Azad Qarabağım- Şəhidlər yurdum!

24 Noyabr 2020 22:49 (UTC+04:00)

Qarabağ! Azərbaycanın dilbər guşəsi, musiqi beşiyi, Üzeyir vətəni, istedadlar diyarı. Əgər Azərbaycan bütöv bir candırsa, bu canın ürəyi Qarabağdır.

        Səfalı yaylaqları, göz oxşayan ormanları, füsunkar Cıdır düzü, buz tək soyuq Şuşa bulağı olan, dilimizin əzbəri, musiqi dünyamızın əlifbası olan Qarabağ Azərbaycanı bütün dünyaya tanıtdırıb. Bu torpaq Üzeyir Hacıbəyovun, Müslüm Maqomayev, Bülbül, Fikrət Əmirov, Xan Şuşinski kimi istedadlar yetişdirib ki, onları bütün dünya tanıyır.  

Vətən bizim yaşadığımız kənddən, şəhərdən, qəsəbədən, rayondan başlanır. Vətən onun gözəlliyinin şahidi olan atlaz çəmənlərdən, dibi görünməyən yamyaşıl meşələrdən, durna gözlü bulaqlardan, coşqun çaylardan, mavi göllərdən başlanır.

Vətən müqəddəsdir, ülvidir. Onun hər şeyi – dağı, daşı, torpağı, suyu, səması bizim üçün əzizdir, doğmadır.

Əgər öz yaşadığın yerin, oxuyub təhsil aldığın, boya-başa çatdığın torpağın keçmişini, bu gününü yaxşı bilməsən, onun sərvətini qorumaq, çoxaltmaq və gələcək nəsillərə saxlamaq qayğısına qalmasan, sən əsil vətəndaş ola bilməzsən.

Mənim vətənim Azərbaycandır. Bu əmələkət azərbaycanlıların tarixi vətəni, tarixi yurdudur. Gəlin Azərbaycan xalqının çox əsrlik tarixini vərəqləyək.

Azərbaycan xalqının tarixi çox qədimdir. Hazırda Respublikamızda yaşı bir neçə min il olan Azığ mağarası, Qobustan, Qəbələ kimi çoxlu tarixi abidə, Naxçıvan, Bərdə, Gəncə kimi qədim şəhərlər vardır. Azərbaycan xalqı bəşər dünyasına Nizami, Nəsimi, Füzuli, Əcəmi kimi dahilər vermişdir. Onları təkcə ölkəmizdə deyil, bütün dünyada tanıyırlar. Xalqın azadlıq, müstəqillik uğrunda mübarizəsi isə tariximizin ən parlaq səhifələrini təşkil edir.

Əsrlər boyu yağı düşmən doğma yurdumuzun barlı, bəhrəli, torpaqlarına, tükənməyən sərvətlərinə göz dikmiş, igid oğullarımız, qeyrətli qızlarımız tikan olub onların gözünə batmışdır. İgidlərimiz sinəsini Vətənə sipər edərək mənfur düşmənə meydan oxumuşlar.

Bu gün Azərbaycanın Ali Baş Komandanının güclü siyasəti və Şanlı Ordumuzun rəşadəti nəticəsində xalqımız öz əzəli torpaqlarına geri qayıdır. 44 gün içində Qarabağ müharibəsini qələbə ilə başa çatdıran Ordumuz gözümüzün önündə tarix yazdı. Qarabağın Azərbaycanın ayrılmaz parçası olduğunu bir daha bütün dünyaya göstərdik. Düşmənə elə cavablar vermişik ki, bir daha atəşkəsi poza bilməz. Bu  zərbə onlara çox pis təsir etdi. 27 il ərzində vəhşiliklə dağıtdıqları Qarabağımızı yenidən rozveyi-rizvana çevirəcəyik. Yaşasın Azərbaycan xalqı! Yaşasın böyük Azərbaycan!

 

Hüseynli Elşən 

Nəsimi rayon gənci