Azərbaycanın ərazilərinin 30 illik iniltisini duymayan Fransa və ABŞ özlərindən küssünlər...

21 Noyabr 2020 07:00 (UTC+04:00)

Azərbaycanın ərazilərinin 30 illik iniltisini duymayan Fransa və ABŞ özlərindən küssünlər...
Akif Nağı:“Fransa və ABŞ-ın inciməyə əsası yoxdur, onlar inciməli deyildilər”
“Xüsusilə Fransa tərəfi tamamilə haqsız mövqedə idi, ermənilərin tərəfini tuturdu, münaqişənin həllinə mane olurdu”.
“Dağlıq Qarabağda atəşin dayandırılması məsələsi həm ABŞ, həm də Fransanın iştirakı ilə həll olunub” - bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, bu ölkələrin ATƏT Minsk qrupunun həmsədri qismində mövqeləri qərarlar qəbul edilərkən nəzərə alınıb.
S.Lavrov əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi mövzusunda ABŞ və Fransa nümayəndələri ilə təmaslar zamanı sezilən “incidilmiş heysiyyət” hissi təəssüf doğurur: “Mən amerikalı və fransalı həmkarlarıma təmas qurarkən, eləcə də prezident Makronun prezident Putinlə təmaslarında son günlərdə bu mövzuda heysiyyətlərinin incidildiyi sezilir. Bu hal təəssüf doğurur”.
Həqiqətənmi qərbli diplomatlar heysiyyatlarının incidilməsi barədə düşünürlər? Elə isə nə üçün 30 il işğal altında inləyən torpaqlarına görə azərbaycanlıların heysiyyatlərinin incidilməsi barədə düşünmürlər?
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Mövqe”yə şərhində bildirdi ki, danışıqların gedişində fransalı və amerikalı həmsədrlərin kənarda qaldığı hiss olunub: “Xüsusilə Fransa tərəfi tamamilə haqsız mövqedə idi, ermənilərin tərəfini tuturdu, münaqişənin həllinə mane olurdu. Ona görə də, görünən də odur ki, bu məsələdə Fransa və ABŞ-ın fikri nəzərə alınmayıb. Rusiya prezidenti Vladimir Putində sonuncu geniş müsahibəsində ona işarə etdi ki, hətta digər vasitəçilərlə məsləhətləşməyə də vaxt yox idi. Təxmini belə bir ifadə də işlətdi. Aydın görünən odur ki, bu münaqişəni Türkiyə və Rusiya həll etdi, digər həmsədr ölkələr kənarda qaldılar. Amma sonradan onlar da qoşuldular, öz aralarında da müzakirələr apardılar. Bilirsiz ki, Moskvada da Lavrov həmsədrləri qəbul etdi, müzakirələr apardı, söhbət etdi. Mənə elə gəlir ki, onlar o görüşdə artıq razılaşdılar. Ona görə də, Fransa və ABŞ-ın inciməyə əsası yoxdur, onlar inciiməli deyildilər. Hər halda, məsələ münaqişənin həll idi. Doğrudan da əgər ABŞ və Fransa da bu münaqişənin həll olunmasını istəyirdilərsə narazı qalmamalıdırlar”.
A.Nağı hesab edir ki, indən sonra bu ölkələr proseslərin gedişinə mane olmamalıdır. İllərdir ki,  ermənipərəst mövqe göstərən Fransa münaqişənin Azərbaycanın xeyrinə həll olunmasına mane olub, Azərbaycan dövlətinin ədalətli mövqeyini dəstəkləməyib. “Biz ondan narahatıq ki, Fransa və ABŞ prosesə sonradan qoşulduqları üçün öz iddialarını ortaya qoysunlar. Ermənilər də ona ümid edir. Amma proses də onu göstərir ki, Minsk qrupu həmsədrlik institutu artıq iflasa uğrayıb. Ona bunu etiraf etsələr daha yaxşı olar. Təzədən o müstəvidə hansısa danışıqların aparılmasına ehtiyac yoxdur. Ortada Türkiyə faktoru var və Türkiyə ilə də hesablaşmalıdırlar” - deyə A.Nağı vurğuladı.
A.Nağı hesab edir ki, Fransa bu münaqişənin 28-30 il müddətində həllinə yox, həllinin dondurulmasına çalışıb. 
Leyla QARAXANLI