Paşinyanın qalması hələlik xaricdə çoxlarına sərf edir

19 Noyabr 2020 10:02 (UTC+04:00)
 

Rusiyanın Yeni Cəmiyyət İnstitutunun Siyasi-İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Vasili Koltaşov Ermənistanın baş nazirinin gələcəyi barədə qeyd edib ki, onun devrilməsi qaçılmazdır: “Ermənistan cəmiyyətində qavrayış dəyişikliyi baş verib. 44 günlük müharibənin təsiri ilə ictimai qavrayış  dəyişib. Münaqişənin başlanğıcında onlar dünyanın Ermənistan ətrafında qurulduğunu, Ermənistanın 90-cı illərdə Azərbaycanla müharibədə böyük uğurlar qazandığını, hazırda yüksəlişdə olduğunu düşünürdü. Erməni xalqı reallıqla heç bir əlaqəsi olmayan “Böyük Ermənistan” illüziyalarının əsiridir. Buna görə də fəlakət qaçılmaz idi. Ermənistan cəmiyyətinin xəyallarında uçurum yarandı”.
Rus politoloqlar bir-birinin ardınca Paşinyanın devriləcəyi barədə proqnozlar verirlər, lakin o, hələ də yerindədir. Onu bu vəzifədə saxlayan hansı amillər ola bilər?
Həqiqətən də Azərbaycan Ordusunun qarşısında sarsıdıcı məğlubiyyətə uğramaları Paşinyan hakimiyyətinin ölkə daxilində mövqeyini xeyli dərəcədə sarsıdıb. Rəqibləri, xüsusən də “Qarabağ klanı” yaranmış bu vəziyyətdən istifadə edərk Paşinyanı devirməyə çalışırlar. Bu müstəvidə də münaqişə ətrafında Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli sazişi bəhanə edən qüvvələr hərəkətə keçib. Ermənistanı etiraz dalğası bürüyüb. Hətta ölkənin prezidenti Sarkisyan da baş naziri istefaya və növbədənkənar seçkiləri təyin etməyə çağırıb. Belə bir vəziyyətdə bir çox analitiklər düşünür ki, Paşinyan bu gün sabah devriləcək.  Ancaq indiki məqamda görünən odur ki, Paşinyan hələlik dirəniş göstərir.
Əvvəla təkbaşına olsaydı, o yaranmış situasiyada çoxdan hakimiyyətdən uzaqlaşdırılmışdı. Lakin bir sıra amillər var ki, həmin məqamlar onu dirəniş göstərməyə vadar edir. Belə ki, Paşinyan hakimiyyətə heç də özbaşına gəlməyib. Onun iqtidar sahibi olmasını təşkil edən, bu prosesin reallaşmasına təsir edən xarici qüvvələr var. Bu qüvvələr də Qərbdə yerləşir. Paşinyan bildiyimiz kimi, Sorosun adamı kimi tanınır. Əbəs yerə onu sorosun uşağı kimi qələmə vermirlər. İndiki dövrdə, qalmaq çətin olsa da belə,  Paşinyanın getməsi  Qərbin marağına cavab vermir. Çünki yerinə gələn qüvvə Rusiyanın adamı ola bilər. Paşinyanın gedəcəyi təqdirdə, belə bir ehtimalın reallaşması daha böyükdür. Bu isə Qərbin Ermənistanda tədricən, zəif addımlarla olsa da, möhkəmlənməkdə olan mövqeyinin dağıdılması demək olacaq. Ona görə də bütün vasitələrdən istifadə edərək Qərb, ciddi təzyiqlərə rəğmən, onun iqtidarda qalma müddətini uzatmağa çalışır.
Digər tərəfdən, Rusiyada çoxları Paşinyanın getməsini istəsə də, Kreml üçün indilikdə onun qalması daha məqsədəuyğundur. Çünki, Paşinyanın istefasını istəyənlər onu məhz üçtərəfli bəyanatı imzalamaqda ittiham edərək etiraza qalxıblar. Bu isə o deməkdir ki, həmin mövqeni tutan qüvvələr indilikdə hakimiyyətə gəlsə, Qarabağda müharibəyə son qoyan üçtərəfli bəyanatın taleyi də sual altında qala bilər. Nəticədə yenidən hərbi əməliyyatlar başlayar. Belə vəziyyət isə Rusiyanı, xüsusən də Putini qane etmir. Çünki, həmin situasiyada münaqişəyə son qoyan vasitəçi kimi dünya miqyasında Putinin reputasiyası istər-istəməz aşağı düşəcək ki, Kreml sahibi heç bir vəclə buna imkan verməz. Ona görə də Kreml hələlik Paşinyanı devirməyə tələsmir. İndilikdə ondan istifadə edirlər. Məhz bu amil də Paşinyana etirazçılara dirəniş göstərməyə imkan verir.
Başqa bir tərəfdən, Ermənistan daxilində Paşinyan əleyhinə qalxan qüvvələr hələlik elə də çox deyil. Bunu həmin qüvvələrin keçirdikləri mitinqlər, etiraz aksiyalarından da görmək olar. Bu aksiyalarda daha ciddi kütləvilik, möhtəşəmlik görünmür. Bu da ondan xəbər verir ki, Paşinyanı çoxları xəyanətdə ittiham etsə də, onu əvəzləyəcək qüvvələrə də inanmırlar. Daha doğrusu, etiraz edənlərin üçtərəfli bəyanat əleyhinə çıxmasına rəğmən, iqtidara yiyələndikdən sonra belə, bu istəklərini reallaşdıra biləcəklərinin perspektivini görmürlər.
Bütün bu amillər hazırkı situasiyada Paşinyana imkan verir ki, hələlik vəzifəsini davam etdirsin.
Rüfət NADİROĞLU