Prezidentlərin təsdiqinə politoloqlardan konkret və şübhəli diaqnozlar

25 Noyabr 2020 10:22 (UTC+04:00)
 


Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" telekanalına müsahibəsində Qarabağdan danışıb.
Bununla da Kreml rəhbəri Qarabağın Azərbaycana məxsus olduğunu bir daha etiraf edib.
V.Putin Ermənistanın belə qondarma “Dağlıq Qarabağ”ın müstəqilliyini və suverenliyini tanımadığını xatırladıb: “Bu, o deməkdir ki, beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.
Maraqlıdır ki, ondan bir gün sonra ermənipərəst mövqeyilə seçkilən Fransa Respublikasının Prezidenti Emmanuel Makron da Azərbayanın ərazi bütövlüyünü dəstəkləyən açıqlama ilə çıxış edib.
Mətbuatın yazdığına görə, o, "Instagram" hesabının hekayə bölməsində paylaşdığı videoda Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edib.  Makron bildirib:
"Beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağ və ətraf 7 rayon BMT tərəfindən Azərbaycan ərazisi kimi tanınır".
Hər ikisi bununla da ermənilərin gözləntilərini doğrultmayıblar.  Hələ hərbi əməliyaytların ilk dövrünə qədər İrəvan ümid edir ki, Moskva bu məsələdə Ermənistanı tək qoymayacaq. Ancaq Rusiya müharibə dövründə nəinki bitərəf qalmaqla yanaşı, indi də Putinin dilindən bəyan edir ki, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ərazisidir. Bu mənada Ermənistana daha böyük zərbəni Paris vurdu. Bu günə qədər İrəvana dəstək olan, onu müdafiə edən Makron ermənilərin gözləmədiyi halda Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməklə İrəvana daha böyük zərbə vurdu.
Rusiya prezidenti son günlər bu həqiqəti bir neçə dəfə dilinə gətirib. Eyni zamanda, qeyd etdiyimiz kimi, artıq Makron da anoloji mövqe sərgiləyib. Bu yanaşma, hansı ehtiyacdan doğur və kimlərəsə mesaj ola bilərmi? 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Putinin həmin fikirləri ikibaşlı xarakter daşıyır:
“İkibaşlı açıqlamadır. Bir tərəfdən, o Azərbaycanın ərazi bütövlüyünü vurğulayıb.  Bir tərəfdən deyir ki, Ermənistan özü Dağlıq Qarabağı tanımayıb. Beynəlxalq aləm də Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Amma digər tərəfdən, müsahibələrində çox təhlükəli məqamlar da yer alıb. Qarabağı Abxaziya, Cənubi Osetiya və Krımla müqayisə edərək, sanki Azərbaycana mesaj göndərir ki, hansısa bir problem çıxsa Dağlıq Qarabağı tanıya da bilərlər. Digər tərəfdən, Rusiya sülhməramlıları separatçılarla çox əlaqəli şəkildə işləyir. Rusiyanın Fövqəladə Hallar naziri də Dağlıq Qarabağa gəlib. Sanki, onlar Dağlıq Qarabağla öz əraziləri kimi davranırlar. Dağlıq Qarabağ ermənilərinin vətəndaşlığı necə olacaq, büdcəsi necə formalaşacaq, oradakı silahlılar tərksilah olunacaq ya yox, bu kimi məsələlər də açıq qalır”.
Bu səbəblərdən həmsöhbətimiz Putinin sözügedən açıqlamasına çox da uymamağı məsləhət gördü: “Putin hiyləgər siyasətçidir. Hər zaman onun açıqlamaları ilə real fəaliyyəti arasında fərqlərin olduğunu müşahidə etmişik. Tək Rusiya rəhbəri deyil, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu mənada tanımasaydı qeyri-adi məsələ olardı.  Ona görə də Putinin Azərbaycanın ərazi bütövlüyünü tanımasından qeyri-adi nəsə axtarmağına dəyməz. Tanımayıb nə edəcəkdi ki?  Sadəcə, Rusiyanın addımlarına diqqət yetirməliyik. Kremlin indiyə qədərki addımları isə cəmiyyətimizdə haqlı olaraq müəyyən suallar doğurmaqda davam edir”.
Politoloq Aydın Quliyevin fikrincə, Rusiya liderinin sözügedən açıqlaması Azərbaycanın hərb meydanında qazandığı möhtəşəm qələbəsinin birbaşa təzahürüdür: “Putinin Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləməsi və etiraf etməsi ölkəmizin mövqeyinin nə qədər güclü olduğunun nəticəsidir. Azərbaycanın sentyabrın 27-dən başlayan hərbi əməliyyatda əldə etdiyi əzəmətli qələbənin birbaşa nəticəsidir. Azərbaycan öz halal haqqını Ordumuzun gücü ilə həyata keçirdi. Bununla Bakı ortalığa elə bir real fakt qoydu ki, dünyanın bütün qüvvələri, o cümlədən Rusiya da onunla barışmalı oldu. Putinin həmin açıqlaması ilk növbədə İrəvana mesajdır. Bununla Moskva Ermənistana birbaşa bəyan edir ki, Azərbaycan son 30 ildə təcavüz qurbanı olub. Bu həm də o deməkdir ki, gələcəkdə vurulan ziyana görə Bakının İrəvadan təzminat tələb etməsi tamamilə realdır. Çünki torpaqların Azərbaycana məxsusluğu hətta Ermənistanın hərbi müttəfiqi tərəfindən etiraf olunur. Putinin fikri noyabrın 10-da imzalanan razılaşmanı şübhə altına alan qeyri-region dövlətlərinə, Minsk qrupunun digər həmsədrlərinə də mesajdır. Bu həmin dairələrə Azərbaycanın haqq və hüququnun göstərilməsidir. Həmin açıqlama problemin həllində yekun sülh sazişinin imzalanmasına qədər əhəmiyyətli rol oynayacaq. Putinin həmin mesajı beynəlxalq hüquqa, siyasi reallığa, Azərbaycanın dövlət mənafeyinə, haqqına, sülhə və təhlükəsizliyin təminatına tamamilə uyğundur”.
 Rüfət NADİROLU