Azərbaycan xalqı Qarabağın xilaskarı ilə fəxr edir

19 Noyabr 2020 08:29 (UTC+04:00)

 “Ölkə başçısına ünvanlanan müraciətlərin əsas səbəbi Prezident İlham Əliyevin dinamik şəkildə həyata keçirdiyi siyasət nəticəsində ölkədə bütün vətəndaşların birliyinə nail olması və işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməsi, ərazi bütövlüyümüzü  bərpa etməsdir”.
Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsində düşməni dizə çökdürməsi və zəfər çalması bütün Azərbaycan vətəndaşları tərəfindən böyük ruh yüksəkliyi, minnətdarlıqla qarşılanıb. Azərbaycan xalqı Qarabağın xilaskarı ilə fəxr edir və xalqımız Ali Baş Komandanın ünvanına minlərlə minnətdarlıq məktubu ünvanlayır. Heç şübhəsiz ki, bu məktublar “xalq-iqtidar” birliyinin, dövlət və vətəndaş həmrəyliyinin  təcəssümü, bariz nümunəsidir. Məktəblilərdən tutmuş ökəmizin görkəmli ictimai-siyasi xadimlərinə, elm, ədəbiyyat, mədəniyyət admlarına qədər hər kəs Qarabağın xilaskarına-Prezident İlham Əliyevə çoxsaylı məktublar, müracətlər ünvanlayanlar. Bu müraciətlərdə insanlarımızın öz xilaskarına bəslədiyi səmimi hisslər duyulur, milyon-milyon ürəklərin səsi eşidilir. 
Bu məktublarda “Siz Qarabağın, Şuşanın Fatehisiniz”, “Siz Azərbaycanın xilaskarısınız”, “Azərbaycanın əsl Milli Qəhrəmanı Sizsiniz. Bu igidliyi və cəsarətliliyi Azərbaycan Ordusuna, əsgər və zabitlərimizə Siz öyrətmisiniz”, “Siz azad ölkənin, qalib sərkərdəsisiniz”, “Siz Qarabağı qaytarmaqla Azərbaycanı özünə qaytardınız”, “Vətən müharibəsində Sizin rəhbərliyinizlə qazanılan qələbələr sayəsində yazılan ən yeni Azərbaycan tarixini oxumaq bizə - yaşlı nəslə də nəsib oldu. Böyük sərkərdə! Siz Azərbaycan tarixində yeni bir şanlı səhifəni qızıl hərflərlə yazdınız və xalq qəhrəmanı kimi tarixdə, insanların qəlbində ömürlük məskən saldınız. Bu Qələbə nəticəsində ölkəmizin bütövlüyü ilə yanaşı, həm də xalqın qaliblik hisslərini bərpa etdiniz” kimi səmimi duyğular əks olunur. 
Füzuli rayonunun  Zobucuq-3 yaşayış massivindən  Qurbanovlar ailəsi Prezident İlham Əliyevə 27 il Vətən həsrəti ilə yaşadıqlarını yazırlar:”İnanmazdıq ki, gün gələcək biz doğma Füzulimizə, Üçüncü Mahmudlu kəndinə qayıdacağıq. Bizə bu sevinci bəxş edən Ali Baş Komandanımıza və şanlı Azərbaycan Ordusuna minnətdarıq. Hər dəfə güclü Ordumuzun qələbəsini eşidəndə sevincdən nə edəcəyimizi bilmirdik. Arzumuz çin oldu. Biz Mahmudluya qayıdacağıq. İnşallah!”. 
Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev də Prezident İlham Əliyevə yazdığı məktubda səmimi duyğularını ifadə edib. “Vətən Müharibəsində inamlı qələbə qazanmaqla 30 ilə yaxın Ermənistanın işğalı altında olan əzəli torpaqlarımızın azad edilməsi münasibətilə Sizi və müzəffər Azərbaycan Ordusunu ölkəmizin bütün təhsil işçiləri adından ürəkdən təbrik edirik. Ali Baş Komandan kimi qazandığınız bu tarixi qələbə şanlı tariximizə qızıl hərflərlə yazılmışdır. Bu möhtəşəm qələbə xalqımızın inamını özünə qaytarmış, uzun illər ərzində doğma yurdlarına qayıtmaq eşqi ilə yaşayan məcburi köçkünlərin həsrətinə son qoymuşdur. Eyni zamanda bu qələbə bütün dünyada Azərbaycan dövlətinin və xalqının qüdrətini və sarsılmaz iradəsini, Ordumuzun gücünü nümayiş etdirmişdir. Bu qələbə Azərbaycanı sonsuz məhəbbətlə sevən Ümummilli lider Heydər Əliyevin azadlıq ideallarının parlaq təzahürü kimi xüsusilə əhəmiyyətlidir.
