın tərəfini tuturdular...
- Bəli. Elm adamları da həmişə haylara havadarlıq ediblər. Yalnız elm adamları deyil, qeyd etdiyim kimi dövlət rəsmiləri, deputatları da bu yolda olublar. Fransa birmənalı şəkildə Ermənistanın “böyük bacısı” rolunu oynayıb və oynamaqda da davam edir. 
Fransanın məlum nümayəndə heyətinin Bakıdakı erməni kilsəsinin vəziyyətilə tanış olması Fransanın Ermənistana münasibətində hər hansı bir dəyişikliyə səbəb olacağı qənaətində deyiləm. Bu addımı ona görə atırlar ki, Fransa və Azərbaycan münasibətlərində yumşalma baş versin. Bilirsiz ki, Fransanın Azərbaycanda neft, iqtisadiyyat və digər sahələrdə maraqları var, bu addımları da ona görə atırlar. Yəni Azərbaycanla tamamilə əlaqələrini pozmaqda maraqlı deyillər. 
- 44 günlük Vətən Müharibəsində dünyanın bütün ölkələri kimi Fransa da Azərbaycanın gücünü gördü, bu günü qarşısından istər-istəməz bir addım geri çəkildi. Belə deyə bilərikmi?
- 44 günlük müharibə Azərbaycanın gücünü bir daha ortaya qoydu. Eyni zamanda həm də bu 44 gün müddətində Azərbaycan cəmiyyətində yaranan Fransa əleyhdarlığını, insanlarımızın bu ölkəyə qarşı etiraz emosiyalarını sakitləşdirmək üçün Fransa bu addımı atır. 
Bəlkə də frasız deputatlar Azərbaycanda erməni kilsəsinin hansı şəkildə saxlandığını, qorunduğunu təqdir edəcəklər və bu haqda fikirlər bildirəcəklər, ancaq onlar Fransanı Ermənistanın “böyük bacısı” rolundan uzaqlaşdıra bilməyəcəklər. 
-  Bilirik ki, həmin nümayəndə heyəti Ermənistan terrorçuları tərəfindən bombalanan Gəncə şəhərində də olub, onlar Ermənistanın burada törətdiyi cinayətləri gözləri ilə görüblər. Bu məsələnin özünün əhəmiyyəti nədir, bu faktlar həmin parlamentarilərin Fransaya hər hansı bir təsir göstərə bilmək imkanını ortaya qoya bilərmi? 
- Ermənistanın Gəncəni bir neçə dəfə raket atəşinə tutması, mülki əhalimizi qətlə yetirməsi, mülki obyektlərimizi, yaşayış binalarımızı yerlə-yeksan etməsi, bütövlükdə baş verənləri Fransa nümayəndələrinin öz gözləri ilə görməsi bütün hallarda gərəkli idi. Hesab edirəm ki, onların Gəncəyə gəlməsi hər şeyi gözləri ilə görməsi nəticəsində Fransa cəmiyyətinin Ermənistana münasibətində müəyyən dərəcədə dəyişikliklərə səbəb olacaq. Onlar Azərbaycanla Fransa arasında münasibətlərin istiləşməsinə nail olmaq üçün Ermənistanın Gəncədə terror törətdiyinə, bundan mülki əhalinin, mülki obyektlərin ciddi zərər çəkdiyini, insanların yaralandığını və həyatını itirdiyinə dair müəyyən ifadələr işlədəcəklər. Biz daha diqqətli və həssas olmalıyıq ki, onlar Azərbaycanın haqlı mövqeyini nə dərəcədə ifadə edəcəklər, bundan da ciddi nəticələr çıxarmaq olar. Amma hansısa bir əsaslı dəyişikliklərin olacağına inanmıram. Çünki Fransada uzun müddətdir ki, formalaşan erməni diasporu, lobbisi var. Orada erməni lobbisinin təsirindən daha çox Fransa və Ermənistanın özlərini bir-birinə yaxın hiss etməsi özünü göstərir.  Ermənilərlə fransızların düşüncəsində onları özlərini bu və digər mənalarda eyniləşdirməsi var. Ona görə də, fransız deputatların Gəncədə baş verənləri öz gözləri ilə görməsi və bu faciə ilə müəyyən dərəcədə maraqlanması insanlıq naminə  hansısa bir deputatın baxışında Ermənistana mənfi yanaşma yarana bilər. Bunu dilə gətirən də tapılar.  
- Azərbaycan 30 ildir ki, Ermənistanın terroru hərəkətləri ilə üzləşib, düşmən abidələrimizi dağıdılıb, kəndlərimizi, qəsəbələrimizi viran qoyub, mülki insanlarımızı qətlə yetirib, ciddi ekoloji, iqtisadi və zərbələr vurub. Bu faktların Fransa cəmiyyətinə çatdırılmasında bu səfərin hər hansı bir əhəmiyyəti ola bilərmi?
