Buğdanın yeni keyfiyyət standartı təsdiq olunub

20 Noyabr 2020 09:42 (UTC+04:00)
Əhalinin sağlam və keyfiyyətli un-çörək məhsulları ilə təmin edilməsi üçün xammalın keyfiyyətinin artırılmasına nəzarəti həyata keçirəcək yeni, sərtləşdirilmiş tələbləri ehtiva edən AZS 888:2020 "Buğda.Texniki şərtlər" dövlət standartı təsdiq edilib. Nazirlikdən Mövqe.az-a verilən məlumata görə yeni standart keyfiyyətli buğdanın tədarükü (saxlanma) prosesinə nəzarəti də təmin edəcək. Dövlət standartı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxs tərəfindən hazırlanıb. Buğdanın əsas keyfiyyət göstəriciləri (natura, qlüten miqdarı, düşmə ədədi, zülal və s.) unun keyfiyyət göstəricilərinə təsir edən əsas faktordur. Yeni standarta görə 1, 2 və 3-cü sinif ərzaqlıq buğda, eləcə də 4 və 5-ci sinif aşağı keyfiyyətli buğdanın keyfiyyət və təhlükəsizlik tələbləri sərtləşdirilib. 1, 2 və 3-cü sinif buğdaları çörək istehsalında istifadə olunur. 4-cü sinif buğda keyfiyyət göstəricilərinə görə birbaşa un və çörək istehsalına yaramır. Zəif buğda olduğundan daha bahalı buğda növlərinin qatılması ilə çörəkbişirmə üçün yararlı hala gətirilir. 5-ci sinif buğda isə keyfiyyət göstəricilərinə görə qida üçün tam yararsız buğda sayılır və əsasən heyvandarlıq, quşçuluq və digər sahələrdə istifadə edilir. Standart layihəsinin müzakirəsində Kənd Təsərrufatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak ediblər. AZS 888:2020 "Buğda.Texniki şərtlər" dövlət standartı ölkə ərazisində aparılan elmi-tədqiqat işləri, beynəlxalq, Avropa və regional standartlar əsasında hazırlanıb.