Ərdoğanın türk dünyasına yeni mesajları...

24 Noyabr 2020 08:00 (UTC+04:00)
 “2023-cü ilə qədər güclü bir Türkiyə və güclü bir Azərbaycan Türk dünyasının başına keçəcək, bununla da türk dünyasında yeni eranın başlanmasının əsası bu iki dövlətin birliyi ilə qoyulacaq”.
Məlum olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İsparta, Burdur, Gümüşhane, Kastamonu və Sinop vilayətlər təşkilatlarının yeddinci konfransında deyib: “Ötən 18 il və gələcəyə baxdığımızda millətimizin yeganə ümidinin Ədalət və İnkişaf Partiyasına olduğunu görürük. Hər sahə üzrə güclənərək 2023-cü il hədəflərimizə doğru irəliləyirik. Övladlarımıza miras olaraq güclü bir Türkiyə qoyacağıq”.
Bu fikirlər özündə nələri ehtiva edir?
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tariz üzrə fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli “Mövqe”yə bildirdi ki, Rəcəb Taib Ərdoğanın hakimiyyəti dövründə, yəni 18 ildə çox güclü bir Türkiyə formalaşıb. “Bu, bütün dünyanın hesablaşdığı bir Türkiyədir. Güclü Türkiyənin daha da inkişaf etdirilməsi və 2023-lə bağlı böyük hədəfləri var. Bu hələ işin başlanğıcıdı, bundan sonra da Türkiyə bölgədə və dünyada güclənməkdə davam edəcək. Güclü Türkiyənin olması isə əlbəttə, Azərbaycanla müttəfiqliyin gücləndirilməsi deməkdir. Ümumiyyətlə, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər də yeni bir mərhələyə qədəm qoyacaq. Mənə elə gəlir ki, Ərdoğan bu mənada daha çox fikrini ifadə etməyə çalışıb. Burada həm də Azərbaycanın gələcəyinə bağlı da məsələlər var. Türkiyənin daha da gücləndirilməsi Azərbaycanın da mənafeyi ilə üst-üstə düşəcək. Hər halda, bundan sonrakı mərhələdə 2023-də Türkiyənin əsas qarşısına qoyduğu məsələlərdən biri türk dünyasının daha da gücləndirilməsi məsələsidir. Qarabağ problemi əsasən öz həllini tapıb və bundan sonra da Türkiyə və Azərbaycanın daha da güclənməsi bizim  ümumi problemlərimizin həllinə kömək edəcək. Ümid edirəm ki, 2023-cü ilə qədər güclü bir Türkiyə və güclü bir Azərbaycan Türk dünyasının başına keçəcək, bununla da türk dünyasında yeni eranın başlanmasının əsası bu iki dövlətin birliyi ilə qoyulacaq. Türküstandakı müsəlman türkləri də, Avropadakı xristian türklər - macarlar,  mordivlər, qauzlar və başqaları dinlərindən asılı olmayaraq Türkiyə ilə Azərbaycanın ətrafında sıx birləşəcəklər. Doğurudan da, 2023-ün hədəflərində güclü bir dünyada və bölgədə sözü daha keçərli olan, güclü, nüfuzlu  Türkiyə, güclü nüfzulu bir Azərbaycan görəcəyik. Ümid edirəm ki, bu birlik Azərbaycanın güneyindəki türklərin, uyğur və Kərkük türklərinin problemlərinin həll edilməsində böyük dəstək deməkdir. Bu türklər də arxalarında güclü Azərbaycan və güclü Türkiyə kimi bir birliyi görəcəklər və türk dünyası dünyaya güclü bir şəkildə çıxacaq. 2023-cü il nəinki regionda, eləcə də bütün dünyada yeni türk erasının başlanacağını deməyə əsas verir.  Mən buna zərrə qədər şübhə etmirəm”, - deyə F.Ələkbərli qeyd etdi.
Leyla QARAXANLI