- Haylar, ermənilər bizim bölgəmizdə yerləşdirildikdən sonra bizə qarşı saysız cinayətlər törədiblər. Xüsusən də XIX əsrin əvvəllərində Azərbaycanın quzeyi Çar Rusiyası tərəfindən işğal edildikdən sonra tarixi torpaqlarımıza köçürülən ermənilər həm ilkin dövlərdə, həm də Sovet Rusiyası dönəmində onlardan dəstək alaraq abidələrimizə qarşı vandalizm aktları törədiblər, kəndlərimizi, şəhərlərimizi dağıdıblar, bizə aid olan maddi-mədəni irsi önünküləşdirməyə çalışıblar. Ermənistan bizə nəinki ekoloji, iqtisadi zərər vurub, həmçinin də maddi irsimizi dağıdıb, mədəniyyət sahəsində də zərbələr var. Azıx mağarasında qanunsuz arxeoloji qazıntılar aparıblar, Xocalı-Gədəbəy mədəniyyətinə aid abidələr və başqa abidələrimiz daim erməni terrorunun, vandalizminin qurbanı olub. Ola bilsin, Fransa cəmiyyətinin, sadə fransızların bunlardan xəbəri yoxdur, amma Fransa höküməti bunu yaxşı bilir. Ancaq müəyyən mənada ümid edə bilərik ki, fransız parlamentarilər gördüklərini Fransa cəmiyyətinə çatdıra bilərlər və cəmiyyət isə həqiqəti az da olsa görər. Müharibə dövründə fransız jurnalisti  həqiqətləri ifadə etdiyinə görə Fransadakı erməni lobbisinin hədə-qorxuları ilə üzləşdi. Onlar müxbiri sözlə linç etdilər, biz bilmirik, bəlkə fiziki cəhətdən də ona zərər yetiriblər. Fransız cəmiyyətinə həqiqətləri çatdırmaq, mülki əhalimizin Ermənistan tərəfindən qətlə yetirilməsi faktlarını, düşmənin bizə qarşı ekoloji və digər sahələrdə həyata keçirdiyi terror aktları haqqında məlumatlandırılması vacibdir. 
- Fransa cəmiyyəti Azərbaycanın həqiqətlərini qəbul etməyə hazırdırmı?
- Əsasən hazır deyil, onların böyük əksəriyyəti bu həqiqəti qəbul edə bilmirlər. Fransa öz dövlətçilik maraqlarına görə  Ermənistana havadarlıq edir. Onun maraqları Ermənistan tərəfindən birmənalı olaraq təmin edilir. Burada söhbət ondan gedir ki, Fransa təkcə dini baxımdan deyil, həm də etnik nöqteyi-nəzərindən hayları özlərinə yaxın bilir. Sözümün canı odur ki, bütün hallarda ermənilərin vəhşiliyi, barbarlığı, insanlarımıza, abidələrimizə, ekologiyamıza, iqtisadiyyatımıza və sairlərimizə qarşı terror törətməsi faktlarını Fransa həmişə görməzdən gəlib. Bundan sonra da ciddi bir dəyişikliyə ümid etmirəm. Söhbət kiçik çaplı yumşalmalardan gedə bilər ki, bunda da Fransa maraqlıdır, o Azərbaycana qarşı tamamilə açıq düşmən mövqeyində dayanmaq istəmir. 
- Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi öz vəzifəsini bir faiz də olsun yerinə yetirə bilmədi, əksinə ermənipərəst mövqe sərgilədi. Münaqişə Fransanın iştirakı olmadan tənzimləndi. Bu amilin özü Fransanın bir dövlət kimi nüfuzuna xələl gətirməyibmi? 
- Bəli, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəfsizliyini qorumadı, tərəf tutduğunu açıq şəkildə ortaya qoydu. Bütün anlamda Ermənistanın yanında olduğunu ortaya qoydu və Azərbaycana qarşı elə əsassız ittihamlar irəli sürdü ki, bu ağılasığmaz bir şey idi. Ona görə də, münaqişənin həlli prosesində ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Fransanın kənarda qalması bəlkə də Fransa üçün yaxşı hal olmadı. Mənə elə gəlir ki, Rusiyanın münaqişənin həllində tutduğu mövqeyindən və sülhməramlılarını Dağlıq Qarabağda yerləşdirməsindən Fransa çox da narazı deyil. Ola bilsin, Fransanın öz dövlətçilik maraqları baxımından narahatlıqları var və özünü də orada görmək istəyərdi. Bu gün ABŞ Rusiya sülhyaratma qüvvələrinin bölgədə olmasından daha çox narazıdır, nəinki Fransa. Fransa əslində həmsədr ölkə kimi Ermənistanın maraqlarını müdafiə etmək üçün çox işlər gördü, amma sonucda proseslərdə yer almadı, irəli Rusiya çıxdı. Ancaq Ermənistana bu məsələdə yardım edə bilmədiyi üçün Fransa narahatlıq keçirə bilər. Bütövlükdə məsələyə yanaşdıqda görürük ki, Fransa Rusiyanın oynadığı sülhməramlı rolu əsasən qəbul edir. ABŞ isə daha çox narahatdır, o Rusiya sülhyaratma qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində olduğundan narazı qalıb, bunu doğru hesab etmir. Fransanın bir dövlət kimi sonrakı proseslərdə iştirak etməsi heç bir məna kəsb etməzdi. Fransa artıq bu masada yoxdur, Rusiya və Türkiyə var. Türkiyənin indi hansı səviyyədə bu masada yer alacağını hələ ki, tam bilmirik. Amma istəyirik ki, Türkiyə bu masada Rusiya səviyyədə olsun, Türkiyə sülhyaratma qüvvələri də Rusiya qüvvələri yerləşdiyi ərazilərimizdə yerləşsinlər. Türkiyə Sülhyaratma qüvvələrinin məhz bu bölgədə olması ilə bağlı Türkiyə Böyük Millət Məclisində bir qərar qəbul ediləcək. Dediyim odur ki, Fransa yalnız bu anlamda narahat ola bilər, Türkiyənin burada yer alması bu və digər dərəcədə Fransanı narahat edə bilər, nəinki Rusiyanın olması. 
Leyla QARAXANLI