Bu qələbə həm də ölkəmizdə quruculuq və inkişaf üçün müstəsna imkanlar yaratmışdır. İnanırıq ki, Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunması ölkəmizin sosial-iqtisadi tərəqqisinə əlverişli zəmin yaradacaq.
Bu misilsiz qələbə münasibətilə bır daha Zati-alilərinizi ürəkdən təbrik edir, doğma Azərbaycanımızın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda göstərdiyiniz qətiyyətə, əzmkarlığa, hərbi-siyasi iradəyə görə Sizə öz dərin minnətdarlığımızı bildiririk. Azərbaycanın parlaq gələcəyi naminə çətin, lakin son dərəcə şərəfli və məsul fəaliyyətinizdə böyük müvəffəqiyyətlər arzu edirik. Əmin ola bilərsiniz ki, bütün təhsil işçiləri Sizin ətrafınızda sıx birləşmişdir və ölkəmizin inkişafı naminə üzərlərinə düşən öhdəlikləri böyük əzmlə yerinə yetirəcəklər”-deyə təhsil naziri bildirib. 
Laçınun Ağoğlan kənd sakini İlkin Əsgərov yazır:”... Cənab Prezident, 44 gün davam edən bu müharibədə daim xalqın yanında oldunuz. Bu müddət ərzində xarici kütləvi informasiya vasitələrinə verdiyiniz çoxsaylı müsahibələrinizdə səsləndirdiyiniz fikirlər, göstərdiyiniz arqumentlər, tarixi həqiqəti əks etdirən faktlar bir vətəndaş kimi bizdə böyük ruh yüksəkliyi yaratmaqla yanaşı, apardığımız mübarizənin qələbə ilə sona çatacağına olan inamı daha da artırdı. Həmin müsahibələrdə, eləcə də qələbə xəbərlərini çatdırmaq üçün Azərbaycan xalqına etdiyiniz müraciətlərdə bu məsələ ilə əlaqədar Sizin qətiyyətli mövqeyiniz açıq-aşkar hiss olunurdu. Şübhəsiz ki, bu qətiyyət, bu dözüm, bu iradə xalq-ordu-dövlət birliyi səviyyəsində də özünü göstərə bildi. Dünya xalqımızın simasında yumruq kimi bir olmağın nələrə qadir olduğunu gördü.
İftixar hissi ilə qeyd etmək lazımdır ki, məhz Sizin verdiyiniz qərarların, əldə etdiyiniz hərbi və diplomatik uğurların sayəsində bütün dünya Azərbaycan əsgərinin gücünü gördü. Sizin rəhbərliyinizlə Azərbaycan əsgəri bir tarix yazdı. Qazandığımız bu zəfər ilahi ədalətin bərqərar olunması ilə nəticələndi.
Cənab Prezident, fəxr edirəm ki, haqq işi adlandırdığınız bu mübarizədə qardaşım Elmin Əsgərzadə də könüllü olaraq iştirak edir. Bu çox böyük şərəf, böyük qürurdur. Bu şərəfi bizə yaşatdığınız üçün Sizə minnətdarıq”.
Bakıdan Tahirə Bədirxanovun məktubunda “illərdir həsrətində olduğumuz Qafqazın incisi, sədəfi, məğrur qalası Qarabağın işğaldan azad olunması xəbərini sevinc göz yaşları ilə qarşıladıq. Ailəmiz adından Sizin, bəli, məhz Sizin rəhbərliyinizlə əldə etdiyimiz Zəfər günümüz üçün dərin təşəkkür edirəm. Çox sevinirəm ki, tezliklə ata yurdum Ağdama ayaq basa biləcəyəm” -deyə ölkə başçısına yazır.
Məlahət Cəfərovanın məktubundan:” Sizin rəhbərliyinizlə doğma torpaqlarımızın öz həqiqi sahiblərinə - bizə qaytarılması uğrunda başladığımız haqq mübarizəsində Qələbə bizim oldu. Azərbaycan xalqının necə igidlər yetirdiyini bütün dünya gördü”.
