Qubada karantin rejimini pozanlar saxlanıldı

22 Noyabr 2020 13:39 (UTC+04:00)
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Mövqe.az-a verilən məlumata görə, şöbə əməkdaşları ötən gün axşam saatlarında inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən otel aşkarlayıblar. Obyektin fəaliyyəti dərhal dayandırılıb, otelin sahibi Akif Babayev, orada çalışan iki işçi və 8 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.
Keçirilmiş digər bir tədbir zamanı rayon ərazisində qaydaları pozaraq fəaliyyət göstərən tikinti materialları mağazası aşkarlanıb. Həmin obyektin fəaliyyəti də dayandırılıb, orada çalışan satıcı və fəhlə barədə inzibati qaydada tədbirlər görülüb.