Xalqımızı bundan sonra daha da xoş günlər gözləyir...

24 Noyabr 2020 19:48 (UTC+04:00)

Ağdamın işğaldan azad olunması tarixi bir hadisədir. Qeyd etmək istərdim ki, işğal edilmiş digər rayonların arasında əhali sayına görə Ağdam ən böyük rayondur. Cənab Prezidentimizin göstərişi ilə,  Quzanlı kəndinə qəsəbə statusu verildi və Quzanlını  Ağdam rayonunun faktiki olaraq mərkəzinə çevrildi.  Burada insanlar üçün yeni iş yerləri açıldı. Qubanlı qəsəbəsi təbii qazla təchiz olundu, məktəblər xəstəxanalar inşa edildi.

     İşğal edilmiş torpaqlarda hər şey dağılmışdır. Bunun nəticəsində, hər kəs, bütün dünya düşmənin vəhşiliklərinin şahidi oldu. Ermənilər belə hesab edirdilər ki, dağıntılardan sonra heç vaxt  Azərbaycan əhalisi bu ərazilərə qayıtmayacaq. Təbii ki, onlar bu hərəkətilə səhv etmiş oldular. Onlar bilmirlər ki, Azərbaycan xalqının ürəyində - bizim xalqımızın qəlbində doğma torpaqlar əbədi yaşayır və yaşayacaq.

     Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Onlar bizim gücümüzü hesablaya bilmədilər. Düşmən bizim , Azərbaycan Ordusunun nəyə qadir olduğunu dərk edə bilmədi. Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır və bunu beynəlxalq ekspertlər də qeyd edirlər. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir. Bu torpaqların abadlaşdırılması ilə bağlı tədbirlər görüləcək.

      Biz isə bundan sonra inkişaf yolumuzla daha sürətlə gedəcəyik. Biz döyüş meydanında istədiyimizə nail olduq. Əsgər və zabitlərimiz öz gücünü göstərdi. Biz siyasi müstəvidə gücümüzü göstərdik. Biz lazım gəlsə, onların şəhərlərini də ala bilərdik. Lakin bizim yolumuz ədalət yoludur. Bizə lazım olanı biz etdik. Bizə aid olanı geri aldıq. Ərazi bütövlüyümüzü bərpa etdik. Azərbaycan xalqı müzəffər xalqdır. Azərbaycan Ordusu müzəffər ordudur. Biz döyüş meydanında qələbə qazanmışıq, siyasi müstəvidə qələbə qazanmışıq, torpaqlarımızı işğalçılardan azad etmişik. Zəfər bizimdir! Zəfər Azərbaycan xalqınındır!

  Əliyeva Zenfira                         

  Nəsimi rayon gənci