Koronavirusa münasibətdə tənbəllik yolverilməzdir

25 Noyabr 2020 10:11 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda koronavirusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətini 2020-ci il 28 dekabr saat 06:00-dək uzadıb.
Buna səbəb son zamanlar koronavirus pandemiyasına tutulanların sayının kəskin artması faktıdır. Bu müstəvidə şənbə və bazar günləri aptek və ərzaq mağazaları istisna olmaqla digər obyektlərin fəaliyyəti qadağan edilib. İnsanlar nəinki qapalı, hətta açıq məkanlarda belə qoruyucu vasitələrdən istifadə etməli, maska taxmalıdırlar. Bu qaydaya əməl etməyən fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər isə 400 manatadək cərimələnəcəklər. 
Karantin rejimi müddətinin uzadılması hansı zərurətdən doğub və yoluxanlarının sayının artmasına nələr səbəb olur?
Tibb elmləri doktoru Adil Qeybulla qeyd etdi ki, oktyabr-noyabr aylarında insanlar daha çox dərəcədə karantin rejiminə etinasızlıq edib: “Faktiki olaraq dünyada indi pandemiyanın ikinci mərhələsi getməkdədir. Virus xeyli mutasiyaya uğrayıb. İmmuniteti xeyli aşağı düşüb. Amma təhlükə yüksək olaraq qalır. Cəbhədən gələn qələbə sevinci fonunda təəssüf ki, insanlar ümumən karantin davranışlarına əməl etmədi. Bu dövrdə insanların geniş şəkildə bir-birilə təmasda olması mövcud situasiyanı yaratdı. Bundan başqa, Vətən müharibəsi dövründə pandemiya məsələsi bir müddət arxa plana keçdi. Bütün bunlar son nəticədə yoluxma potensialının artmasına gətirib çıxardı. Əslində yoluxanlarla bağlı elan olunan rəsmi rəqəmlər reallığı əks etdirmir. Heç də bütün xəstələr test qeydiyyatından keçmir. Düşünürəm ki, kollektiv immunitetlə başqa resperatur infeksiyalarda olduğu kimi, virus təxminən yoxa çıxacaq.  Hər halda  hesab edirəm ki, dekabr ayının sonlarına doğru virusun yayılma ehtimalı xeyli dərəcədə azalacaq”.
Politoloq Cümşüd Nuriyev bu qənaətdədir ki, insanların məsuliyətsizliyi, sağlamlıqlarına biganə yanaşmaları sonda gətirib pandemiya ilə bağlı anoloji gərgin vəziyyətin yaranmasına səbəb olub: “Azərbaycan əhalisinin əksəriyyəti təəssüf ki, məsuliyyət məsələsinə elə də ciddi yanaşmır. Noyabrın 8-10 arasında Qələbə günü insanların mütləq əksəriyyəti  demək olar ki, heç bir karantin qaydalarına əməl etmədən küçələrə çıxdı. Bu zaman onlar nə sosial məsafə gözlədilər, nə də əksəriyyəti maska taxmadı. Qələbə fonunda insanlarımız öz sevincini gizlədə bilmədi, amma eyni zamanda özlərini də qorumadılar, bu barədə fikirləşmədilər. Qələbə sevincini yaşayan insanları başa düşürəm. Amma xəstəlik onları başa düşmür axı. Karantin rejimindəki bu sərtləşmə əlbəttə ki, ölkə iqtisadiyyatında müəyyən problemlər yaradacaq. Virusa yoluxma halının bu qədər artması xəstələrin müalicəsilə bağlı yer məsələsində problem yarada bilər. Ona görə də problem yaranmaması üçün insanlar bu məsələyə  daha ciddi, məsuliyyətli yanaşmalıdır. Xalqımız təmizliyi sevir, sadəcə tənbəllik etmək lazım deyil. Proseslə bağlı sadəlövh olmamalıyıq. Diqqətli olmalıyıq. Karantin rejiminin vaxtının uzadılması düşünürəm ki, sonda nəticəsini verəcək”.
R. SOLTANOV