Təzyiqlərə rəğmən qazanılmış Qələbə

19 Noyabr 2020 10:32 (UTC+04:00)

Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Qarabağ Ermənistan tərəfindən işğal olunan zaman mən anadan olmamışdım. Erməni vandallarının xalqımızın başına gətirdiyi müsibətlər barədə ətraflı məlumatı isə​ ailədə valideynlərimdən və məktəbdə müəllimlərimdən əldə etmişəm.​

Qarabağın uzun illər boyu erməni tapdağı altında qaldığının, həmvətənlərimizin köçkün həyatı sürdüyü, ilk illərdə ağır şərtlər altında yaşadıqlarına hamı şahid idi. Ümumilli liderimiz Heydər Əliyev qaçqınlarının və məcburi köçkünlərimizin yaşayış şəraitinin yaxşılaşdırılması üçün onlara hər cür şərait yaratmışdı. Amma​ həmvətənlərimizin torpaq niskili hər zaman ürəklərini sızıldadırdı.​

Bir milyondan çox qaçqını və məcburi köçkünü olan xalqımız itirilmiş torpaqlarının həsrətini yaşayarkən erməni işğalçıları müqəddəs torpaqlarımızda vandallıqla məşğul oldular. Onlar insan övladının əl ata bilməyəcəyi hər cür vəhşiliyi törətdilər.. İşğalçının xislətində dağıtmaq, sökmək var. Bütün maddi-mədəniyyət abidələrimizi məhv etməklə, evlərimizi yandırmaqla, camaatın olan qalan varını dövlətini daşımaqla sakitləşmədilər. Tarixi abidələrimizi yalançı xaç işarəsi vurmaqla erməniləşdirməyə çalışdılar. Daha nələr, nələr. Bütün bunlar onu deməyə əsas verir ki, ermənilər tarixin, sivilizasiyanın, dünənin və bu günün görüb görə biləcəyi ən qəddar varlıqlardır. Təsadüfi deyil ki, Cənab Prezident İlham Əliyev xanımı, birinci Vitse prezident Mehriban Əliyeva ilə işğaldan azad olunmuş Füzuli rayonuna baş çəkərkən çıxışında belə bir ifadə səsləndirmişdi: "Sanki bu yerlərdən vəhşi bir qəbilə gəlib keçib. Biz bu yerləri yenidən quracağıq". Biz Prezidentimizin bu çıxışından bir daha əmin olduq ki, Qarabağ bizimdir. O, 44 günlük müharibənin sonunda həm Azərbaycan xalqına, həm dünya ölkələrinə lazımlı mesajı vermişdir.​

Ərazilərimizdə həyatın dayandığı göz qabağındadır. Elə buna görə işğal olunmuş ərazilərimizə yaşamı biz qaytaracayıq. Füzuli-Şuşa magistral yolunun çəkilməsi, ən bariz nümunələrdəndir. Bu yol, böyük quruculuq işlərinin ilk layihəsidir.​

Şübhəsiz ki, köçkün vətəndaşlarımıza qayıdış planı da hazırlanacaq. Bunun üçün görüləsi çox iş var. Su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, ekologiyanın bərpası elektrik stansiyasının fəaliyyəti bu işlərdən bir neçəsidir. Xalqımız bunun öhdəsindən gələcək, doğma torpağına həyatı qaytaracaq.​

Bəzi hislər vardır ki, onları ifadə etmək mümkün deyil. Mən də Qarabağa olan həsrətimi köksümə sığdıra bilmirəm. Hələ aşağı siniflərdə oxuyanda dərslərdə Qarabağ barədə danışardıq, torpaqlarımız azad olacaq deyərdik.

Bu gün bu xalqın yaşadığı bir möcüzədir, bir yuxudur. Bu xalq bu günü​ görməyi, hər yanda "Qarabağ azad olundu" şüarını eşitməyi 30 ildir arzulayır. Bu gün bu xalqın yenidən doğulduğu gündür! Ən qəribəsi isə odur ki, o torpaqları ömründə bir dəfə belə olsun görməyən, o torpaqlara ayaq basmayan bizlər bu gün o torpaqların azad olunması xəbərini eşidib, sevinc göz yaşları tökürük. Vətənin keşiyində duran igid əsgərlərimiz, sizə çox şey borcluyuq! Günlər keçdikcə azərbaycanlı olduğum üçün daha çox xoşbəxt oluram və xalqımla, Vətənimlə qürur duyuram.​

İndi neçə-neçə Qarabağı görməyən həmyaşıdlarım oranı görmək üçün səbrsizlənir, müəllimlərimiz həmin ərazilərimizdə təmənnasız olaraq dərs keçməyi məmnuniyyətlə gözləyir və bunu özlərinə borc bilirlər.​

Biz böyük qayıdışın astanasındayıq. Doğma torpağımız, bizi gözləyən Qarabağımıza vüqarla, alnıaçıq qayıdacağıq. Ana Vətənimizə həyatı biz qaytaracağıq!

 Yusifova Xədicə

Nəsimi rayon gənci