Sahibə Qafarova Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəsmi şəxslərini qəbul edib

20 Noyabr 2020 13:07 (UTC+04:00)
18 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli ilə görüşüb. Məclisin sədri qonaqları salamlayaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi Qələbə haqqında məlumat verib, bu Zəfərin tarixdə Azərbaycanın şanlı Qələbəsi kimi qaldığını qeyd edib. Sahibə Qafarova, Türk Dünyasını təmsil edən təşkilatların rəhbərləri ilə görüşdən məmnunluğunu bildirərək, bu qurumların bu gün Türk Dünyası ölkələri, türkdilli xalqlar arasında əlaqələrin daha da genişlənməsi və güclənməsi işində böyük rol oynadıqlarını vurğulayıb. Məclisin sədri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, təşkilat haqqında və Fondun gördüyü mühüm işlərdən də danışıb. Bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış bu təşkilat türk xalqlarının mədəniyyətinin və irsinin qorunması, öyrənilməsi və təbliğində əhəmiyyətli rol oynayır. Fondun xətti ilə keçirilən dəyirmi masalar, sərgilər, beynəlxalq tədbirlər, nəşr olunan kitablar bu məqsədlərə xidmət edir və Fond bu məqsədlərə nail olmaq istiqamətində artıq ciddi nəticələr əldə etmişdir. Görüşdə çıxış edən beynəlxalq türkdilli təşkilatların rəhbərləri Milli Məclisin sədrini, Azərbaycan xalqını Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər və ölkənin ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik ediblər. Öz çıxışında, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Dağlıq Qarabağda Azərbaycanın tarixi abidələrininin, milli memarlıq nümunələrinin məhv edilməsi ilə bağlı məsələlərin təşkilatın ciddi narahat etdiyini qeyd edib. O, həmçinin Fond tərəfindən nəşr olunan bu mövzuyla bağlı, eləcə də türk dünyasının ədəbiyyatını, incəsənətini əks etdirən kitabları Məclisin sədrinə hədiyyə edib Həmçinin qonaqlar təmsil etdikləri təşkilatların fəaliyyəti və gələcək planları haqqında məlumat verib, gələcəkdə işğaldan azad olunmuş Azərbaycan torpaqlarında, o cümlədən Şuşada beynəlxalq tədbirlər keçirmək niyyətində olduqlarını söyləyib, bu məsələ ilə əlaqədar fikirlərini bölüşüblər. Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə də danışılıb.