“Vətəndaş olaraq hər birimizin vəzifəsi virusun yayılmasının qarşısını almaq, virusu orduya qətiyyətlə yaxın buraxmamaqdır” - Deputat

19 Noyabr 2020 20:10 (UTC+04:00)

Cənab Prezidentin diplomatik uğurları nəticəsində döyüş olmadan torpaqlarımızın geri alınması, Şanlı Ordumuzun qələbə ilə bitən zəfər döyüşü, bizi nə qədər sevindirsə də, dünyanı ağuşuna alan COVİD-19 virusunun ölkəmizdə də məcazi mənada desək, tüğyan etməsi bizi düşünməyə vadar edir. Elə bu səbəbdən də Operativ Qərargah bu gün brifinq keçirərək bəzi qaydalarda dəyişiklik olduğunu bəyan etdi. Bu sözləri Mövqe.az-a bildirən Milli Məclisin deputatı Məşhur Məmmədov qeyd etdi ki,  bu gün Azərbaycan iki cəbhədə müharibə aparır. Hər iki müharibə ölkədə sabitliyin, təhlükəsizliyin qorunmasına, ayıq-sayıq olmağa çağırışlar edir. 44 gün davam edən Vətən müharibəsində döyüş meydanında tarix yazan Azərbaycan Ordusunun döyüş qabiliyyəti və maddi-texniki təminat baxımından beynəlxalq standartlara tam cavab verməsi cənab Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar sayəsində yeni müstəviyə yüksəlib. Vətəndaş olaraq hər birimizin vəzifəsi virusun yayılmasının qarşısını almaq, virusu orduya qətiyyətlə yaxın buraxmamaqdır.

Sevindirici haldır ki, Vətən müharibəsinin gedişində Azərbaycan sabit, təhlükəsiz ölkə kimi mövqeyini möhkəmləndirməklə yanaşı, tolerant ölkə olduğunu da bir daha təsdiqlədi, deyən M.Məmmədov əlavə etdi ki, 44 gün davam edən Vətən müharibəsi dövründə də sabitliyin təmin olunmasına, beynəlxalq erməni terrorizminə qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açdı. Ermənilər Kəlbəcərdə və Ağdamda etdikləri vəhşiliklərlə özləri-özlərini ifşa etdilər.

Koronavirus infeksiyasının coğrafiyasının genişləndiyi indiki məqamda Azərbaycan Ordusunun tarix yazması, tarixi ədaləti, ərazi bütövlüyümüzü bərpa etməsi insanların öz sevinclərini paylaşmaq üçün küçə və meydanlara axışması ilə nəticələnir ki, bu da hazırkı dövrdə böyük riskdir. Deputat bildirdi ki, hazırda işğaldan azad olunan torpaqlarımıza Böyük Qayıdışla əlaqədar olaraq hazırlıq işləri görülür: "Hər kəs böyük qürur hissi ilə bu qayıdışa hazırlıq işlərinə öz töhfələrini verməyə səy göstərir. Birliyimizin, həmrəyliyimizin sayəsində əldə edilən tarixi Qələbə bir daha təsdiqlədi ki, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün qorunması, xalqımızın təhlükəsizliyinin daha etibarlı müdafiəsi Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin qayəsini təşkil edir. Xalqımız möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə, rəşadətli Azərbaycan Ordusu ilə fəxr edir. Birliyimiz dövlətin qüdrətləmnəsini istəməyən ünsürlərin qol-qanadını qırır, yeni-yeni hədəflərə nail olmağımıza, ölkəmizin gələcək inkişafına, xalqın rifah halıının yaxşılaşmasına daha böyük imkanlar açır".

Unutmayaq ki, bizim Vətən müharibəsində 44 gün müddətinə qalib gəlməyimizin əsas səbəbi Dövlət-Ordu-Xalq birliyi oldu. Hazırda Dövlətimiz və Ordumuz üzərlərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gəlir. Xalq olaraq biz də üzərimizə düşən vəzifələrə məsuliyyətlə yanaşmalı, bu gün Operativ Qərargahın verdiyi qərarları məsuliyyətlə, qeyd-şərtsiz yerinə yetirməliyik, - deyən deputat, sonda bir daha əhalini virusdan qorunmaq üşün qaydalara əməl etməyə çağırdı və nəzərə almağı tövsiyə etdi ki, hazırda xəstəxanalara və həkimlərə cəbhədə yaralanmış igid əsgər və zabitlərimizin daha çox ehtiyacı var, çalışaq qaydalara əməl edək, onların haqqına girməyək.

Elnurə Abuşova