Ölkəmizin daşıdığı mənəvi dəyərlər bir çox ölkəyə nümunədir

25 Noyabr 2020 11:11 (UTC+04:00)


Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq “Trend”ə müsahibəsində deyib: “Bizim “Siz Avropasınız!” proqramımız çərçivəsində Almaniya hökuməti Avropa Gənclər Fondu vasitəsilə gənclər mübadiləsinə kömək edəcək. Qeyd edim ki, biz azlıqlara münasibətdə Azərbaycanın siyasətini qiymətləndiririk. Avropada bu nümunəyə hər yerdə əməl olunmur. Biz bunu dəyişmək istəyirik. Xüsusilə də COVID-19 pandemiyası dövründə azlıqların müdafiəsi mühüm əhəmiyyət daşıyır”.
Qeyd edək ki, özlərini demokratiyanın beşiyi kimi təqdim edən Avropa ölkələri son illər milli, dini müstəvidə müəyyən dərəcədə ayrıseçkiliyə yol verməyə başlayıblar. Avropa ölkələri xüsusən də müsəlman dininə etiqad edənlərə münasibətdə əvvəlki tolerantlıqlarını demək olar ki, itirmək üzrədir. Bu ölkələr son zamanlar müsəlmanların müqəddəs hesab etdikləri dəyərlərə qarşı hücuma keçiblər. Hətta Məhəmməd Peyğəmbəri təhqir etməkdən, onun karikaturasını çəkməkdən belə çəkinmirlər. Bununla da Qərb ölkələri istər-istəməz müsəlmanların dini hisslərilə oynayır, onları alçaldırlar. Avropada azlıqların nümayəndələrinə də bir sıra hallarda düşmən münasibət sərgiləyirlər. Bu ölkələrdə neofaşist meylləri güclənir.
Azərbaycanda isə elə bir çox Qərb siyasətçiləri, diplomatlarının da etiraf etdiyi kimi, dini, milli, irqi tolerantlıq ən yüksək səviyyədədir. Ölkəmizdə heç kim digərinin fərqli baxışlarına toxunmur, buna görə onu təhqir etmir. Azərbaycanda kimliyindən asılı olmayaraq hər bir millətin nümayəndəsi digərlərilə bərabar şəkildə bütün imtiyaz və hüquqlardan hərtərəfli şəkildə istifadə edir. Bu mənada da Azərbayanın yürütdüyü siyasət dünya üçün bir örnəkdir.
Həmin istiqamətdə Azərbaycanın siyasəti beynəlxalq təcrübə kimi avropalılara necə yardımçı ola bilər?
Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu bildirdi ki, Azərbaycanın tolerant, multikultural siyasəti uzun illərdir ki, dünyaya bir örnəkdir: “Azərbaycanda milli, dini azlıqlara tolerant münasibəti heç də yeni reallıq deyil. Uzun illərdir ki, ölkəmizdə mövcud olan tolerantlıq və multikulturalizm mühiti digərləri üçün önrək rolunda çıxış etməkdədir.  Hesab edirəm ki, dünya xalqlarının heç birinin lideri ölkədəki digər millətlərin nümayəndələrinə münasibətdə Ulu Öndər Heydər Əliyev kimi mövqe sərgiləməyib. Heydər Əliyev vaxtilə qeyd edib ki, Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri Azərbaycanın milli sərvətidir.  Bu da unikal bir yanaşmadır. Dünyada başqa heç bir dövlətin rəhbəri həmin məsələyə Heydər Əliyev kimi unikal yanaşma sərgiləməyib. Azərbaycanda mövcud olan reallıq da Heydər Əliyevin vaxtilə dediyi bu mövqeyilə uzlaşır. Hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsası da məhz müxtəlif xalqların dinc və təhlükəsizlik şəraitində yaşamasına istiqamətlənib”.
Bu baxımdan həmsöhbətimizə görə, Azərbaycanın multikulturalizm siyasəti artıq bu siyasətdən imtina etmək ərəfəsində olan Avropa üçün real olaraq ciddi bir örnəkdir: “Almaniyanın ölkəmizdəki səfirinin vurğuladığı kimi, həqiqət də Avropanın bir çox yerlərində dini, milli zəmində ayrı-seçkilik getdikcə dərinləşməkdədir.  Xüsusən də ayrı-ayrı ölkələrin timsalında islamofobiyanın gücləndiyini müşahidə etməkdəyik. Bu da təbii ki, “köhnə qitə” üçün olduqca təhlükəli br təcrübənin əsasının qoyulması deməkdir”.
Deputat qeyd etdi ki, bu istiqamətdə Azərbaycanın təcrübəsindən yararlanmaq Avropaya xeyir gətirəcək: “Azərbaycanda mövcud olan multikulturalizm dəyərlərini yaxından öyrənib tətbiq etməyin Avropa üçün çox böyük faydası olacaq.
Digər tərəfdən, Azərbaycanda mövcud olan tolerantlıq ənənələrinin Avropanın istinad olaraq qəbul etməsi “köhnə dünya” ölkələrinin etnomilli təhlükəsizliyinin səmərəliliyi baxımından əhəmiyyətlidir.  Həqiqətən də, indiki vəziyyətdə Avropada bu istiqamətdə yeni baxışların sərgilənməsi, ona müvafiq addımların atılmasının zəruri olduğu özünü göstərməkdədir. Sözügedən müstəvidə səmərəli fəaliyyətin əsasında təbii ki, Azərbaycanın mövcud unikal təcrübəsi çıxış edə bilər.
Avropa ölkələri bu mənada Azərbaycanın təcrübəsindən yararlansa, bu birmənalı olaraq onların xeyrinə olacaq. Bu baş verərsə, Avropada da tolerantlıq ənənələrinin əsasının qoyulması üçün imkan yaranar. Avropa Azərbaycanda kimliyindən, hansı dinə, dilə, millətə məxsus olmasından asılı olmayaraq bütün vətəndaşların heç bir ayrı-seçkiliyə məruz qalmadan rahat şəkildə yaşayıb yaratdıqlarını görür.  Azərbaycanda məscidə hansı münasibət varsa, kilsəyə, sinaqoqa da eyni münasibət vardır. Bu hal dövlət siyasətində də özünü aydın şəkildə göstərməkdədir. Ölkəmizdə müxtəlif konfensiyaların, dinlərin, etnik qrupların nümayəndələri dövlətin bərabər qayğısı ilə əhatələnib. Onların təhlükəsiz şəraitdə yaşayıb-yaratmaları üçün hər cür şərait yaradılıb. Bu baxımdan Azərbaycan dünya üçün örnəkdir”.
R. SOLTANOV