Başqa bir vətəndaşımız isə “Azərbaycan xalqının əsrlər boyu hələ belə bir möhtəşəm Qələbəsi olmamışdı. Siz Azərbaycan xalqının gözündə Ordunun önündə gedən bir sərkərdə oldunuz” deyə yazır. 
Ekspertlər qeyd edir ki, erməni təxribatına qarşı Azərbaycan Ordusunun uğurlu əks-hücumları nəticəsində düşmən qüvvələrinin darmadağın edilməsi və torpaqlarımızın işğaldan azad edilməsi, həmin ərazilərimizdə üç rəngli bayrağımızın dalğalanması  şübhəsiz ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Bunu həm də xalq birliyinin ayrılmaz vəhdəti olduğunu deyən ekspertlərin sözlərinə görə, Azərbaycan xalqı həm sözdə, həm fikirdə, həm də əməldə Prezidentlə həmrəy olduqlarını açıq şəkildə ortaya qoydular. Xalqın hər bir nümayəndəsi 44 günlük Vətən Müharibəsində, Qurtuluş savaşında Prezidentin yanında oldu. 
“Türk Dünyası İnfo” İctimai Birliyinin rəhbəri Dəyanət Osmanlı bildirdi ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət dövlət və xalq birliyinin möhkəmlənməsinə, işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsinə xidmət etdiyi üçün hər zaman olduğu kimi bu gün də  ölkə başçısına minnətdarlıq məktubları davam edir. Bu gün həm Azərbaycan vətəndaşlarının, həm də xaricdə yaşayan soydaşlarımızın ölkə başçısının yanında olması və onu özünün xilaskarı olaraq bilməsi xalqımızın Prezidentə böyük inamının təzahürüdür. D.Osmanlı vurğuladı ki, bütün dünya azərbaycanlıları, Azərbaycan vətəndaşları, bütövlükdə, Türk dünyası Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin bizi qələbəyə qovuşduracağına böyük inam bəsləyirdi və bizim bu ümidlərimiz tam olaraq doğruldu, ölkə başçsı bizi qələbəyə qovuşdurdu. “Bu məktublarda minlərlə, milyonlarla insanın gerçəkləşən arzularından, çin olan niyyətlərindən doğan minnətdarlığı yer alır. Ali Baş Komandanımızın rəhbərliyi ordumuzun əldə etdiyi möhtəşəm qələbə xalqımızı dövlətçiliyimiz ətrafında daha sıx birləşdirdi,  xalq və dövlət birliyinin nə qədər güclü olduğunu bir daha təsdiqlədi. Ölkə başçısına ünvanlanan müraciətlərin əsas səbəbi Prezident İlham Əliyevin dinamik şəkildə həyata keçirdiyi siyasət nəticəsində ölkədə bütün vətəndaşların birliyinə nail olması və işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməsi və ərazi bütövlüyümüzü  bərpa etməsdir. Xalqımız 30 ilə yaxın idi ki, torpaqlarımızın işğaldan azad ediləcəyi günü səbirsizliklə gözləyirdi, ölkə başçısı isə xilaskarlıq missiyasını yerinə yetirərək bu arzumuzu gerçəyə çevirdi. Bu gün yalnız Azərbaycan vətəndaşları deyil, dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar, türk insanı Ordumuzun qazandığı zəfəri böyük sevinc, fəxr və qürur hissilə qarşılayır. Xalqımız həmişə cənab Prezidentə inanıb və bu inam da bizi qələbəyə apardı, zəfər qazandıq. 
Prezidentə edilən müraciətlərin hamısında işğalçı, terrorçu Ermənistan ordusunun Prezidentin iradəsi, ordumuzun gücü, əzmilə torpaqlarımızdan birdəfəlik çıxıb getməsi alqışlanır. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət, torpaqlarımızın düşmən işğalından azad edilməsi faktları dünya azərbaycanlılarının birləşməsini, həmrəyliyini də möhkəmlədib. Ona görə də düşünürəm ki, Azərbaycanın Vətən Müharibəsində qazandığı zəfər təkcə azərbaycanlıların, milliyyətindən, dinindən asılı olmayaraq Azərbaycan vətəndaşlarının deyil, bütün Türk dünyasının qələbəsidir. Xalqımız, dostlarımız bunu belə də qəbul edir” - deyə D.Osmanlı vurğuladı. 
Leyla QARAXANLI