Rəşadətli Azərbaycan ordusu Ağdamda!

24 Noyabr 2020 17:10 (UTC+04:00)

Bu gün şanlı Azərbaycan ordusu tarix yazdı. İllərdi həllini tapmayan Qarabağ məsələsi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun şücaəti, misli görünməmiş qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsinin sonunda həll olundu. Bu savaş Azərbaycan xalqının haqq savaşı idi.

10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti arasında imzalanmış üçtərəfli bəyanatında 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonunun Azərbaycan Respublikasına qaytarılması nəzərdə tutulmuşdu. Bununla əlaqədar 20 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində Ağdam rayonunun işğaldan azad olunması münasibətilə bütün Azərbaycan xalqını təbrik etmişdir. Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur.

 İşğal altında olan bütün torpaqlarımız kimi Ağdam şəhəri də erməni vandalizminin qurbanı olmuşdur. Rayonun tarixi abidələri, ictimai binalar, dini abidələr yerlə yeksan edilmişdir. “İndi isə Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Mənim Füzuli və Cəbrayıla səfərlərim mətbuat tərəfindən işıqlandırılıb və hər kəs, bütün dünya gördü ki, hansı vəhşi düşmənlə biz üz-üzə qalmışdıq. Nə Cəbrayılda, nə Füzulidə bir dənə də salamat bina qalmayıb, yalnız hərbi hissə və hərbi hissəyə aid olan bəzi tikililər. Qalan bütün infrastruktur, bütün binalar, evlər, tarixi abidələr, dini abidələrimiz vəhşi düşmən tərəfindən dağıdılıb”. Bu fikirləri İlham Əliyev çıxışında səsləndirmişdir.

Bu gün Azərbaycan iqtisadi cəhətdən regionun ən inkişaf etmiş ölkəsi hesab edilir. İlham Əliyev Cənablarının dediyi kimi “biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ermənilər hesab edirdilər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bu torpaqlara qayıtmayacaq. Səhv etdilər. Onlar bilmirlər ki, Azərbaycan xalqının ürəyində - bizim xalqımızın qəlbində doğma torpaqlar əbədi yaşayır və yaşayacaq. Bizim bütün köçkünlərimiz bu illər ərzində bir arzu ilə yaşayıblar ki, öz doğma torpaqlarına qayıtsınlar, dövlətin dəstəyi və köməyi ilə orada özləri üçün yeni həyat qursunlar”.

Fehruzzadə Xatirə Qurban qızı